Bu gün Vəhdət Partiyasının İmişli rayon təşkilatının növbəti konfransı keçirilib.
Tədbirdə Vəhdət partiyasının Təşkilati İşlər şöbəsinin müdiri Zahir İbrahimli,MNTK sədrinin müavini Habil Hümbətov, partiyanın Nəsimi rayon təşkilatının sədri Ağalar Cavadov, İmişli rayon təşkilatının üzvləri, fəallar və nümayəndələr iştirak ediblər.
Konfransda partiyanın yerli strukturlarının fəaliyyəti, qarşıda duran vəzifələr, eləcə də təşkilati məsələlər ətrafında geniş müzakirələr aparılıb.
Konfransın əsas gündəm məsələlərindən biri rayon təşkilatına yeni sədrin seçilməsi olub.
Açıq və şəffaf şəkildə keçirilən səsvermənin nəticələrinə əsasən Sənan Kərimov Vəhdət Partiyasının İmişli rayon təşkilatının sədri seçilib.
Yeni sədr çıxışında ona göstərilən etimada görə, Vəhdət partiyasının sədri Adəm İsmayıl Bakuviyə və konfrans iştirakçılarına təşəkkür edib, partiyanın rayon səviyyəsində fəaliyyətinin daha da gücləndiriləcəyini, ictimai-siyasi proseslərdə fəal iştirakın təmin olunacağını bildirib.
Konfransda həmçinin, partiyanın ali idarəetmə orqanı olan Baş Məclisə nümayəndələrin seçilməsi məsələsinə baxılıb.
Qəbul edilən qərara əsasən Sənan Kərimov və Seymur Qurbanov Baş Məclisə nümayəndə seçiliblər.
Onların partiyanın ümumi siyasətinin formalaşdırılmasında və qərarların qəbulunda fəal iştirak edəcəyi vurğulanıb.
Tədbir çərçivəsində Nəzarət-Təftiş Komissiyasının yeni üzvləri də seçilib. Bu addım partiya daxilində maliyyə və təşkilati intizamın daha da möhkəmləndirilməsi, şəffaflığın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Konfrans iştirakçıları çıxışlarında Vəhdət Partiyasının regionlarda təşkilatlanmasının vacibliyini, gənclərin və fəal üzvlərin proseslərə daha geniş cəlb olunmasının əhəmiyyətini xüsusi qeyd ediblər.
Bildirilib ki, qəbul olunan qərarlar partiyanın İmişli rayonunda fəaliyyətinin yeni mərhələyə qədəm qoymasına, ictimai-siyasi nüfuzunun artmasına xidmət edəcək.































