Rəhman Hümmətov: "Bakıda avtobus zolaqlarının təşkilinə nail ola bilməmişik"

 27-10-2022

“Biz əgər vətəndaşlarımızın ictimai nəqliyyatdan mütəmadi istifadə etməsini istəyiriksə, ilk növbədə ən ucqar yerlərə belə nəqliyyat əlçatanlığı olmalıdır”.

“APA-Economics” xəbər verir ki, bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov bildirib.

“Digər tərəfdən ictimai nəqliyyatın müntəzəmliyi vacib məsələdir. Təəssüf ki, Bakıda avtobus zolaqlarının təşkilinə tam nail ola bilməmişik. Bu yolların kəsintisiz olması təşkil olunmayıb. Digər tərəfdən parklanma ilə bağlı sürücülər tərəfindən haqlı narazılıqlar var”, - deyə nazir müavini əlavə edib.

Rəhman Hümmətov onu da bildririb ki, ictimai nəqliyyat birmənalı olaraq gəlirli sahə deyil və ən yaxşı halda subsidiya ilə işləyir.

Onun sözlərinə görə, bu sahədə subsidiyalaşdırmanı həyata keçirmək üçün ictimai nəqliyyatın özünün gəlirlərindən istifadə olunur.

“Məsələn, 28 May və 20 Yanvar kimi nəqliyyat qovşaqlarının olduğu, insanların çox olduğu yerlərdə ticarət obyektlərinə böyük tələbat var. Bu cür qovşaqlarda bunu tətbiq edə bilsək, təbii ki, özəl sektordan söhbət gedir, ictimai nəqliyyat sektorunu inkişaf etdirmək mümkündür. Azərbaycanda ictimai nəqliyyatda qiymətlərin artırılması dövlət üçün ən arzuedilməz variantdır”, - nazir müavini bildirib.

"Nazirlik müxtəlif modellər üzərində iş aparır, aidiyyatı təklifləri müzakirə edir, güman edirik ki, ictimai nəqliyyatda qiymət artımı olmasa belə hansısa subsidiyalaşma mexanizmləri ola bilər. Başqa ölkələrin təcrübələrində görürük ki, ictimai nəqliyyat gəlirsiz bir sahədir", - deyə o qeyd edib.

Bundan başqa, nazir müavini bildirib ki, təkcə Bakıda deyil, bütün Abşeron yarımadasında əhalinin mobilliyinin təmin edilməsi üçün inteqrasiya edilmiş nəqliyyat sisteminə ehtiyac var: "Müxtəlif nəqliyyat növləri bir-birinin işini tamamlamalıdır. Bununla bağlı müəyyən araşdırmalar olub, kifayət qədər ciddi işlər görülüb. Əgər vətəndaşlarımızın ictimai nəqliyyatdan mütəmadi istifadə etməsini istəyiriksə, ilk növbədə ən ucqar yerlərə belə nəqliyyat əlçatanlığı olmalıdır".

Bənzər yazılar

0.13978099822998