Vəhdət Partiyasının sədr müavini, politoloq Vasif Əfəndi
Ermənistan hökumətinin “Qarabağ münaqişəsi üzrə danışıqlar prosesi ilə bağlı sənədlər”i ictimaiyyətə açıqlaması bölgə diplomatiyasında uzun müddət qapalı qalmış faktların üzə çıxmasına səbəb oldu. Sənədlər arasında 5 avqust 2016-cı ildə Serj Sərkisyanın Vladimir Putinə yazdığı məktub xüsusilə diqqət çəkir.
Məktubun məzmunu Ermənistan rəhbərliyinin o dövrdəki real durumunu və Azərbaycanın danışıqlardakı güclü mövqeyini açıq şəkildə əks etdirir. Serj Sarkisyan məktubunda Azərbaycanın Kazan görüşündə irəli sürdüyü dəyişiklikləri “son dərəcə kəskin mövqe” kimi təsvir edir. Bu ifadə Ermənistan tərəfinin danışıqlarda passiv müdafiə mövqeyinə sıxışdırıldığını göstərir. Ermənistan lideri etiraf edir ki, Azərbaycan prosesə yalnız iştirakçı deyil, şərtləri müəyyən edən tərəf kimi daxil olmuşdu.
Sərkisyanın ən böyük narahatlığı İlham Əliyevin israrla müdafiə etdiyi “əvvəl ərazilər, sonra digər məsələlər” formuludur. Ermənistan bu strukturu təhlükəli adlandıraraq bildirir ki, Bakı istənilən vaxt prosesdən çıxmadan öz hədəflərini təmin edə bilərdi. Bu etiraf İlham Əliyevin danışıqların gündəliyini nə dərəcədə effektiv şəkildə formalaşdırdığını göstərir.
Məktubda Ermənistan rəhbərliyi narahatlıqla yazır ki, Azərbaycan tərəfi Dağlıq Qarabağda referendumun keçirilməsinə dair heç bir öhdəlik götürmür və referendumun potensial hüquqi çərçivəsinin Azərbaycan Konstitusiyası daxilində olmasında israrlıdır. Bu, Azərbaycanın beynəlxalq danışıqlara hüquqi zəmin üzərində nəzarət gətirmək bacarığının bariz göstəricisidir.
Serj Sərkisyanın məktubunda ən kritik etiraflardan biri İlham Əliyevin 5 rayon, daha sonra 2 rayon üzrə razılaşdırılmış yanaşmanı təsvir etməsi fonunda yaranan narahatlıqdır. Ermənistan tərəfi hesab edirdi ki, bu proses Azərbaycanın mövqeyini daha da gücləndirəcək və gələcəkdə Bakını daha sərt danışıqlara təşviq edəcək.
Sənəd boyu Ermənistan rəhbərliyinin tonunda aydın bir xəttlə Azərbaycanın yüksəldiyi, Ermənistan isə vəziyyətə düşdüyü sezilir.
Sərkisyanın “Azərbaycan beş rayon əldə etdikdən sonra daha da sərt olacaq” fikri həmin dövr üçün güc balansının kimin xeyrinə dəyişdiyini göstərən aydın siyasi etirafdır.
Məktubun məzmunu göstərir ki, İlham Əliyev danışıqları passiv şəkildə izləmirdi, əksinə prosesin gündəliyini diktə edirdi. Bakı danışıqlarda mərhələli, lakin məqsədyönlü təzyiq mexanizmi tətbiq edirdi. Ermənistan tərəfi Azərbaycanın güclənən mövqeyi qarşısında açıq şəkildə narahat idi və bu isə Əliyevin siyasətinin effektivliyinin ən real təsdiqidir.
Sonda yekun olaraq Ermənistan tərəfindən açıqlanan sənədlər bir daha sübut edir ki, 2016-cı ildən etibarən danışıqlar masasında güc balansı açıq şəkildə Azərbaycanın xeyrinə dəyişmişdi.
Serj Sərkisyanın Vladimir Putinə ünvanladığı məktub isə İlham Əliyevin Qarabağ məsələsində diplomatik, siyasi və strateji ustalığının ən mühüm sənədli sübutlarından biridir.






































