Oğuzda - 2 saylı Xaçmaz kənd orta məktəbində yeniyetmənin məktəbdən qanunsuz uzaqlaşdırıldığı deyilir. Bu barədə Arqument.az-a şagird Əfsanə Süleymanlının yaxınları məlumat verib.
Onlar deyirlər ki, bu barədə məktəbin rəhbərliyi ailəyə heç bir məlumat verməyib. Bildirilir ki, məktəbin direktoru Eyvaz Hacıyev ötən dərs ilinin sonunda - avqust ayında məktəbin IX sinfi bitirmiş şagirdlərin 9 illik attestatını onların evlərinə göndərib. İnternet olmadığı üçün onun ailəsi bundan bir neçə gün gec xəbər tutub.
I rübdən sonra şagird xəbər tutub ki, adı jurnalda yoxdur...
Şagirdin XI sinifdə təhsil alan bacısı şəhadətnaməni təhvil almağa gedib. Şəhadətnaməni şəxsən direktor Eyvaz Hacıyev özü ona təqdim edib:
"O, direktordan soruşub ki, müəllim, bacım XI sinfə qədər oxuyacaq, siz şəhadətnaməni niyə bizə verirsiniz? O da deyib ki, narahat olma, bu verilməlidir, təhsilini davam etdirməyə aidiyyəti yoxdur. Bu məsələdən sonra yeni dərs ilində - 2021-ci ilin sentyabrında dərs başlayan zaman Süleymanlı Əfsanə Araz qızı məktəbin X sinfinə gedib.
Yanvarın sonunda I yarımil yekununa kimi Əfsanədən məktəbdə hamı üçün toplanan summativ, odun pulu da alınıb. Həmçinin o, digər yoldaşları kimi bütün KSQ-lərdə iştirak edib. Yarımil qiymətləri jurnala köçürülən zaman bütün fənn müəllimləri şagird Süleymanlı Əfsanəyə bildiriblər ki, onun adı jurnalda yoxdur".
"Bir faktı da nəzərinizə çatdıraq ki, həmin sinif IX kimi 24 şagirddən ibarət olsa da, X sinifdə onlar 11 və 13 şagird olmaqla 2 sinfə ayrılıblar. Şagird adı jurnalda olmadığını deyən müəllimlərə cavab olaraq bildirib ki, yəqin ki, adı digər sinfin jurnalında yazılıb. Amma yanılıb".
Adını heç bir jurnalda tapa bilməyən Əfsanə evə gedib və vəziyyəti valideynlərinə danışıb.
Bildirilir ki, Süleymanlı Əfsanənin atası və anasının sağlıq durumunda problem var. Onlar düşünürlər ki, direktor bu vəziyyətdən sui-istifadə edib. Yəni valideynə və yaxınlarına məlumat vermədən şagirdi məktəbdən azad edib.
"Direktor özünə haqq qazandırmaq üçün şagirdin anasına - Mahiyə Süleymanlıya belə deyib: "Düşündüm ki, qızı oxutmayacaqsınız", - deyə məlumatda qeyd olunur.
Təhsil Nazirliyi direktorun "qanunu"na boyun əyir, bəs "Təhsil haqqında" Qanun?
"Maraqlı məqam isə budur ki, təhsil qanununa əsasən, bir şagirdin IX sinifdən icbari təhsilinə davam etməməsi üçün valideynin yazılı surətdə məktəb rəhbərinə əsaslandırılmış ərizəsi, müraciəti təqdim olunmalıdır. Görünür, direktor özü-özünə belə bir ərizə ilə müraciət edib. Yəni direktor Azərbaycan Konstitusiyasının və "Təhsil haqqında" Qanunun tələblərini kobud şəkildə pozub", - deyə şikayətçilər bildiriblər.
Konstitusiyanın 42-ci maddəsində deyilir ki, hər bir vətəndaşın təhsil almaq hüququ var və dövlət pulsuz icbari ümumi orta təhsil almaq hüququnu təmin edir.
Ailə deyir ki, müraciəti cavabsız qalıb...
Ailə məsələ ilə bağlı Oğuz rayon təhsil şöbəsinin müdiri Anar Məcidova müraciət edib: "Mart tətilindən sonra 30 mart 2022-ci ildə məktəb direktoru Eyvaz Hacıyev şagirdin anası ilə söhbət aparıb. Deyib ki, Təhsil Nazirliyi ilə onlayn görüş keçirilib, müzakirədən sonra da məsələ həllini tapmayıb. Yəni şagirdin təkrar məktəbə dönüşü imkansızdır və bir daha mümkün deyil. Mahiyə xanıma məsləhət görüb ki, mən də kömək edim, övladınızı repetitor hazırlığına yollayaq, imtahandan keçib harasa qəbul olunsun. Amma valideyn bu təklifləri rədd edib, övladının məktəbdə təhsil almağını istədiyini deyib".
Ailə Təhsil Nazirliyinə müraciət etsə də, məsələ həllini tapmayıb. Bildirilir ki, məktəb direktoru Təhsil Nazirliyini də verdiyi qanunsuz qərar inandıra bilib: "Eşitdik ki, nazirlikdən soruşublar. Direktor da deyib ki, şagird məktəbə gəlirsə, nə edim, polislə qovum? Hətta bununla da təsdiqləyib ki, şagird bir dərs rübü məktəbə hər gün gedib".
"Açığı bilmirik ki, bu məktəb direktorudur, ya 2 saylı məktəb direktorundur? Niyə öz şəxsi mülkü kimi baxmalıdır məktəbə? Belə qanunsuzluq olar? Bir şagirdin arzu və xəyalları kiminsə qanunsuz əməllərinə qurban getməlidir?"
"Şagirdlərin qəbulu elektron qydada həyata keçirilir, müraciət etməyiblər"
2 saylı Xaçmaz kənd orta məktəbininin direktoru Eyvaz Hacıyev iddiaları təkzib edib.
O, bildirib ki, şagirdin ailəsi onun təhsilini davam etdirməsi üçün elektron qaydada müraciət etməli idi, amma ailə həmin müddətdə heç bir müracət etməyib:
"Bəli, 9 illik təhsillə bağlı attestatı bacısına vermişəm. Həmin şagirdin bacısı bizim məktəbin 11-ci sinfində oxuyur. Amma qayda var: əgər şagird 9 illik təhsildən sonra təhsilini davam etdirmək istəyirsə, onlayn qaydada elektron müraciət edilməlidir. Bunlar isə həmin müddətdə müraciət etmədilər. Şagirdin qiymətləri də aşağı idi. Düşündük ki, müraciət etməyib və təhsilini davam etdirmək istəmir, ona görə də Pedaqoji Şuranın qərarı ilə onu məktəbdən uzaqlaşdırdıq. Yeni dərs ilində gəldi ki, davam etmək istəyirəm. Biz də izah etdik ki, sistemdə adınız yoxdur, mümkün deyil. Yəni bu, bizdən asılı olmayıb".
Direktor deyir ki, şagirdin valideyni onun dərslərdə iştirak etməsini xahiş edib: "Dedilər ki, repititor tutmağa imkanımız yoxdur, qoy əlavə məşğələ kimi dərslərdə iştirak etsin. Sonra da 9 illk attestatla orta ixtisas məktəblərinə sənəd versin. Biz də müəllimlərdən xahiş etdik ki, kömək məqsədilə onun dərslərdə iştirakına şərait yaratsınlar. Onun dərslərdə iştirakı qeyri-qanuni olsa da, biz məhz kömək məqsədilə etmişik bunu. Özü də bilib ki, məktəbə bərpası mümkün deyil. Ailəsinə də izah etmişəm. Əgər deyirlərsə, elektron müracətlə bağlı məlumatsızıq, düz demirlər. Axı həmin şagirdin bacısı da bizim məktəbin 11-ci sinfində oxuyur, onu necə qeydiyyata salmışdılar? Biz heş bir qanunsuzluq etməmişik, səhlənkarlıq özlərində olub".
Mənbə Arqument.az