>

Zəfər Günü – Tarxə qızıl hərflərlə yazılan qələbə

 08-11-2025

Azərbaycan xalqı hər il 8 Noyabr – Zəfər Gününü böyük sevinc, qürur və minnətdarlıq hissi ilə qeyd edir. Bu gün Azərbaycan Ordusunun rəşadətinin, xalqın birliyinin və ədalətin qələbəsinin təntənəsidir.

Otuz ilə yaxın müddətdə işğal altında olan torpaqlarımızın azadlığı uğrunda mübarizə heç vaxt dayanmadı. Azərbaycan xalqı bu illər ərzində səbrlə, iradə ilə, inamla öz tarixi ədalətini gözlədi.

2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi bu ədalətin bərpası oldu. 44 gün davam edən döyüşlərdə Azərbaycan Ordusu həm taktiki, həm də mənəvi üstünlüyü ilə düşməni diz çökdürdü. Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Şuşa – bir-bir azad edilən bu torpaqlar xalqın yaddaşında qələbə marşına çevrildi.

8 Noyabrda Şuşanın azad edilməsi ilə Azərbaycan tarixinin yeni səhifəsi açıldı. Bu gün xalqımızın Qələbə və Qürur günü kimi əbədi yaddaşlara həkk olundu.

Şuşa Azərbaycanın mədəniyyət və musiqi paytaxtıdır. Bura Xurşidbanu Natəvanın, Üzeyir Hacıbəylinin, Bülbülün doğma yurdudur. Şuşanın azad olunması yalnız hərbi qələbə deyil, həm də mədəniyyətimizin, mənəviyyatımızın, milli kimliyimizin bərpası demək idi.

Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, Azərbaycan əsgərinin igidliyi və qəhrəmanlığı, xalqın dövlətinə sonsuz inamı bu Zəfərin əsas dayağı oldu.

Zəfər Günü yalnız ordumuzun yox, bütün bir millətin qələbəsidir. Bu qələbə sübut etdi ki, xalq və dövlət bir olduqda, hər bir vətəndaş Vətən uğrunda ayağa qalxdıqda, heç bir qüvvə Azərbaycanı sındıra bilməz.

Bu gün ölkənin hər yerində Zəfər Gününə həsr olunmuş tədbirlər, yürüşlər, konsertlər və xatirə mərasimləri keçirilir. Məktəblərdə “Qarabağ qəhrəmanları” mövzusunda dərslər, muzeylərdə Zəfər guşələri yaradılır.

Bu qələbə asan qazanılmadı. Onun bünövrəsi şəhidlərimizin qanı, qazilərimizin fədakarlığı ilə qoyuldu. Onların hər biri bu torpağın azadlığı, bayrağımızın dalğalanması uğrunda canını fəda etdi. Azərbaycan xalqı hər zaman bu qəhrəman oğul və qızlarını ehtiramla yad edəcək.

Zəfər Günü sadəcə bir tarix deyil – bu, Azərbaycanın gücünün, azad ruhunun və dövlət müstəqilliyinin rəmzidir.

Bu qələbə bizi daha güclü, daha birləşmiş, daha inamlı etdi.

Qarabağ Azərbaycandır! Bu söz artıq yalnız şüar deyil, xalqın tarixi həqiqətidir.

Əbədi Zəfər, Əbədi Qürur!

Bu gün biz fəxrlə deyirik:

“Azərbaycan qalib dövlətdir!”

8 Noyabr – Zəfər Günü xalqımızın qəlbində daim yaşayacaq, gələcək nəsillərə qürur, vətənpərvərlik və birlik nümunəsi kimi ötürüləcək.

 

Hüseynova Türkan Allahverdi qızı                      

ADPU-nun Filologiya fakültəsi, Müasir Azərbaycan dili kafedrasının müəllimi

Bənzər yazılar

0.08302903175354