>

Vəhdət Partiyası Nəsimi rayon təşkilatını bərpa etdi

 29-11-2025

Bu gün Vəhdət Partiyasının Nəsimi rayon təşkilatının bərpa konfransı keçirilib.

Tədbir Vəhdət partiyasının paytaxt üzrə həyata keçirdiyi struktur islahatlarının mühüm mərhələsi olmaqla, rayon təşkilatının yenidən formalaşdırılmasının rəsmi başlanğıcı kimi yadda qalıb.

Nəsimi rayonunda uzun zamandır gözlənilən yenilənmə prosesinin ilk addımı kimi bu konfrans partiya daxilində həm ruh yüksəkliyi, həm də məsuliyyət hissi yaradıb.

Konfransın açılışı zamanı Vəhdət Partiyasının sədri Adəm İsmayıl Bakuvinin salamı və müraciəti tədbir iştirakçılarına çatdırılıb. Sədrin müraciətini Vəhdət partiyasının Təşkilati İşlər üzrə şöbə müdiri Zahir İbrahimli səsləndirərək bildirib:

“Vəhdət Partiyası ölkənin hər bir regionunda olduğu kimi, Nəsimi rayonunda da yenilənmə, güclənmə və cəmiyyətlə daha sıx inteqrasiya xəttini davam etdirir. Sədr Adəm İsmayıl Bakuvi təşkilat üzvlərinə uğurlar diləyir və yeni rəhbərliyə böyük etimad bəsləyir.”

Bu sözlər konfrans iştirakçılarında həm motivasiya, həm də qarşıdakı fəaliyyət yoluna dair aydın baxış formalaşdırdı.

Vəhdət Partiyası Nəsimi rayon təşkilatının bərpa konfransında müzakirələr və səsvermə nəticəsində:

  • Ağalar Cavadov – Nəsimi rayon təşkilatının sədri seçildi;
  • Rauf Həsənov, Faiq Ağabəyli və İbrahim Bəşirov – Nəzarət-Təftiş Komissiyasının üzvləri təsdiqləndi;
  • Partiyanın Baş Məclisinə nümayəndə olaraq Ağalar Cavadov və Fuad Rzayev seçildi;
  • Ərazi üzrə məsul şəxs vəzifəsi Vasif Mirzəyevə tapşırıldı.

Konfransda Vəhdət Partiyasının Nəsimi rayonunda qarşıdakı dövr üçün prioritet istiqamətləri ətraflı müzakirə edilib. Qərara alınıb ki:

1. Nəsimi rayonunda partiya özəkləri (baza təşkilatları) geniş şəkildə formalaşdırılacaq. Bu özəklər vasitəsilə partiya əhali ilə birbaşa təmasa, yerli problemlərin öyrənilməsinə və ictimai təşəbbüslərin koordinasiyasına daha sistemli şəkildə qoşulacaq.

2. Yeni üzvlərin partiyaya cəlbi üzrə kampaniya gücləndiriləcək. Gənclər, ziyalılar, sahibkarlar, veteranlar və fəal vətəndaşlar arasında maarifləndirmə, ideoloji təqdimatlar və sosial layihələr əsasında yeni üzvlərin qazanılması planlaşdırılır.

3. Rayon təşkilatının fəaliyyətində yenilənmə və şəffaflıq prinsipləri əsas xətt olacaq. İclasların rəqəmsallaşdırılması, hesabatlı mexanizmlər və müasir idarəetmə metodlarının tətbiqi nəzərdə tutulur.

4. Sosial layihələr – xüsusən şəhid və qazi ailələri ilə iş – əsas prioritet kimi saxlanılacaq. Rayon üzrə sosial tərəfdaşlarla əməkdaşlıq genişləndiriləcək.

Sonda MNTK üzvü Habil Hümbətov və partiyanın təşkilat İşləri üzrə şöbə müdiri Zahir İbrahimli çıxışlarında struktur yenilənməsi və kadr islahatlarının partiyanın ümumi strateji xəttinə xidmət etdiyini, yeni komandanın formalaşdırılması rayon təşkilatında həm dinamika, həm də çevik idarəetmə imkanları yaratdığını bildiriblər.

vp nesimivp nesimi1 vp nesimi2

Bənzər yazılar

0.071220874786377