“44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə İLK GÖRÜŞ BAŞ TUTUB

 17-10-2022

Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı (ATGTİ) və “Böyük Qayıdış” Gənclər Təşkilatının birgə təşkilatçılığı ilə oktyabrın 17-də “44 Günlük Dastan” layihəsi çərçivəsində tələbələrlə ilk görüş keçirilib.

Milletinsesi.info xəbər verir ki, Azərbaycan Dövlət İqtisad Universitetində baş tutmuş görüşdə dövlət himni səsləndirildikdən sonra şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbir universitetin Biznes və menecment fakültəsinin dekanı Mirağa Əhmədov, Azərbaycan Respublikası Gənclər Fondunun Gənclərlə iş şöbəsinin müdiri Faiq Məmmədov, ATGTİ-nin sədri Pərviz Mirələmli və “Böyük Qayıdış” Gənclər Təşkilatının icraçı direktoru Nail Şükürovun çıxışları ilə davam edib.

Tələbələr və gənclər arasında qəhrəman qazi və döyüşçülərimizin tanıdılması məqsədilə həyata keçirilən görüşdə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın ərazi bütövlüyünün təmin edilməsi uğrunda canlarını fəda etmiş qəhrəman əsgər və zabitlərimizin xatirəsi hörmət və ehtiramla anılıb, tarixi zəfərimizin qazanılmasında onların göstərdikləri şücaət və fədakarlıq yad edilib.

Daha sonra tədbirin qonağı olan Vətən müharibəsi qaziləri - Əhliyət Mehdiyev, Vüqar Məmmədov, Mönsüm İsgəndərov və Cavid Nurullayev çıxış edib, keçdikləri döyüş yolu və 44 günlük Vətən müharibəsi dövründə yaşadıqları hadisələri gənclərlə bölüşüblər.

Vətən müharibəsinin qaziləri ilə keçirilmiş panel görüşdən sonra baş tutmuş sual-cavab sessiyasında igidlərimiz cəbhədəki uğurlarımızın ən başlıca səbəbi kimi Ali Baş Komandan İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik və döyüşçülərimizin ruh yüksəkliyinin olduğunu qeyd etməklə tələbələrin suallarına ətraflı cavablar veriblər.

Qeyd edək ki, layihə çərçivəsində paytaxt və regionlarda yerləşən böyük tələbə auditoriyasına malik ali təhsil müəssisələrinin tələbələri ilə Vətən müharibəsində şücaət göstərmiş gənc qazilərimizin görüşləri mütəmadi əsasda davam edəcəkdir.

 

Bənzər yazılar

0.20547103881836