Vəhdət Partiyasının Salyan rayon təşkilatının sədri Sahil Rəhimov
XX əsrin 80-ci illərinin sonu və 90-cı illərinin əvvəlləri Azərbaycan xalqının yaddaşına ağır, keşməkeşli bir dövr kimi həkk olunub.
Ölkədə xaos hökm sürür, yenicə formalaşan hakimiyyət idarəetməni təmin edə bilmir, iqtisadi və siyasi əlaqələr tamamilə dağılmışdı.
Ən ağrılısı isə Qarabağda şiddətli döyüşlərin getməsi, hər gün bir neçə şəhid xəbərinin gəlməsi idi.
Xalqın ümid yeri təkcə bir adla — Heydər Əliyevlə bağlı idi. Hamı anlayırdı ki, ölkəni bu fəlakətdən xilas edə biləcək yeganə siyasi lider məhz odur.
Nəhayət, xalqın təkidli tələbini nəzərə alan Heydər Əliyev Naxçıvandan Bakıya gəldi. Bu elə bir dövr idi ki, ölkədə idarəçilik sıfıra enmiş, heç kim heç kimə tabe deyildi.
Axşam yatıb, səhər oyananda müxtəlif mənşəli, heç kimin tanımadığı “liderlər”in meydanda peyda olması adi hala çevrilmişdi. Dövlətçilik məhv olmaq üzrə idi.
Heydər Əliyev prezident seçildikdən sonra dərhal ölkənin xilası üçün qəti addımlar atdı. İlk olaraq atəşkəsə nail oldu, davam edən qanlı döyüşlərin qarşısını aldı. Ardınca qonşu dövlətlərlə pozulmuş siyasi və iqtisadi əlaqələri bərpa etdi, Azərbaycanın beynəlxalq nüfuzunu artırmağa başladı.
Bir dövlət kimi uçurumun kənarında dayanan Azərbaycan, Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində yenidən dirçəlməyə başladı və sabitlik, inkişaf mərhələsinə qədəm qoydu.
Bu günlər Ulu Öndər Heydər Əliyevin anım günüdür. O, Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış, dövlətimizi məhv olmaqdan xilas etmiş dahi şəxsiyyətdir.
Ruhun şad olsun, Ulu Öndər!






































