Sahib Bəkir: “Məqsəd ortaq türk valyutası və ordusunun yaradılmasıdır”

 24-10-2022

Ortaq türk əlifbasının yaradılması ideyası 15 ilə yaxındır ki, müzakirə olunur. Onun hələ 2012-ci ildə hazırlanacağına dair çoxlu məlumatlar var idi. İndi bu mövzu yenidən aktuallaşıb. Türkiyənin Bursa şəhərində türk dünyasının ortaq əlifbası mövzusunda seminar keçirilib. Seminarda vahid əlifbanın yaradılması üzrə komissiyanın formalaşdırılması ilə bağlı qərar Türk Dövlətləri Təşkilatına (TDT) təqdim edilib.

Qeyd olunur ki, “türk dövlətlərinin dil birliyi və ortaq əlifbaya keçidi prosesini sürətləndirmək üçün” hər ölkədən iki nümayəndənin daxil olduğu komissiya yaradılıb. İlk görüş Qırğızıstanda baş tutacaq. “Anadolu”nun məlumatına görə, daha sonra komissiya vahid əlifba ilə bağlı hesabatı qurumun Ağsaqqallar Şurasına təqdim edəcək. Xatırladaq ki, TDT-yə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan daxildir.

Türkiyəli analitik və jurnalist, “Türkiyənin səsi” “Telegram” kanalının yaradıcısı Sahib Bəkir -a müsahibəsində qeyd edib ki, ortaq türk əlifbası lazımlıdır, çünki bu, türk xalqlarının daha sıx əməkdaşlıq etməsinə imkan verəcək.

“Bir-birimizi başa düşmək bizi daha da yaxınlaşdıracaq. Əlifbanın yaradılmasında hər hansı ciddi çətinlik olmamalıdır. Artıq bir çox türk ölkələri “türk ləhcəli” latın əlifbasından istifadə edirlər. Təbii ki, fərqlər var, amma o qədər də əhəmiyyətli deyil ki, vahid əlifbanın yaradılmasına maneə törətsin”, - deyə Sahib Bəkir bildirib.

- Yeri gəlmişkən, türk dövlətlərində artıq türk tarixi ilə bağlı ümumi dərsliklər meydana çıxır. Gələcəkdə Türk Dövlətləri Təşkilatı çərçivəsində ortaq valyutanın, hətta ortaq silahlı qüvvələrin yaranması mümkündürmü?

- Hesab edirəm ki, əsas məqsəd də budur. Türk dünyasının get-gedə necə birləşdiyini müşahidə edirik. Bunu bugünkü beynəlxalq reallıqlar tələb edir, çünki yeni çağırışlar meydana çıxır. Türk dünyasının qlobal proseslərdə fəal iştirak edə bilməsi, müxtəlif təhdidlərdən müdafiə oluna bilməsi üçün həm iqtisadi, həm də hərbi cəhətdən vahid birlik olmalıdır. Demoqrafiya, iqtisadiyyat, hərbi-texniki güc baxımından türk dünyasının ən güclü ölkəsi Türkiyədir. Digər dövlətlər nəzərəçarpacaq dərəcədə geri qalır. Türk xalqlarının və dövlətlərinin coğrafi mövqeyini nəzərə alsaq, onların daha böyük qonşuları - İran, Rusiya, Çin tərəfindən təhlükə ilə üz-üzə olduqlarını güman etmək olar. Bizim təhlükəli bölgəmiz var. Görün bu gün Rusiya Ukraynanı necə dağıdır, Çində uyğur qardaşlarımızı necə məhv edirlər. Sabah başqa ölkələr və xalqlar, o cümlədən türklər də böyük oyunçuların qurbanına çevrilə bilərlər.

Türklər elə həmin Orta Asiyada parçalandıqları zaman tezliklə Rusiya imperiyasının, sonra isə SSRİ-nin hakimiyyəti altına düşdülər. Uyğurlar isə Çinin boyunduruğu altına girdilər. Bunun gələcəkdə baş verməməsi üçün türk dövlətlərinin birləşməsi zəruridir. Dövlətlərimizin ərazisindən ən mühüm marşrutlar keçib və keçməkdə də davam edir. Bizim çoxlu təbii sərvətlərimiz var. Hazırda da “Yeni İpək yolu” layihəsinə nəzər salsaq, onun bütün quru yollarının türk ölkələrindən keçdiyini  görərik.

Türklər tarixdə yaşananlardan dərs götürməli və nə qədər təhlükəli bir bölgədə yaşadığımızı başa düşməlidirlər. Türk dünyasının birliyi böyük oyunçulardan gələ biləcək təhlükələrdən qurtuluş yoludur. Görün Türkiyə və Azərbaycan tandemi özünü necə mükəmməl göstərdi. Azərbaycan İkinci Qarabağ müharibəsi zamanı Ermənistanın işğal etdiyi əraziləri azad edərkən Ankaranın siyasi dəstəyi digər ölkələrin, ilk növbədə İranın müharibəyə müdaxiləsinə imkan vermədi. Nəticədə Azərbaycan Qarabağı öz nəzarəti altına qaytarmağa nail oldu. Bu, digər türk dövlətləri, xüsusən də Orta Asiyada yüksək qiymətləndirildi.

Əminəm ki, türk inteqrasiyası daha fəal şəkildə davam edəcək. İqtisadi faktoru götürək. Ölkələrimizin iqtisadiyyatda öz güclü və zəif tərəfləri var. Türkiyənin güclü istehsal gücü var, amma təəssüf ki, resurslar, xüsusilə enerji resursları baxımından zəifdir. Halbuki Azərbaycan, Türkmənistan və Qazaxıstan təbii ehtiyatlarla, xüsusilə enerji ehtiyatları ilə zəngindir, lakin istehsal sektorunda geriləmə var. Əgər güclərimizi birləşdirsək, güclü iqtisadi birlik yarada bilərik. Təsəvvür edin ki, Türkiyə və Özbəkistanın istehsal gücündən, Azərbaycan, Qazaxıstan və Türkmənistanın enerji gücündən istifadə etməklə, bir-birimizin inkişafına dəstək göstərməklə, üstəlik də ortaq güclü valyutaya (avro nümunəsi ilə), ortaq orduya malik olmaqla (NATO-da olduğu kimi) nələrə nail ola bilərik. Türk dünyası yeni çoxqütblü dünyanın mərkəzlərindən birinə çevrilə və dünya gündəminə fəal dərəcədə təsir göstərə bilər.

Nair Əliyev

Bənzər yazılar

0.2034170627594