>

Vəhdət Partiyasının ikinci baharı başlanır

 10-12-2025

Vəhdət Partiyasının Salyan rayon təşkilatının sədri Sahil Rəhimov

Hər kəsə məlum olduğu kimi, bu ilin 14 iyununda keçirilən Vəhdət Partiyasının növbədənkənar VI qurultayı partiyanın siyasi tarixində mühüm dönüş nöqtəsi oldu.

Qurultayda təşkilata uzun illər rəhbərlik etmiş, üç çağırış Milli Məclisin deputatı olmuş, Tahir Kərimli yaş amili ilə bağlı olaraq, sədrlikdən istefa verdiyini bəyan etdi.

Qurultay iştirakçıları Tahir Kərimlinin istefasını yekdilliklə qəbul edərək, onun partiya və dövlət qarşısındakı xidmətlərini yüksək qiymətləndirdilər.

Səsvermənin nəticəsinə əsasən, Vəhdət Partiyasının sədri vəzifəsinə Adəm İsmayıl Bakuvi seçildi.

Yeni sədr ilk çıxışında göstərilən etimada görə, qurultay nümayəndələrinə təşəkkür edərək, partiyanı daha dinamik, daha çevik və daha təsirli bir siyasi qüvvəyə çevirmək üçün var gücü ilə çalışacağını bəyan etdi.

Qısa zaman ərzində Adəm İsmayıl Bakuvinin rəhbərliyi öz bəhrəsini verməyə başladı. Uzun müddət zəifləyən bir sıra rayon təşkilatları yenidən bərpa edildi, partiyanın strukturlarında canlanma yarandı, fəaliyyətə yeni nəfəs gəldi.

Artıq Vəhdət Partiyası özünün yeni qərargahında ölkənin tanınmış siyasətçiləri, ziyalıları, Vətən müharibəsi qaziləri və hərbiçiləri ilə mütəmadi görüşlər təşkil edir. Aparat işçiləri isə rayon təşkilatları ilə davamlı əlaqə saxlayaraq, onlara lazımi dəstək, tövsiyə və metodiki yardım göstərirlər.

Vəhdət Partiyası tarixən mərkəzçi mövqeyini qoruyub saxlayan, daxilində mehribanlıq və həmrəylik mühitini yaşatmağı bacaran siyasi təşkilat kimi tanınıb. Bu ənənə bu gün də davam etdirilir, vəhdətçilik ideyası daha güclü şəkildə möhkəmləndirilir.

Partiyanın hər bir üzvü ölkə rəhbərinin həyata keçirdiyi daxili və xarici siyasəti ürəkdən dəstəkləyir, dövlətçiliyimizin möhkəmlənməsi yolunda Ali Baş Komandanın yanında dayanmağı özünə şərəf bilir.

Bütün bu amillər bir daha sübut edir ki, Vəhdət Partiyası həqiqi mənada öz “ikinci baharına” qədəm qoyur. Təşkilat yeni enerji, yeni vizion və yeni liderliklə siyasi arenada daha fəal mövqe sərgiləməkdədir.

Bu möhtəşəm yolda bütün vəhdətçilərə uğurlar arzulayıram.

Bənzər yazılar

0.11553192138672