>

8 Noyabr – Qəlbimizdə əbədi yaşayan gün

 08-11-2025

8 noyabr 2020-ci il - Azərbaycanın şanlı tarixinə Zəfər Günü kimi yazıldı. Müzəffər Ordumuzun 44 günlük qəhrəmanlıq səlnaməsinin kuliminasiyası 8 noyabr - Şuşanın işğaldan azad edildiyi gün oldu. 

2020-ci il sentyabrın 27-də Ermənistanın törətdiyi növbəti hərbi təxribatlara cavab olaraq Azərbaycan Ordusu əks-hücum əməliyyatına başladı. 

Azərbaycan Ordusu Şuşaya doğru dayanmadan, çox böyük inamla irəlilədi və demək olar ki, mümkünsüz işin öhdəsindən gəldi. Qəhrəman döyüşçülər yolsuzluq şəraitində dağlar-qayalar aşaraq, uzun məsafə qət edərək çox çətin döyüş tapşırığını uğurla yerinə yetirdi.

Əsgər və zabitlərin döyüş üsulu, qədim tarixi şəhəri dağıtmadan, ona xələl gətirmədən azad etməsi hərb tarixində tamamilə yeni idi. Xalqımızın qəhrəman oğullarının nümayiş etdirdiyi misli görünməmiş cəsarət və igidlik nümunəsi nəticəsində bir vaxtlar nağıl, xəyal kimi görünənlər gerçəyə çevrildi.

30 ilin sonrasındakı  illər bizim qələbəli illərimizdir. 30 il həsrətində olduğumuz Qarabağlı illərimizdir. Hicranın vüsallı illəridir. 30 il sonra doğmasının addımını duyan, hiss edən torpaqlarımızın bayram libası geyinən illəridir. Düşmənsiz, murdarlarsız illərdir. 30 il baharı qovub, payızı bağrına basan yurdlarımızın üzünün güldüyü, günəşini doğurduğu, yenidən gül-çiçəyini bitirdiyi illərdir.

Milli ordumuzun qəhrəman zabit və əsgərləri 2020-ci ilin 44 günlük müharibəsində bir-bir torpaqlarımızı azad etdikcə həmin yurdlara sancdığı bayraqla Qarabağın kədərinə, nisgilinə son qoydular.

Hər dəfə başının üzərində bu bayrağı gördükcə qürurlandı Qarabağ. Onun rənglərindən ilham, dalğasından güç alıb illərlə qovduğu günəşi çağırdı. “Doğ, bu ellərə işığını, istiliyini ver”,- dedi. Bu işıq və istilik isə Qarabağın yenidən diçəlişi, özünə qayıdışı oldu.

Vətən müharibəsindən ötən beş ildə Azərbaycan azad edilmiş ərazilərdə ermənilərin 30 ilə yaxın törətdikləri barbarlıqları, dağıntıları aradan qaldırmaq üçün geniş həcmli işlərə başlayıb. İşğal müddətində ərazilərimizi viran edən ermənilər daşı daş üstündə qoymayıblar, təbiətə qarşı soyqırım törədib, çaylarımızı qurudub, meşələrimizi məhv ediblər, yeraltı-yerüstü sərvətlərimizi talayıblar, maddi-mədəni abidələrimizi dağıdıblar.

Əraziləri kütləvi şəkildə minalayıblar. Azərbaycan isə qəbilə təfəkkürü ilə yaşayan Ermənistandan fərqli olaraq azad olunmuş ərazilərdə yeni həyat qurur, tikir, bərpa edir, regionda sülhün bərqərar olması üçün çalışır. Azad edilmiş şəhərlərimizdə, kəndlərimizdə infrastruktur işləri gedir, xəstəxanalar, məktəblər, yaşayış binaları, mədəniyyət obyektləri, hava limanları, dəmir yolları, tunellər tikilir, məscidlər, muzeylər bərpa edilir. 

Qırx dörd günlük Vətən müharibəsi, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.

Beləliklə, beş ilin dünənində və bu günündə gördüklərimizin müqayisəsində eyni zamanda ölkəmizin gücünü, iqtisadi durumunu, xalq-iqtidar birliyini, həmrəyliyin, birliyin təzahürünü, vətəndaşların dövlətə, dövlətçiliyə məhəbbət və sədaqətini, torpağa sevgisini, gənclərimizin Vətən sevdasını, ən əsası isə dövlətimizin rəhbərinin liderlik bacarığını, dəyanətini, prinsipiallığını görür və bütün bunlar üçün qürur hissi keçiririk. Nə gözəl ki, Azərbaycanlıyıq!

 

Vüsalə İslam qızı Əsədova

ADPU-nun Filologiya fakültəsi,
Müasir Azərbaycan dili 
kafedrasının müəllimi,
filologiya üzrə fəlsəfə doktoru

Bənzər yazılar

0.11623883247375