>

12 dekabr – Ulu Öndər Heydər Əliyevin anım günü

 12-12-2025
12 dekabr xalqımızın yaddaşında sadəcə təqvim tarixi deyil.
 
Bu gün xalq öz xilaskarını, dövlətçiliyimizin memarını, müasir Azərbaycanı yaradan Ulu Öndər Heydər Əliyevi ehtiramla anır və xatırlayır.
 
Hər il bu tarix yaxın keçmişimizin ən ağrılı, amma eyni zamanda ən qürurlu səhifələrini yenidən göz önünə gətirir.
 
Heydər Əliyev Azərbaycan üçün sıradan bir lider deyildi. O, millətin taleyinə təsadüf kimi yox, xilaskar missiyası ilə gəlmiş bir şəxsiyyət idi.
 
Müstəqilliyin ən ağır çağında parçalanmaq təhlükəsi ilə üz-üzə qalan, küçələrində xaos dolaşan, vətəndaş müharibəsinin astanasında dayanan bir ölkəni ayaqda saxlayan iradə məhz onun iradəsi idi.
 
O dövrün hadisələrini yaşayan hər kəs yaxşı bilir: Azərbaycanın taleyi bir saata, bir imzaya, bir səhlənkarlığa belə sığa biləcək qədər təhlükəli idi. Və o anda ölkəni uçurumdan geri çəkən əllər Heydər Əliyevin əlləri oldu.
 
Heydər Əliyevin qurduğu dövlətçilik modeli bir məktəbdir – ağır günlərdə güc tapmağı, ümidsizlik içində yol görməyi, qarşıdurmaların içindən sabitlik yaratmağı öyrədən bir məktəb.
 
Onun yaratdığı siyasi xətt xalqın özünə inamını geri qaytardı. Məhz buna görə Ulu Öndərin “Azərbaycan dünyaya günəş kimi doğacaq” sözləri bu gün sadəcə sitat yox, gerçəkləşmiş bir proqnoz, həyata keçmiş bir reallıqdır.
 
Bu gün Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilibsə, bu inkişafın kökü məhz Heydər Əliyevin uzaqgörən siyasətindədir.
 
Onun qurduğu enerji diplomatiyası, balanslı xarici siyasət xətti, dövlət idarəçiliyində sarsılmaz sistem – bunlar müasir Azərbaycanın dayaqlarıdır.
 
O dayaqlar sayəsində ölkəmiz bu gün qlobal siyasi xəritədə nüfuz sahibi bir mərkəz, regionda sabitlik və əməkdaşlıq ünvanıdır.
 
Heydər Əliyevin irsi yalnız tarix kitablarında qalmadı. Bu irs daim yaşayır və dövlət idarəçiliyinin hər addımında özünü göstərir.
 
Prezident İlham Əliyevin apardığı siyasət isə həmin irsin müasir dövrə uyğun şəkildə yüksəlişi, inkişafı və daha böyük hədəflərə aparılmasıdır.
 
Azərbaycanın iqtisadi gücü, beynəlxalq nüfuzu, Qarabağ Zəfəri və ölkəmizin yeni geosiyasi mövqeyi – bütün bunlar Ulu Öndərin əsasını qoyduğu yolun məntiqi davamıdır.
 
12 dekabr – təkcə bir insanın xatirəsi deyil.
 
Bu gün bir xalqın taleyini dəyişmiş böyük bir şəxsiyyətə minnətdarlıq günüdür.
 
Xalqımız hər il Heydər Əliyevi anmaqla öz keçmişinə, bu gününə və gələcəyinə sahib çıxır.
 
Bu sahiblik isə bu xalqın ən böyük gücüdür.
 
Dərin hörmət və ehtiramla
Tahir Abbaslı

Bənzər yazılar

0.1125910282135