Vəhdət Partiyasının Təşkilat Məsələləri üzrə şöbə müdiri Zahir İbrahimli
Azərbaycanın siyasi mühitində uzun illərdir davam edən proseslər göstərir ki, müxtəlif qrupların öz maraqları naminə cəmiyyətdə çaşqınlıq yaratmaq, sabitliyi pozmaq və siyasi manipulyasiya mühiti formalaşdırmaq cəhdləri heç vaxt dayanmayıb. Bu cəhdlərin başında isə zaman-zaman eyni fiqurların adı çəkilir.
Radikal müxalifətin dəyişməz siması olan Əli Kərimlinin fəaliyyəti artıq uzun müddətdir real siyasi təsir gücünü itirib, amma sosial şəbəkə üzərindən populist çağırışlarla gündəmi zəbt etmək cəhdləri davam edir.
Onun illərlə təkrarlanan eyni ritorikası, dağıdıcı xarakterli çıxışları və cəmiyyətə uyğun gəlməyən siyasi xətti artıq geniş kütlələr tərəfindən ciddiyə alınmır.
Digər tərəfdən, Azərbaycan idarəetmə tarixində uzun illər mühüm mövqelərdə olmuş Ramiz Mehdiyevin adı da zaman-zaman müxtəlif siyasi iddialar fonunda hallanır.
Onun keçmiş dövrlərdəki fəaliyyəti ətrafında müxtəlif fərziyyələrin ortaya çıxması, siyasi dairələrdə bu sahədə aparılan müzakirələr müəyyən qaranlıq məqamların ictimai fikirdə daim gündəmdə qalmasına səbəb olur.
Bəzən ekspertlər və siyasi şərhçilər Ramiz Mehdiyevin müxtəlif qruplarla münasibətlərindən, hətta radikal müxalifətlə dolayı əlaqələrindən danışırlar.
Bunların rəsmi təsdiqi tapılsada, bu barədə müzakirələrin mövcud olması belə müəyyən siyasi gərginlik yaradır və keçmiş siyasi çəkişmələrin izlərinin hələ də silinmədiyini göstərir.
Ötən illər ərzində ölkədə radikal müxalifət tərəfindən mitinq çağırışlarının yenidən gündəmə gətirilməsi də bu siyasi manipulyasiya zəncirinin tərkib hissəsi oldu.
Sosial şəbəkə üzərindən edilən çağırışlar, süni şəkildə gərginlik yaratmaq cəhdləri və xalqın narazılığına hesablanmış ritorika cəmiyyətdə real dəstək tapmadı.
Azərbaycan xalqı artıq köhnəlmiş siyasi oyunlara aldanmır və sabitliyin nə qədər dəyərli olduğunu çox yaxşı bilir.
Həmin dövrdə səsləndirilən “kölgə strukturları”, “gizli şuralar”, “paralel idarəetmə mərkəzləri” kimi iddialar da əslində reallıqdan uzaq olan siyasi mifologiyanın bir parçasından başqa bir şey deyildi.
Belə iddialar daha çox rəqiblərə təzyiq göstərmək, informasiya mühitində qarışıqlıq yaratmaq və diqqəti ölkənin inkişaf gündəmindən yayındırmaq məqsədi güdürdü.
Bütün bu proseslər fonunda Azərbaycanın sabitlik kursunun davam etməsinin əsas səbəbi isə dövlət başçısının prinsipial siyasi xəttidir.
Prezident İlham Əliyevin son 20 ildə yürüdüyü ardıcıl strategiya, milli maraqlara söykənən idarəetmə modeli, balanslaşdırılmış xarici siyasəti və ölkənin təhlükəsizliyini prioritet edən yanaşması Azərbaycanı regionda ən güclü və dayanıqlı dövlətlərdən birinə çevirib.
Onun liderliyi nəticəsində ölkədə müxtəlif güc mərkəzlərinin süni təsir cəhdləri, manipulyativ çağırışlar və siyasi avantüralar öz əhəmiyyətini tamamilə itirir. Cəmiyyət artıq çox yaxşı anlayır ki, Azərbaycanın inkişaf yolu sabitlikdən, güclü dövlətçilikdən və milli maraqlara əsaslanan siyasətdən keçir.
Bu gün ölkədəki siyasi mənzərə onu göstərir ki, köhnə qruplaşmaların, radikal populistlərin və çökmüş siyasi layihələrin heç biri Azərbaycan xalqının iradəsinə təsir edə bilmir.
Xalq sabitlik istəyir, inkişaf istəyir və bunu təmin edən yeganə real siyasi xətt dövlətçiliyə sadiqliyi özünün əsas prinsipi edən liderlik modelidir.
Azərbaycan artıq köhnə siyasi oyunların arenası deyil. Azərbaycan gələcəyə inamla baxır və bu inamı formalaşdıran ən mühüm amil dövləti düzgün istiqamətdə aparan güclü liderlikdir.






































