Prezident İlham Əliyev Türkiyə Prezidentinə başsağlığı verib.
MilletinSesi.info xəbər verir ki, başsağlığı mətnində deyilir:
Əziz Qardaşım.
Gəncədən qalxan və Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması nəticəsində hərbçilərin həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.
Bu ağır anlarda kədərinizi bölüşür, baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verirəm.
Allah rəhmət eləsin!
Bundan başqa, noyabrın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana zəng edib.
Dövlətimizin başçısı Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus hərbi yük təyyarəsinin Gürcüstan ərazisində qəzaya uğraması ilə əlaqədar Türkiyə Respublikasının Prezidentinə, həlak olmuş hərbçilərin ailələrinə və yaxınlarına, qardaş Türkiyə xalqına dərin hüznlə başsağlığı verib.
Türkiyə Respublikasının Prezidenti telefon zənginə və ifadə edilmiş başsağlığına görə Azərbaycan Respublikasının Prezidentinə təşəkkürünü bildirib.
Telefon danışığı zamanı Azərbaycanın və Türkiyənin aidiyyəti dövlət qurumlarının qəza ilə əlaqədar təmasda olduqları qeyd edilib.



































