Cənubi Qafqaz regionunda sülh qonşular arasında rifah və inkişafa gətirməlidir.
MillətinSəsi.İnfo "Eutoday"ə istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Brüsseldə jurnalistlərə açıqlamasında bildirib.
"Azərbaycan üçün müharibə və münaqişə başa çatıb. Biz sülhü möhkəmləndirməliyik", - "Eutoday" H.Hacıyevin sözlərini sitat gətirir.
O qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülh regiona rifah və inkişaf gətirməli, həmçinin qonşular arasında qarşılıqlı əlaqələri möhkəmləndirməlidir.
Prezident köməkçisinin sözlərinə görə, Şərqlə Qərb, eləcə də Şimal və Cənub arasında əlaqələr genişləndikcə Ermənistan "dalana dirənmiş ölkə"dən tranzit dövlətə çevrilə bilər: "Azərbaycan sabitlik, təhlükəsizlik və rifah adasıdır, biz onu gücləndirməyə davam edəcəyik".
"Biz regionu tamamilə dəyişdiririk və Ermənistanla Azərbaycan arasında sülh gündəliyini gücləndiririk. Biz müharibəni qazandıq, indi də gəlin, sülhü qazanaq", - deyə Hikmət Hacıyev vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycanın geosiyasi kimliyi çoxşaxəli hala gəlib. Ermənistanla münaqişənin sonu Bakının öz xarici siyasətini yenidən nəzərdən keçirməsinə səbəb olub: "Əgər siz sülh uğrunda mübarizə aparırsınızsa, buna normal dəstək olmalıdır".
O, Cənubi Qafqaz regionunda Avropa İttifaqının iştirakı ilə bağlı sualı cavablandırarkən Avropa Şurasının keçmiş prezidenti Şarl Mişelin Bakı və İrəvan arasında vasitəçilik rolunu vurğulayıb.
O qeyd edib ki, Zəngəzur dəhlizi Azərbaycanın "sülhün qazanılması strategiyası" siyasətinin praktik komponentidir:
"Sülh təkcə müharibənin olmaması deyil, əksinə, o, rifah və inkişaf gətirməli, qonşular arasında qarşılıqlı asılılıq yaratmalıdır. Bu kontekstdə, Ermənistan şərq-qərb və şimal-cənub əlaqələrinin genişlənməsi ilə "dalana dirənmiş giriş"dən tranzit ölkəyə çevrilə bilər".
"Biz İranı qonşu, tərəfdaş kimi görürük və iqtisadi və ticarət münasibətləri daha da inkişaf etdirməyi gözləyirik".
H.Hacıyev qeyd edib ki, Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı diplomatik gərginlik artıq aradan qalxıb, hücum edən şəxs İran qanunları əsasında mühakimə olunub və Azərbaycan bu səhifəni tamamilə çevirib.
"Münasibətlər indi normal və sabitdir. Prezident İlham Əliyevlə Prezident Məsud Pezeşkianın şəxsi münasibətləri çox yaxşıdır. İran Araz çayı üzərindən keçən Ağbənd-Kelalə avtomobil körpüsü vasitəsilə Bakının daha geniş əlaqə planlarında yer alır, bu körpünün inşası 2025-ci ilin sonuna qədər struktur baxımdan tamamlanacaq, sərhəd və gömrük infrastrukturunun işə düşməsi 2026-cı ilin əvvəlində gözlənilir", - deyə H.Hacıyev vurğulayıb.
Hacıyev əlavə edib ki, Azərbaycan enerji təhlükəsizliyi və bağlantı sahəsində Aİ ilə əməkdaşlığı dərinləşdirməyə hazırdır. O, həmçinin Prezident İlham Əliyevin Aİ-nin idxalı davam etdirmək və genişləndirmək istəyirsə, Avropa maliyyə qurumlarının qazla bağlı infrastruktura daha çevik yanaşma göstərməsi ilə bağlı açıq çağırışlarını səsləndirib:
"Azərbaycan Cənubi Qafqazda sülh və sabitliyi təmin etmək üçün var gücü ilə işləyir və tərəfdaşlarının da dəstəyinə ehtiyacı var. Brüsseldən reaksiya çox müsbət olub, yekdil həmrəylik gördük, çünki əgər siz sülh uğrunda mübarizə aparırsınızsa, buna normal dəstək olmalıdır".
"Avropa İttifaqı 2024-cü ildə Cənub Qaz Dəhlizi vasitəsilə, təxminən, 11.7 milyard kubmetr Azərbaycan qazı idxal edib, bu da 2021-ci ildəki səkkiz milyard kubmetrdən artıqdır. 2022-ci il razılaşması, infrastruktur və müqavilələr imkan verərsə, həcmin 2027-ci ilə qədər ən azı 16 milyard kubmetrə çatacağını nəzərdə tutur".
"Avropa Komissiyası qeyd edir ki, SOCAR hazırda 12 ölkəyə qaz tədarük edir ki, bunun da səkkizi Aİ üzvüdür. Trans-Adriatik Boru Kəmərinin və əlaqəli infrastrukturun daha da genişləndirilməsi isə Avropa tərəfindən həqiqi maraq və uzunmüddətli müqavilə öhdəlikləri olduğu təqdirdə mümkün olacaq", - H.Hacıyev bildirib.
Azərbaycan Prezidentinin köməkçisi, xüsusilə bərpaolunan enerji mənbələrinə diqqət çəkib:
"Azərbaycanın Energetika Nazirliyi ölkənin bərpaolunan enerji potensialını quruda, təxminən, 135 GVt, Xəzər dənizində 157 GVt olaraq hesablayıb. Prezident İlham Əliyev 2030-cu ilə qədər, təxminən, 6 GVt bərpaolunan enerji gücü - Günəş, külək və hidroenerji - hədəfini elan edib, artıq təxminən, 10 GVt-lıq layihələri əhatə edən müqavilələr və memorandumlar imzalanıb. 2030-cu ilə qədər Azərbaycan 6 GVt bərpaolunan elektrik enerjisi istehsal etmək gücündə olacaq. Bu isə daha çox qazın Avropaya ixracı üçün sərbəst buraxılmasına imkan verəcək".
O bu proqnozlaşdırılan gücü Avropanın rəqəmsal və süni intellekt məqsədləri ilə əlaqələndirib və bildirib ki, elektrik enerjisi təchizatı Aİ daxilində data mərkəzlərinin böyüməsini məhdudlaşdıracaq.
"Avropanın yeni tərəfdaşlara ehtiyacı var", - deyən H.Hacıyev Azərbaycanı Mərkəzi Asiyadan Avropaya data daşıyan "rəqəmsal İpək Yolu" daxilində gələcək regional mərkəz kimi təqdim edib.
"Bakı bir neçə ildir, nəqliyyat və enerji layihələri ilə yanaşı, optik lifli təşəbbüsləri və data dəhlizi konsepsiyalarını təbliğ edir. Müqayisədə ucuz elektrik enerjisi və ölkənin şimal bölgələrində münasib iqlim şəraiti nəzərə alınarsa, Azərbaycan qlobal rəqəmsallaşdırma konsepsiyasında yeni data mərkəzi olmaq üçün bütün üstünlüklərə və şərtlərə malikdir", - H.Hacıyev vurğulayıb.
Azərbaycan Prezidentinin köməkçisi - Azərbaycan Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "EU Today"ə müsahibəsində AZAL təyyarəsinin vurulması və Rusiya ilə münasibətlərlə bağlı suala cavabında deyib ki, Azərbaycan Moskvadan dörd element tələb edib: rəsmi üzr, tam araşdırma, məsuliyyət daşıyanların ədalət qarşısında cavab verməsi və kompensasiya.
O qeyd edib ki, hadisədən sonra müəyyən anlaşılmazlıq və emosiyalar vardı, lakin Bakının narahatlıqları sonrakı Düşənbə görüşündə müzakirə edildi:
"Azərbaycanın tələbləri həll olunduqdan sonra biz anlaşılmazlıq səhifəsini çeviririk və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdiririk".
Azərbaycan Düşənbədə Rusiyadan 2024-cü ilin dekabrında AZAL aviaşirkətinin Qroznı üzərində vurulan təyyarəsi ilə bağlı suallarına cavab alıb.
H.Hacıyev qeyd edib ki, hadisədən dərhal sonra "müəyyən anlaşılmazlıq" və "emosiyalar" yaranıb, lakin Bakının narahatlıqları Duşənbədə növbəti görüşdə (Azərbaycan və Rusiya liderləri - red.) müzakirə edilib.
"Azərbaycan Rusiyadan AZAL aviaşirkətinin vurulan təyyarəsinə görə rəsmi olaraq üzr istənilməsini, hərtərəfli araşdırmanın aparılmasını, günahkarların məsuliyyətə cəlb edilməsini və kompensasiya ödənilməsini gözləyirdi. Hazırda biz anlaşılmazlıqlar səhifəsini çevirmişik və iki ölkə arasında normal qonşuluq münasibətlərini davam etdirəcəyik", - o əlavə edib.
Ukraynada müharibə ilə bağlı sualı cavablandırarkən H.Hacıyev Azərbaycanın bu münaqişədə hərbi cəhətdən iştirak etməyəcəyini bir daha təsdiqləyib:
"Azərbaycan əvvəlcədən bu münaqişənin hər hansı hərbi komponentində iştirak etmir və etməyəcək".
Bunun əvəzinə, o, humanitar dəstəyi və enerji əməkdaşlığını vurğulayıb:
"2022-ci ildən bəri Bakı Ukraynaya 40 milyon dollardan çox yardım göstərib, buraya humanitar təchizat, yenidənqurma dəstəyi və müharibədən zərər çəkmiş uşaqlar üçün proqramlar daxildir. Biz Ukrayna uşaqlarının reabilitasiyası proqramını davam etdiririk".
O, həmçinin Rusiyanın enerji infrastrukturuna hücumlarına baxmayaraq, Ukraynaya "simvolik qaz" tədarükündən də danışıb.
Sanksiyalara gəlincə, H.Hacıyev Rusiyaya Qərbin tətbiq etdiyi tədbirlərdən qaçmaq üçün Azərbaycandan istifadə olunduğu barədə iddiaları rədd edib. O bildirib ki, Bakı sanksiyalar məsələsinə çox diqqətlə yanaşır və ticarət məlumatları Rusiya ilə dövriyyədə 2022-ci ildən sonra kəskin artım göstərməyib.
Prezidentin köməkçisi, əksinə, Ermənistanın Rusiya ilə güclü ticarət artımına işarə edib və bunu yeni sənaye istehsalı deyil, yenidən ixrac kimi xarakterizə edib:
"Ermənistan "Mercedes", "Apple" və ya "Samsung" istehsal etmək gücündə deyil".






































