Sənət bəzən bir ilhamdan, bəzən bir təsadüfdən, bəzən də insanı sınayan ağrılardan doğur. Gülçin Aslanlının hekayəsi isə bütün bu üç elementin birləşdiyi nadir həyat yoludur. Uğurlu biznes qadını, on illik yaradıcılıq və sahibkarlıq təcrübəsi, minlərlə müştəri, dövlət və böyük şirkətlərlə əməkdaşlıqlar… və bütün bunların arxasında görünməyən, dərin, şəxsi bir mübarizə.
Bir müddətlik fasilədən sonra o, sanki həyatının tozunu silib yenidən ayağa qalxdı və ən böyük, ən iddialı layihəsini yaratdı — “ASLANLI MUSEUM”. Bu məkan sadəcə bir qalereya deyil; Gülçinin yenidən doğuluşunun, içindəki gücü kəşf etməsinin və sənətə dönüşünün simvoludur.
Onun hekayəsində yarım qalan sevgi də var, ağır itkilər də, doğru yoldan sapmalar, özünü tapmalar və qadın inadının ucaltdığı bir imperiya da. Müsahibə boyu Gülçin Aslanlı həm sənətə, həm yaradıcı insanlara, həm də həyatda yıxılıb yenidən ayağa qalxmağın nə demək olduğuna dair səmimi və bəzən açıq danışılması çətin olan məqamları bölüşür.
Tanınmış rəssam Gülçin Aslanlının Xpress.az-a verdiyi bu müsahibə yalnız bir muzeyin yaradılma tarixini deyil, bir qadının yenidən özünü yaratmasının hekayəsini oxucuya təqdim edir.
- “ASLANLI MUSEUM” qalereyasını yaratmaq ideyası sizdə necə yarandı?
- Təxminən on ilə yaxındır ki, şəxsi brendimi yaratmışam və bu müddət ərzində həm B2B, həm də B2C sahələrində minlərlə müştəriyə xidmət göstərmişik. Dövlət qurumları və özəl şirkətlərlə böyük layihələrə imza ataraq artıq Azərbaycanda tanınan bir brendə çevrilmişik. Bunlar arasında Cüdo Federasiyasının təşkil etdiyi “Heydər Əliyev — 100 il, Böyük Dəbilqə” yarışmasının korporativ hədiyyələri, Salyan Oil LTD-nin 20 illik yubiley hədiyyələri, Milli Məclisin korporativ hədiyyələri kimi nümunələri qeyd edə bilərəm.
Şəxsi səbəblərdən 8–9 aylıq fasilə versəm də, sıfırdan qurduğum bu işi yenidən dirçəltmək qərarına gəldim və həmin qərar “ASLANLI MUSEUM” layihəsinin yaranmasına səbəb oldu.

- Muzeyin əsas konsepsiyası və mesajı nədən ibarətdir?
- Bu məkan həm əl işlərimin sərgilənəcəyi qalereya, həm B2B/B2C satışlarının davam edəcəyi platforma, həm də xanımlar üçün master-klasların keçiriləcəyi yaradıcı mərkəz olacaq. Ziyarətçilərin rahatlıqla vaxt keçirə bilməsi üçün burada kiçik coffee shop da fəaliyyət göstərəcək.
Muzeyin mesajı isə çox aydındır: insanların sənətlə iç-içə olması və yaradıcılığa daha yaxın dayanması.

- Bu layihənin arxasında hansı şəxsi hekayə dayanır?
-“ASLANLI MUSEUM”un arxasında uzun illərə söykənən çox şəxsi bir hekayə var. Ziyalı bir müəllim ailəsində böyümüşəm — anam ədəbiyyat, atam isə kamança müəllimi idi. Tək övlad olduğum üçün xüsusi diqqətlə böyüdülmüşəm və valideynlərim musiqi sahəsinə yönəlməyimi arzulayırdılar. Bu səbəbdən Şaroyev adına 35 saylı musiqi məktəbində 7 illik fortepiano təhsilimi tamamlamışam.
Lakin ruhum həmişə rəssamlığa, heykəltəraşlığa və öz biznesimi qurmaq arzusuna bağlı idi. Valideynlərim sənət sahəsinə o qədər də isti yanaşmadığından Turizm menecmenti üzrə Xarkovda təhsil aldım. Amma daxilimdəki istək heç vaxt dəyişmədi.
Təbiətcə çox inadkaram və bu inadkarlıq məhz bugünkü Gülçini formalaşdırdı. Son iki il mənim üçün xüsusilə ağır keçdi — atamın itkisi və mənə aid olmayan bir şəxsi həyatın içində özümü tapmağım məni sarsıtdı. Lakin bəzən insan sıfırlanmalıdır ki, yenidən və daha güclü başlasın. Mən də məhz belə etdim və həyatımın ən böyük layihəsini — “ASLANLI MUSEUM”u gerçəkləşdirdim.

- “Özümü mənə aid olmayan bir şəxsi həyatın içində tapmağım” ifadəsi nəyə işarədir?
- Şəxsi həyatım və biznes fəaliyyətim eyni illərdə başladı. 23 yaşım var idi və həyatımın ən həssas dövrünü yaşayırdım. O illərdə həyatımda çox dəyər verdiyim bir insan var idi və o sevgi mənim üçün gəncliyin təmizliyi, xəyalların gücü və ilk böyük hisslərlə dolu bir hekayə idi. Lakin həyatın yaratdığı çətinliklər bu hekayənin yarım qalmasına səbəb oldu.
İllər sonra atamın itkisi ilə yaranan boşluqda tələsik verdiyim qərarla ailə həyatı qurdum və zaman keçdikcə özümü mənə aid olmayan, duyğusuz bir münasibətin içində tapdım.
Bu yaşananlar mənə böyük dərslər verdi: insan həm eşqlə, həm də ağrı ilə formalaşır və güclənir. Qurani-Kərimdə də buyurulur: “Bəlkə də xoşlamadığınız bir şey sizin üçün xeyirli, xoşladığınız bir şey isə sizin üçün zərərli olar. Allah bilir, siz bilməzsiniz.” (Bəqərə, 216)
Bəlkə də mənim üçün şər kimi görünən bu ağrılar əslində xeyir oldu — məni yenidən formalaşdırdı və öz yoluma qaytardı. Kim bilir, bəlkə də yarım qalan o hekayənin ən gözəl davamı hələ qarşıdadır. Axı həyat sürprizlərlə doludur.

- Sənətdə ən böyük ilham mənbəyiniz kim və ya nədir?
- İşimlə duyğularımın başladığı dövrlər demək olar ki, eynidir. Həyat bəzən iki yolu eyni anda açır — biri arzulara aparır, digəri isə qəlbin səsinə. Mənim üçün də bu iki yol paralel başladı və illər keçsə də bəzi ilhamlar dəyişmədı. Mənim ilham mənbəyim illərdir dəyişməyib və ömrümün sonuna qədər də dəyişməyəcək. O bunu bilir… və bu söz kifayətdir.
- Gənc sənətçilərə dəstək proqramları planlaşdırırsınızmı?
- Bu illər ərzində sahibkar kimi çox sayda gənc xanıma iş imkanı yaratmışam. Onların inkişafına dəstək olmaq həmişə önəmli olub. Heç vaxt “təcrübə şərti” qoymamışam, çünki rəhbər olaraq əməkdaşlarımı yetişdirə biləcəyimə inanmışam — istər istehsalatda yetişdirdiyim rəssamlar, istər satış menecerləri olsun.

- Təkbaşına və ya komandada işləməyin sizin üçün hansı fərqləri oldu?
- Belə böyük layihələri təkbaşına həyata keçirmək mümkün deyil. İstehsalatdan tutmuş satışa, sosial media idarəçiliyinə, çatdırılmaya, foto və video çəkilişlərinə qədər bütün proseslər komanda işi tələb edir. Mən bütün mərhələlərdə aktiv iştirak edirəm, amma bu asan proses deyil. Rəssamlıq bir sahədirsə, idarəçilik tamamilə fərqli bacarıqlar tələb edir. Bu səbəbdən BSC şirkətinin CEO-su Zaur Mütəllimovdan idarəçilik üzrə peşəkar dərslər almışam. On il ərzində həm yaradıcılıq, həm də idarəetmə sahəsində böyük təcrübə toplamışam.

- Açılış günü həm də ilk fərdi sərginiz idi. “Kalibrinin Gücü” adını seçməyinizin səbəbi nədir?
- Bu adı xüsusi olaraq seçmişdim. Sənətə yenidən dönüşümü bir sərgi ilə taçlandırmaq istədim və sərginin adını “Kalibrinin Gücü” qoydum. Ekspozisiyalarda işlərimin böyük əksəriyyəti kalibri motivi üzərində idi. “Çətinliklərə baxmayaraq ucalan, kiçik olsa da enerjisi ilə uçan, incə görünən, amma gücü və azadlığı ilə sərhədsiz olan kalibri kimi özümü sıfırdan yaratdım” fikri mənim şüarım oldu.
- Ekspozisiya və sərgi dizaynında hansı prinsiplərə əsaslanmısınız?
- İki istiqamətdə fəaliyyət göstərirəm: “ASLANLI MUSEUM” və Avropa sərgiləri üçün hazırladığım, “Sirena del Mare” imzası ilə təqdim etdiyim keramika heykəlləri. “Sirena del Mare” italyancadan tərcümədə “Dənizdən gələn dəniz qızı” deməkdir. Amalfi şəhərində tanış olduğum qədim bir hekayə məni bu ada bağladı.
Rəvayətə görə, Herkül çox sevdiyi sevgilisi Amalfi dünyadan köçdükdən sonra onun xatirəsini əbədiləşdirmək üçün dəniz sahilində bir şəhər salır və bu şəhərə onun adını verir. Deyilir ki, dənizin hər dalğası hələ də Amalfinin ruhunu sahilə gətirir. Bu əfsanə — dəniz, sevgi və əbədiyyətin birləşməsi — mənə böyük ilham verdi.
Sərgidə bir tərəfdə “Kalibrinin Gücü”, digər tərəfdə isə “Sirena del Mare” təqdim olundu. Hər ikisi mənim ruhumdan bir parçadır.

- Muzeydə ən önə çıxartmaq istədiyiniz əsər hansıdır və niyə?
- “Sirena del Mare” imzası ilə işlədiyim “Meduza: Daxildəki güc” əsəri. Meduza çox vaxt qorxunc bir mif kimi təqdim olunsa da, əslində dönüşümün və qadın gücünün simvoludur. O, valehedici gözəlliyə sahib bir qadın idi, lakin yaşadıqları ona lənət deyil, möhkəmlik bəxş etdi. Saçlarındakı ilanlar onun daxili gücünü və özünü qoruma iradəsini təcəssüm etdirir.
Əfsanələrə görə, o, Siciliyanın qayalı sahillərində — dənizlə daşın qüvvəsini əks etdirən yerdə — yaşamışdır. Perseus onu fizikən məğlub etsə də, baxışlarını və mənəvi gücünü məğlub edə bilmədi. Bu əsər mənim üçün güclü qadın simvoludur.
-Düşünürsünüzmü ki, bu muzey cəmiyyətin sənətə yanaşmasını dəyişə bilər?
-Əlbəttə, düşünürəm. Bu gün gənclər daha yaradıcı olmalı və cəmiyyətə dəyər qatan işlər görməlidirlər. Bir sənətçi olaraq yeni nəslin yaradıcılığa marağını artırmaq, onları maarifləndirmək və dəyərli gənclərin yetişməsinə töhfə vermək istəyirəm.
Mərkəzimizdə gənclərlə birgə layihələr həyata keçirərək həm onların boş vaxtlarını mənalı şəkildə dəyərləndirməsinə, həm də cəmiyyətə fayda verməsinə şərait yaradacağıq.

-Sonda ziyarətçilərə çatdırmaq istədiyiniz xüsusi mesaj varmı?
- Bu məkanı ziyarət edən hər kəsə demək istəyirəm ki, burada gördüyünüz hər bir əsərdə səmimi bir həyat hekayəsi, böyük zəhmət və sevgi var. Ümid edirəm ki, bu məkan sizə də ilham verəcək.
Xəyalə Rəis






































