“Report” İnformasiya Agentliyinin 8 yaşı TAMAM OLUR

 27-10-2022

Bu gün “Report” İnformasiya Agentliyinin fəaliyyətə başlamasından 8 il ötür.

Azərbaycanda azad mətbuatın fəaliyyəti üçün yaradılan münbit şərait, ictimaiyyətin onlayn xəbər resurslarına əlçatanlığının asanlaşmasını nəzərə alaraq, habelə ölkəmizin son illər genişmiqyaslı layihələrə qoşulması, mötəbər tədbirlərə ev sahibliyi etməsi barədə ictimaiyyətin daha dolğun informasiyalarla təmin olunması məqsədilə 2014-cü ildə “Report” İnformasiya Agentliyi onlayn media məkanında fəaliyyətə başlayıb.

Azərbaycan, rus və ingilis dillərində fəaliyyət göstərən “Report” ötən səkkiz il ərzində siyasət, iqtisadiyyat, cəmiyyət, idman, mədəniyyət və digər sahələr üzrə ölkədə və dünyada baş verən ən vacib hadisələri operativ şəkildə işıqlandıraraq, özünə geniş oxucu auditoriyası toplayıb.

“Report” gündəlik bülletenlər vasitəsilə də məlumatların abunəçilərə təqdim edilməsini həyata keçirir. Agentliyin dərc etdiyi məlumatlara abunə olan qurumlar və şəxslər www.report.az saytında gedən bağlı xəbərləri, analitik məlumatları oxumaq üstünlüyü qazanırlar.

Yarandığı gündən agentliyin qarşıya qoyduğu məqsəd ölkədə və dünyada baş verən ən vacib hadisələri öz oxucularına operativ şəkildə çatdırmaq, ictimai-siyasi, iqtisadi proseslərlə bağlı analitik materiallar təqdim etmək, gündəmin vacib hadisələri ilə bağlı eksklüziv müsahibə və açıqlamalar yaymaq, Azərbaycanda baş tutan irimiqyaslı tədbirləri foto, video reportajlar vasitəsilə işıqlandırmaqdan ibarət olub.

İlk gündən eksklüziv xəbərlərə üstünlük verən agentlik bütün yerli saytlar üçün etibarlı istinad mənbəyinə çevrilib. Hazırda “Report”un özəl xəbərlərini gün ərzində çoxlu sayda yerli və xarici mötəbər kütləvi informasiya vasitələri istinadla dərc edirlər.

“Report” agentliyinin fəaliyyətində Azərbaycanın Vətən müharibəsində qazandığı möhtəşəm Zəfərin, postmüharibə dövrünün həqiqətlərinin, o cümlədən də işğaldan azad olunan ərazilərdə görülən bərpa-yenidənqurma işlərinin, həyata keçirilən layihələrin ölkə və dünya ictimaiyyətinə çatdırılması xüsusi yer tutur. Bu məqsədlə il ərzində 24/7 formatında fasiləsiz çalışan Report.az saytında dərc olunan xəbərlər, şərhlər rus və ingilis dillərinə operativ şəkildə tərcümə olunur.

Hazırda “Report”un ölkə ərazisində müxbir postları mövcuddur, bölgələrin sosial-iqtisadi inkişafı ilə bağlı materialların hazırlanmasına xüsusi diqqət yetirilir. Agentliyin Rusiya, Türkiyə, Ukrayna, ABŞ və Fransada fəaliyyət göstərən xüsusi büroları isə həmin ölkələrdə baş verən mühüm hadisələri, Azərbaycanla həmin ölkələr arasında əlaqələrin inkişafı ilə bağlı məqamları, orada yaşayan azərbaycanlıların fəaliyyətini diqqətlə izləyir, müxtəlif səpkili yazılar hazırlayır.

Agentlik Azərbaycanda ixtisaslaşmış jurnalistlərin hazırlığına da töhfə verməyə davam edir. Media sahəsində peşəkar kadrlar yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaq məqsədilə agentlikdə Report Media Məktəbi fəaliyyət göstərir. Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi sayəsində onlarla gənc jurnalist “Report”da və digər KİV-də fəaliyyətə başlayıb.

Report.az mütəmadi olaraq beynəlxalq və yerli tədbirlərin informasiya dəstəkçisi kimi çıxış edir.

Onlayn medianın hər gün inkişaf edib dəyişdiyini nəzərə alaraq Report.az bundan sonrakı dövrdə də daim işini təkmilləşdirərək cəmiyyətin daha dolğun informasiya ilə təminatına çalışacaq.

Hazırda “Report” İnformasiya Agentliyi “Global Media Group” şirkətinin tərkibinə daxildir.

Milletinsesi.info kollektivi həmkarlarını təbrik edir, işlərində daha böyük nailiyyətlər arzulayır.

Bənzər yazılar

0.21325898170471