>

Salyanda məktəbdə 17 nəfər tüstüdən ZƏHƏRLƏNDİ

 05-12-2025

Salyanda məktəbdə şagirdlər tüstüdən kütləvi zəhərləniblər.

MillətinSəsi.İnfo “apa.az”a istinadən xəbər verir ki, hadisə Salyan rayonunun Noxudlu kənd orta məktəbində baş verib.

20 şagirdin məktəbi qızdırmaq üçün istifadə olunan yanacağın tüstüsündən zəhərlənərək xəstəxanaya yerləşdirildiyi bildirilir.

Şirvan-Salyan Regional Təhsil İdarəsindən verilən məlumata görə, Salyan rayon Aşağı Noxudlu kənd tam orta məktəbdə pelet sobasının tıxanması tüstülənməyə səbəb olub.

"Məktəbdə əvvəlcədən yanğın təhlükəsizliyi ilə bağlı görülmüş tədbirlər sayəsində hadisənin yayılmasının qarşısı alınıb, şagirdlər və müəllimlər təxliyyə planına uyğun olaraq təhlükəsiz yerə təxliyyə ediliblər. Tüstülənmə nəticəsində 10 şagird, 2 nəfər texniki işçi özünü pis hiss edib və təcili-tibbi yardıma müraciət edilib. Onların səhhəti diqqət mərkəzində saxlanılır. Hazırda aidiyyəti qurum tərəfindən hadisənin başvermə səbəbləri araşdırılır", - məlumatda qeyd olunub.

Salyan Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə 05.12.2025-ci il tarixində saat 13:40 radələrində 17 nəfər (13 nəfər qadın cinsi, 4 nəfər kişi cinsi olmaqla) tüstüdən zəhərlənmə şübhəsi ilə hospitalizasiya olunub.

TƏBİB-dən verilən məlumata görə, pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib. Onlardan vəziyyəti stabil qiymətləndirilən 9 nəfər ambulator müalicə üçün evə buraxılıb.

Hazırda 8 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri stabildir.

Faktla bağlı araşdırma aparılır.

 

Bənzər yazılar

0.1204719543457