“Fiskal və makroiqtisadi dayanıqlılığın növbəti bir göstəricisi olan icmal büdcənin qeyri-neft baza kəsirinin qeyri-neft ÜDM-dəki payı məsələsidir. Növbəti ildə bu kəsrin nisbəti cəmi 19 faiz olacaq. Bu, cari ildəki rəqəmlə müqayisədə 3,4 faiz üzərində azalma deməkdir.
2029-cu ilin sonuna ardıcıl olaraq sözügedən siyasəti tətbiq edərək bu rəqəmi 13 faizə qədər azaltmağı planlaşdırırıq. Bunun özü də növbəti bir göstəricidir ki, biz qeyri-neft sektorunun inkişafı hesabına dövlət büdcəsinin gəlirlərinin təmin olunmasına, onun kəsrinin azaldılmasına və beləliklə neftdən asılılığın daha da aşağı salınmasına istiqamətlənən siyasət həyata keçiririk”.
MilletinSesi.info xəbər verir ki, bunu maliyyə naziri Sahil Babayev Milli Məclisin bugünkü plenar iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.
“Neftin qiyməti cari il üçün 70 dollar olaraq müəyyən olunub. 10 ayın göstəricisinə görə, orta rəqəmimiz 72 dolların üzərində idi. Növbəti il üçün orta göstəricimiz 65 dollar olaraq müəyyən olunub. Bu rəqəm müxtəlif beynəlxalq qiymətləndiricilər tərəfindən verilən proqnozların əsasında formalaşıb. Vurğulamaq lazımdır ki, bu rəqəm “Azeri Light” neftinin ixrac qiymətidir.
Normalda onun ixrac qiyməti “Brent”lə müqayisədə təqribən 2,5-3 dollar arasında premiumla satılır.
“İcbari tibbi sığorta məsələsi tamamilə tərsinə yozulmağa çalışıldı. Biz göstəririk ki, əlli kateqoriya insanların hamısı, yəni uşaqlar, pensiyaçılar, əlilliyi olan şəxslər, işsizlər dövlət tərəfindən sığorta olunacaq. Bu, niyəsə tam əksinə göstərilib ki, işsizlər sığortalanmayacaq. Əksinə ilk dəfə olaraq qanunvericilikdə birbaşa göstərilir ki, işsizlər də dövlət tərəfindən sığortalanacaq”.
Maliyyə naziri Sahil Babayev bildirib ki, növbəti ilin dövlət büdcəsində bu məqsəd üçün 900 milyon manat vəsait qoyulub:
“Bu, təxminən 7.3-7.5 milyon əhalinin sığorta haqqıdır. Təqribən 2 milyon şəxs muzdlu əməklə çalışır. Onların da sığorta haqqı işçi və işəgötürən tərəfindən qarşılanır. Fərdi sahibkarların da sığortası onlar tərəfindən qarşılanır. Yəni minimum əhalinin 95%-i sığorta ilə tam əhatə olunacaq. Kimlər əhatədən kənar qalır? İşləyən, gəliri olan, gəlirini gizlədən, yəni qeyri-formal məşğul olan şəxslər. Biz deyirik ki, qanunvericiliklə qadağan olunmuş şəkildə fəaliyyət göstərən insanların sığortasını özləri ödəyəcək. Bunu müəyyən etmək üçün xüsusi qaydalar olacaq”.
Qeyd edək ki, sözügedən şəxslər aylıq 16 manat icbari tibbi sığorta haqqı ödəməli olacaqlar.




































