Vəhdət Partiyasının Salyan rayon təşkilatının sədri Sahil Rəhimov
Son zamanlar bütün sahələrdə olduğu kimi, siyasi partiyalarda da gəncləşmə prosesi gedir. Qocaman siyasətçilər bu prosesi düzgün qiymətləndirərək gənc siyasətçilərə yol açırlar. Bu müsbət tendensiya Vəhdət Partiyasında da başlanıb.
Bu ilin iyun ayında partiyanın növbədənkənar VI qurultayı keçirildi. Qurultayda Vəhdət Partiyasının uzun illər sədri olmuş Tahir Kərimli istefa verdi. Qurultay nümayəndələri isə yekdilliklə Adəm İsmayıl Bakuvini partiya sədri seçdilər.
Adəm müəllimin sədr seçilməsi partiyaya yeni nəfəs gətirdi. Əslində məqsəd də məhz bu idi: gənc və enerjili sədrin partiyanı illərlə davam edən durğunluqdan çıxararaq aktiv siyasi fəaliyyətə cəlb etməsi. Qurultay iştirakçılarının bu gözləntiləri qısa zamanda özünü doğrultdu.
Adəm İsmayıl Bakuvi qısa müddət ərzində dağılmış rayon təşkilatlarını bərpa etdi, partiyaya yeni üzvlərin cəlb olunması istiqamətində ardıcıl və sistemli işlər apardı.
Demək olar ki, yox səviyyəsində olan mətbuat xidməti gücləndirildi, partiyanın ictimai və siyasi mövqeyi daha aydın və fəal şəkildə cəmiyyətə çatdırıldı.
Bununla yanaşı, ölkənin siyasi həyatında yaxından iştirak edilməyə başlandı, vaxtilə partiyadan uzaq düşmüş vəhdətçilərin geri qayıdışı təmin olundu, ölkədə və dünyada tanınmış simalar Vəhdət Partiyasına cəlb edildi.
Adəm İsmayıl Bakuvinin ilk gündən müəyyənləşdirdiyi siyasi xətt ölkə rəhbərliyinin yürüdüyü siyasi yolu dəstəkləmək oldu. Bu mövqe hər bir azərbaycanlı kimi bizi də sevindirdi.
Təəssüf ki, yeni sədrin dövlətimizə və dövlətçiliyimizə olan bu açıq sədaqəti bəzi özünü “demokrat” adlandıran dairələrin xoşuna gəlmədi. Onlar özlərini süddən çıxmış ağ qaşıq kimi göstərməyə çalışaraq əsassız ittihamlara əl atdılar.
Halbuki, Vəhdət Partiyası fəaliyyət göstərdiyi dövrdə heç vaxt bu son altı ayda olduğu qədər inkişaf etməmiş, bu qədər dəyərli simanı öz ətrafında birləşdirə bilməmişdi.
Vaxtilə partiyanın inkişafında əməyi olmuş bəzi ziyalıların və ağsaqqalların üz döndərdiyi bir təşkilata bu gün tanınmış siyasətçilər, dövlət xadimləri və ziyalılar könüllü şəkildə qoşulurlar. Çünki hər kəs Vəhdət Partiyasının işıqlı sabahını aydın şəkildə görür.
Sözümü bir el məsəli ilə bitirmək istəyirəm: “Bir kəsə çirkab atmadan əvvəl, öz əllərinin çirkaba batıb-batmadığını düşün.”






































