Dövlətin məcburi köçkünlərə verdiyi evlər onlardan NİYƏ ALINIB?

 13-10-2022

Oktyabrın 11-də məcburi köçkünlər Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin inzibati binasının qarşısında evlərindən çıxarılmaları ilə bağlı etiraz ediblər.

Bu barədə sosial şəbəkələrdə görüntülər yayılıb.

Şuşa şəhərindən məcburi köçkün Sədirzadə Gülşən evinin möhürləndiyini və ora buraxılmadığını bildirib:

“İmkanım yoxdur, kommunal işlətməmişəm. Mənim su işlətməməyə, işıq yandırmamağa ixtiyarım var?! 3 yetim saxlayıram. Uşağı xəstəxanaya aparmışam, əməliyyat olunub. Əməliyyatdan çıxıb gəlmişəm ki, evimi bağlayıblar, plomblayıblar. Gecə harda qalım? İndi də başlarından edirlər. Deyirlər ki, bu vaxta qədər harda qalmısan, yenə orda qal. 3 gün işə getmədim, işdən də çıxardılar”.

Dövlət Komitəsinin Mətbuat xidməti həmin şəxslərin müraciətləri ilə əlaqədar aparılan araşdırmanın nəticələri ilə bağlı cavablandırıb.

Bildirilib ki, etirazçılar onlara təqdim edilən evlərdə yaşamadıqları üçün Dövlət Komitəsi ilə bağlanan müqaviləyə xitam verilib:

“Etirazçılardan biri - Şuşa şəhərindən məcburi köçkün Sədirzadə Gülşən Səid qızı 2021-ci ildə Bakı şəhəri Sabunçu rayonunun Pirşağı qəsəbəsində yerləşən “Qızılqum sanatoriyası”ndan məcburi köçkün ailələrinin köçürülməsi zamanı Sabunçu rayonunun Ramana qəsəbəsində yeni istifadəyə verilmiş yaşayış kompleksində ikiotaqlı mənzillə təmin edilib. Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin yaşayış kompleksinə xidmət edən mənzil kommunal-istismar sahəsinin (MKİS) əməkdaşlarının müntəzəm apardıqları müşahidə və baxış-yoxlama tədbirləri zamanı G.Sədirzadənin mənzildə yaşamadığı müəyyən edilib. Yaşayış sahəsinin təqdim edildiyi 2021-ci ilin may ayından bu günədək qeyd edilən mənzilin sayğac göstəriciləri (elektrik, qaz və su üzrə) sıfır olub. O özü də ötən gün Dövlət Komitəsində qəbulda olarkən mənzildə yaşamadığını etiraf edib.

Mövcud qanunvericiliyə əsasən, xüsusi təyinatlı yaşayış sahəsinin kirayəçisi və ailə üzvləri yaşayış sahəsində fasiləsiz olaraq 3 aydan artıq müddətdə üzrlü səbəb olmadan yaşamadıqda kirayə müqaviləsinə Dövlət Komitəsi tərəfindən xitam verilir. Bu səbəbdən, əvvəlcədən xəbərdarlıq edilməklə, G.Sədrizadə ilə imzalanmış müqaviləyə xitam verilib və ona məxsus mənzil məcburi köçkün şəhid ailəsinə təqdim edilib.

Digər etirazçı - Ağdam rayonundan məcburi köçkün Hacıyeva Şəbnəm Telman qızının tək ana olması və müvəqqəti məskunlaşma yerində pis şəraitdə yaşaması, özünün ağır xəstə olması nəzərə alınaraq Dövlət Komitəsi tərəfindən ona Bakı şəhərinin Qaradağ rayonundakı Müşfiqabad qəsəbəsində məcburi köçkünlər üçün salınmış yaşayış kompleksində birotaqlı mənzil təqdim olunub. Həmin mənzil 2017-ci ildə Füzuli rayonundan məcburi köçkün Əmirov Elgün Məzahir oğluna müvəqqəti məskunlaşma üçün verilib.

Lakin o, həmin mənzildə yaşamayıb və onu qeyri-qanuni şəkildə başqa şəxslərə kirayəyə verib. Bu səbəbdən Dövlət Komitəsi ilə Elgün Əmirov arasında bağlanmış kirayə müqaviləsinə qanunvericiliyə uyğun olaraq xitam verilib. Mənzil boşaldıb Ş.Hacıyevaya təqdim edərkən isə əvvəlki məcburi köçkünün qohumları buna mane olmağa cəhd göstəriblər. Buna baxmayaraq, hazırda mənzil qanuni olaraq Ş.Hacıyevaya veriləcək, Dövlət Komitəsi tərəfindən onun mənzildə yerləşdirilməsi təmin ediləcək.

Bir daha xatırladırıq ki, məcburi köçkünlərin onlara verilən mənzillərdən mövcud qaydalara uyğun istifadə etməsinə nəzarət Dövlət Komitəsinin müvafiq strukturları tərəfindən həyata keçirilir, müntəzəm monitorinqlər, baxış-yoxlama tədbirləri təşkil olunur. Mövcud qanunvericiliyin pozulması halları aşkar edildikdə, məcburi köçkünə əvvəlcədən xəbərdarlıq olunmaqla, bağlanmış müqaviləyə xitam verilir”.

Bənzər yazılar

0.19774794578552