Elmar Məmmədyarov gəlininin erməni əsilli olması ilə bağlı iddialara CAVAB VERDİ - VİDEO

 01-04-2022

“Övladımın həyat yoldaşının erməni əsilli olması ilə bağlı yayılan məlumatlar düzgün deyil. Onlar Nyu-Yorkda bir yerdə oxuyublar”.

MillətinSəsi.info xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-də yayımlanan “Üzbəüz” verilişində qonaq olarkən deyib.

E.Məmmədyarov kiçik oğlunun xarici ölkədə baş tutan toy mərasimindən danışıb: “Gəlinimin bir tərəfi italyan, bir tərəfi isə irland əsillidir. Ailə qurduqdan sonra soyadını dəyişərək Məmmədyarova yazdırıb."

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov “Global Media Group”un media-direktoru, jurnalist Həmid Həmidova eksklüziv müsahibəsi zamanı səfərlərindən birində finlandiyalı jurnalist tərəfindən ona ünvanlanmış sualdan danışıb.

“Finlandiyada jurnalist məndən təkidlə soruşdu ki, əgər siz Azərbaycanın Xarici İşlər naziri olmasaydınız, haranın XİN rəhbəri olmaq istərdiniz? Mən cavab verdim ki, bunun fərqi yoxdur, təki ada olsun. “Niyə ada olsun?” deyə mənə cavab verdi. Mən isə orada qonşuların olmadığını bildirdim”, - deyə E.Məmmədyarov qeyd edib.  

Sabiq xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyində korrupsiya ittihamı ilə bağlı vəzifəli şəxslərin həbsi ilə əlaqədar onun ölkədən çıxışına qadağa qoyulmasına dair iddialara cavab verərkən deyib ki, mənim Azərbaycandan çıxışıma qadağa qoyulmamışdı. Bu, sadəcə, pandemiya ilə bağlı idi.

O bildirib ki, koronavirus pandemiyasına görə ölkədən çıxmağın bir mənası da yox idi:

“Haraya gedəsən? Getməyə yer də yox idi. Ona görə də mənim sırf o məsələ ilə bağlı ölkədən çıxışıma qadağa qoyulması yalan söhbətdir. Elə şey olmayıb. Amma nöqsanlar var idi. Bunu başa düşürəm. Artıq məhkəmə yolu ilə o işə baxılıb və sübut edilən bütün məsələlər öz həllini tapıb. Həmin şəxslər də indi azadlıqdadırlar”.

Bundan başqa, sabiq xarici işlər naziri Elmar Məmmədyarov Xarici İşlər Nazirliyində kadr siyasəti zamanı məmur övladlarının vəzifəyə gətirilməsi ilə bağlı sualı cavablandırarkən deyib ki, hər kəsin öz qohumu var. İstər yaxın, istər uzaq qohum olsun, qohumlardan qaçmaq mümkün deyil.

O bildirib ki, Azərbaycan 10 milyon əhalisi olan balaca ölkədir: “Biz vaxtilə Xarici İşlər Nazirliyinə kadrları imtahan vasitəsilə işə götürürdük. Xeyli yaxşı kadrlar var. Amma yaxşı bilirsiniz ki, Azərbaycanda qohumluqdan qaçmaq mümkün olmur. Öz işimi və diplomatların fəaliyyətini qiymətləndirməyimi istəyirsinizsə, deyim ki, nöqsanlar hər yerdə var. Nöqsanlar olmadan işləmək olmur. Amma azərbaycanlı diplomatlar yaxşı işləyiblər ki, müharibə başlayanda heç bir ölkədə Azərbaycanın öz torpaqlarını azad etməsinə dair heç bir sual yaranmadı”, - E.Məmmədyarov əlavə edib.

Azərbaycan diplomatiyasının uğurları barədə danışan sabiq nazir qeyd edib ki, məqsədimiz dünya ictimaiyyətinə Qarabağın Azərbaycanın bir hissəsi olmasını çatdırmaq idi:

“BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrindən sonra Azərbaycan diplomatiyasının əsas məqsədi beynəlxalq ictimaiyyət, təşkilatlarla ikitərəfli əlaqələr yaratmaq olub. Biz buna nail ola bildik və heç kimdə Qarabağın Azərbaycanın bir hissəsi olduğu ilə bağlı hansısa şübhənin yaranmasına imkan vermədik. Bütün bunlar özünü 44 günlük Vətən müharibəsində göstərdi. Fransa Senatı Azərbaycanın əleyhinə qətnamə qəbul etsə də, hökumət tam şəkildə Azərbaycanın ərazi bütövlüyünü tanıyır və dəstəkləyirdi”.

Elmar Məmmədyarov bildirib ki, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının olması qorxulu deyil, vaxtilə Qəbələdə də Rusiya əsgərləri dayanmışdı: “Qarabağın statusunu Azərbaycan müəyyən etməlidir. Necə bizim digər rayonlarımız var, eləcə də Qarabağ rayonu olmalıdır. 

Amma danışıqlardan sonra Rusiya əsgərləri Qəbələdən çıxdılar. Bu o demək deyil ki, rusiyalı sülhməramlılar həmişə orada qalacaq. Əgər siyasi rəhbərliyimiz qərar qəbul etsə ki, təhlükəsizlik məsələsini özümüz təmin edə bilərik, Rusiya əsgərlərinin orada qalmasının mənası olmur. Diplomatik danışıqlar əsasında biz Rusiya sülhməramlılarının oradan çıxarılmasını təmin edə bilərik.

Əsas odur ki, erməni əhalisi tam şəkildə Azərbaycan vətəndaşlığını qəbul etməlidir. Nikol Paşinyan deyir ki, söhbət ermənilərin hüququndan gedir. Bu, düzgün deyil. Millətindən asılı olmayaraq bütün Azərbaycan vətəndaşının hüquqları qorunur. Onlar bilməlidirlər ki, erməni əhalisi Azərbaycan vətəndaşı olmaqla qazanacaq, nəinki separatçılıq yaratmağa davam etməklə”, - deyə E.Məmmədyarov qeyd edib.

O bildirib ki, separatçıların fəaliyyətinə baxılanda bilinir ki, onların gələcəyi yoxdur: “Mən Nostradamus deyiləm ki, 5 ildən və ya 50 ildən sonra bu vəziyyətlərin necə olacağını bilim. Oradan çəkilişlər yayılır və görünür ki, onlar necə vəziyyətdədirlər. İşğaldan azad edilən ərazilərdə aparılan yenidənqurma işləri, böyük inkişaf onlara ciddi dərs olacaq. Ermənilərin Azərbaycan vətəndaşı olmağı seçməsi bir qədər zaman alacaq. Çünki Çeçenistan müharibə etdi, amma sonda anladı ki, Rusiyanın tərkibində qalsa, inkişaf olacaq. İndi də Qarabağda mövcud vəziyyəti görürük.

2020-ci il noyabrın 10-da imzalanan Üçtərəfli Bəyanatda hamı başa düşdü ki, Ermənistan Azərbaycan ilə təkbətək qalmaqdan qorxur. Ona görə də sazişə iki minə yaxın Rusiya sülhməramlılarının müvəqqəti olaraq orada yerləşdirilməsinə dair bənd əlavə edilib”.

O, Qarabağda müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının fəaliyyətini belə qiymətləndirib: “Rusiya sülhməramlılarının müvəqqəti olaraq ora yerləşdirilməsi təxribatların bir qədər azalmasına kömək etdi. Amma son günlərdə Azərbaycan ordusunun Fərrux yüksəkliyinə nəzarəti bərpa etdiyini görürük. Deməli hər şeyin öz zamanı var. Bu da işlərin düzgün istiqamətdə getdiyini göstərir.

Mənim onlarla ünsiyyətdə olduğum dövrdə ermənilər Azərbaycanın gec, ya tez ərazi bütövlüyünü bərpa edəcəyini anlamırdılar. Mən onların hamısına deyirdim ki, siz müharibəyə gətirib çıxaracaqsınız. Sizə bu lazımdırmı?”

E.Məmmədyarovun sözlərinə görə, Ermənistan rəsmiləri münaqişənin sülh yolu ilə tənzimlənməsi məsələsinin ölkələrində yaradacağı ictimai qəzəb dalğasından qorxublar: “Son illər onlar açıq şəkildə deyirdilər ki, biz bunu Ermənistan ictimaiyyətinə təlqin edə bilmərik, onlar bunu qəbul etməyəcəklər”.

Sabiq nazir qeyd edib ki, ermənilərin qısamüddətli perspektivdə istəyi müstəqillik, uzunmüddətli perspektivdə “Miatsum” adlandırılan Ermənistana birləşdirilmə olub: “Mən növbəti dəfə həmsədrlərə hər şeyin böhranla nəticələnəcəyini dediyim zaman onlardan biri mənə dedi: “böhran yaradın, ölü nöqtədən çıxa bilək”. Həmsədrlər dalana dirəndiklərini anlayırdılar”, - deyə E.Məmmədyarov bildirib.

 

Bənzər yazılar

0.21294617652893