Politoloq Vasif Əfəndi
Çində artıq səkkiz əsrə yaxındır ki, xalq öz nifrətini bir zamanlar dövlətə xəyanət etmiş Çin Xuyun və onun tərəfdarlarının tuncdan düzəldilmiş heykəllərinə yönəldir. Hər gün turistlər və yerli sakinlər həmin fiqurları döyür, təhqir edir, üzərinə pislik atırlar. Bu, bir xalqın tarixi ədalətə özünəməxsus şəkildə verdiyi cavabdır, səssiz, amma tükürpədici tərzdə “unutmarıq” mesajıdır.
Əgər belə bir ənənə Azərbaycanda da olsaydı, hansı məmurların heykəlləri “əbədi diz çökmüş” vəziyyətdə dayanardı?
Düşünürəm ki, illərlə xalqın cibinə girib, dövlət tenderlərini öz qohumlarına paylayan, korrupsiya və rüşvət şəbəkəsi quran, oğurlanmış pulları dövlət büdcəsinddən, vergidən, sosial ödənişlərdən gizlədərk vətəndaşların pensiya kapitalına ölümcül zərbə vuraraq “paket” sistemi tətbiq edən, amma kürsülərdən və efirlərdən “xidmət edirəm” deyə pafoslu çıxışlar edən personaj tapa bilərik.
Dövlətin ən yüksək titullarını daşıyan belə xainlərin ifşası və ümummilli nifrətə çevrilməsi gələcək nəsillərə dərs olmalıdır.
Bizdə heykəl qoymaq çox vaxt qəhrəmanların payına düşür. Amma xalq yaddaşı bəzən günahkarı da heykəldə əbədiləşdirmək istəyir, ona görə yox ki, onu şərəfləndirsin, əksinə, tarixin qarşısında diz çökdürsün.
Təsəvvür edin, İçərişəhərdə, yaxud Gəncənin , Sumqayıtın və ya Şamaxının mərkəzində kiçik bir meydan var. Orada bronzadan tökülmüş bir neçə məmur fiquru diz üstündə dayanır. Çevrəsində xalq gülür, uşaqlar foto çəkdirir, yaşlılar vicdan dərsi verir:
– “Bax, bala, bu heykəllər ona görə burdadır ki, sən böyüyəndə belə olma.”
Həmin fiqurların üzərində isə bir lövhə:
“Bu insanlar dövlət əmanətini xalqa qarşı istifadə etdikləri üçün tarix qarşısında diz çöküblər.”
Amma bunu etiraf etmək lazımdır: xalqın yaddaşında “diz üstə qoyulmuş” çox adam var. Onların heykəli tuncdan olmasa da, hafizələrdə sərt və dəyişməz şəkildə dayanır.
Çin xalqı öz xəyanətkarını səkkiz əsrdir bağışlamır. Azərbaycan xalqı isə hələ ki tarixin öz heykəltəraşını gözləyir. Elə bir heykəltəraş ki, ilk növbədə dünən harınlıqla davranan məmuru bu gün xalqın və ədalətin önündə diz çökdürsün .
Bəlkə də bir gün bizdə də “əbədi diz çökmüş” məmurların meydanı olacaq — heykəl şəklində yox, amma ibrət, yaddaş və nəticə kimi. Çünki hər xalqın ədalətə olan tələbi var.






































