>

Rusiyada faşizmin yüksəlişi...

 12-11-2025

Politoloq Vasif Əfəndiyev


Son illərdə Rusiyada faşist ideologiyasına meylli qüvvələrin və ultramilətçi qruplaşmaların daha da aktivləşməsi müşahidə olunur.

Xüsusilə “skinhead” adlanan qrupların cəzasız şəkildə hərəkət etməsi, açıq yürüşlər keçirməsi, faşist və irqçi şüarlar səsləndirməsi Rusiyada təhlükəli tendensiyanın dərinləşdiyini göstərir.

Bu qrupların əsas hədəfi slavyan görünüşlü olmayan insanlardır. Qafqaz, Orta Asiya və ya Rusiyanın aborigen xalqlarıdır.Onlar arasında tatarlar, yakutlar, çuvaşlar, qafqazlılar və Orta Asiyadan gələn miqrantlar xüsusilə hədəfə alınır.

Metro stansiyalarında, küçələrdə, ictimai yerlərdə bu insanlara qarşı hücumların artması artıq tək-tək hadisələr deyil, sistemli zorakılıq mühiti yaratmışdır.

Rusiyada irqçi və millətçi qruplar yeni hadisə deyil. SSRİ dağılıqdan sonra , xüsusilə 2000-ci illərin əvvəllərində “skinhead” hərəkatı sürətlə yayıldı.

Rusiya son illərin statistikasını gizlətdiyinə görə 2006-cı ilin beynəlxalq hesabatına istinad etsək, Rusiyanın 85 şəhərində bu tip hücumlardan 170 nəfərin öldürüldüyü, 300-dən çox insanın yaralandığı qeyd edilir.

Eyni zamanda insan haqları təşkilatlarının məlumatına əsasən, bu qrupların sayı 30 mindən 70 minə qədər dəyişir.

Hücumların motivi eynidir: “Rusiyanı yadlardan təmizləmək.” Bu isə klassik faşist düşüncəsinin, yəni irq və mənşəyə görə, “üstünlük” ideyasının bərpası deməkdir.

Rusiya mediasında və bəzi Duma deputatlarının çıxışlarında da millətçi ritorikanın artması diqqət çəkir. Xüsusilə iqtisadi böhran, işsizlik, qərblə qarşıdurma və Ukrayna müharibəsi fonunda “daxili düşmən” obrazı yenidən yaradılır.

Bəzən region rəhbərləri və ya yerli siyasətçilər açıq şəkildə Qafqaz və Orta Asiya xalqlarını “problem mənbəyi” kimi təqdim edərək, rus cəmiyyətində nifrət mühitini dərinləşdirir, zorakılığı legitimləşdirir və “başqa cins, başqa din, başqa görünüş” üzərindən nifrət ideologiyasına zəmin yaradılır.

Hüquq-mühafizə orqanlarının reaksiyası isə çox zaman formal xarakter daşıyır. Qurbanların şikayətləri araşdırılmadan bağlanır, cinayətlərin çoxu “adi davalar” kimi qeyd olunur.

Amnesty International və Human Rights Watch kimi beynəlxalq təşkilatlar dəfələrlə xəbərdarlıq etmişlər ki, Rusiyada nifrət cinayətləri üzrə istintaqlar ya səthi aparılır, ya da ümumiyyətlə açılmır.

Polis bölmələrində azlıqlara qarşı laqeyd və bəzən təhqiramiz davranış halları bu etinasızlığı daha da artırır.

Nəticədə, skinheadlər və digər faşist qruplaşmalar cəzasızlıq mühiti içində daha da cəsarətlənir, sosial şəbəkələrdə və küçələrdə özlərini açıq şəkildə göstərməkdən çəkinmirlər.

Son illərdə bu zorakılıqların forması dəyişib. Əgər əvvəllər açıq küçə hücumları və kütləvi yürüşlər baş verirdisə, indi daha gizli, koordinasiyalı, bəzən terroristik xarakterli aksiyalar müşahidə olunur.

Hücumlar əsasən metrolarda, ticarət mərkəzlərində, bazarlarda insanların sıx toplaşdığı yerlərdə baş verir. “Slavyan görünüşlü olmayanlar” yalnız etnik mənsubiyyətlərinə görə təhqir, döyülmə və ya öldürülmə təhlükəsi ilə üzləşirlər.

Bu vəziyyətin kökündə bir neçə sosial amil dayanır. Əvvəla, ölkədə dərin iqtisadi və sosial bərabərsizlik var. İşsizlik, korrupsiya, gəlir bölgüsündəki ədalətsizliklər gənclər arasında radikal düşüncəni qidalandırır.

İkincisi, Rusiya hakimiyyətinin bəzi təbliğat vasitələri milli kimliyi dar “slavyan identikliyi” üzərində qurur və bu, digər xalqlara qarşı laqeydlik və nifrət yaradır.

Üçüncüsü, təhsil və ictimai şüur səviyyəsində multikultural dəyərlərin təbliği zəifdir.
Bütün bunlar Rusiya Federasiyasının çoxmillətli strukturuna birbaşa təhdiddir. Çünki bu ölkənin tarixi və gücü məhz onun etnik müxtəlifliyindədir.

Əgər dövlət bu cəzasızlıq və nifrət mühitinə son qoymazsa, daxili etimad və sabitlik ciddi zərbə alacaq. Azlıqlar arasında qorxu və təcrid hissi artdıqca, cəmiyyətin parçalanması, etnik qarşıdurmaların dərinləşməsi qaçılmaz olacaq.

Rusiyada baş verən bu proseslər artıq təkcə sosial yox, siyasi məsələdir. Dövlətin beynəlxalq imicinə, insan hüquqları öhdəliklərinə və daxili təhlükəsizliyinə təsir edən ciddi böhrandır. Faşizmin yenidən dirçəlişi və millətçi aqressiyanın artması Rusiya üçün təkcə mənəvi deyil, həm də siyasi fəlakətə çevrilə bilər.

Bənzər yazılar

0.075263023376465