Şirvan şəhər Vəhdət Partiyası təşkilatının sədri İlkin Nuraliyev
Son hadisələr bir daha göstərdi ki, uzun illərdir “müxalifətçilik” adı altında fəaliyyət göstərən bəzi şəxslərin əsl niyyəti heç də ölkəyə xidmət olmayıb. Ramiz Mehdiyev işi çərçivəsində Əli Kərimlinin adının hallanması, istintaqın onların arasındakı siyasi və maliyyə əlaqələrini araşdırması təsadüf sayıla bilməz.
Bu gün ortaya çıxan iddialar illərdir cəmiyyətdə yaranmış şübhələri daha da gücləndirir. Xüsusilə də 44 günlük Vətən müharibəsi zamanı Əli Kərimlinin tutduğu mövqe çoxlarının yaddaşındadır.
O dövrdə millət bir yumruq kimi birləşmişdi, ordumuz canı–qanı bahasına torpaqları azad edirdi. Amma Əli Kərimli həmin günlərdə nə ordunu dəstəklədi, nə xalqın birliyinə töhfə verdi.
Əksinə, daim şübhə yaradan, ruh düşürən açıqlamalar, qeyri-müəyyən mövqe və qeyri-konstruktiv çağırışlar ilə gündəmə gəlirdi.
İndi isə istintaq onun adını Ramiz Mehdiyevlə ehtimal edilən gizli əlaqələr, kənar maliyyələşmə və daha ağır ittihamların fonunda araşdırır. Əgər doğrudan da illərlə “xalqın müdafiəçisi” obrazı altında başqa mərkəzlərlə əməkdaşlıq varsa, bu artıq təkcə siyasi məsələ deyil, bu, milli təhlükəsizlik məsələsidir.
Xalqdan dəstək almayanların gizli yollara, xarici təsirlərə və ya ölkə daxilində qaranlıq məmur əlaqələrinə ümid etməsi Azərbaycan siyasətinə ləkədir. Heç bir siyasi ambisiya dövlətin sabitliyi və təhlükəsizliyi ilə oynamağa haqq qazandıra bilməz.
Bu gün ölkənin ehtiyacı şəffaflıq, milli marağa sadiqlik və dövlətçilik düşüncəsidir, qaranlıq ittifaqlara yox. Cəmiyyət bütün bu məsələlərin tam araşdırılmasını və aydınlıq gətirilməsini gözləyir.






































