İşğal altında olan torpaqlarımızın düşməndən azad edilməsi uğrunda 2020-ci il sentyabrın 27-də başlanan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazandığı Şanlı Qələbədən beş il ötür.
8 Noyabr – Zəfər Günü respublikanın hər yerində olduğu kimi, rayonumuzda da bayram əhvali-ruhiyyəsi ilə qeyd edilmişdir.
2020-ci il noyabrın 8-də Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanından xalqa müraciətində səbirsizliklə gözlənilən müjdəni verdi və bu, əslində, müharibənin taleyinin həll olunması demək idi.
Ertəsi gün Laçın rayonunun kəndləri də daxil olmaqla, 70-dən çox yaşayış məntəqəsi işğalçılardan təmizləndi. Nəhayət noyabrın 9-dan 10-na keçən gecə imzalanan üçtərəfli Bəyanata əsasən Ermənistan işğal altındakı digər rayonlarımızdan çıxmasının tarixini verdi.
Kapitulyasiya aktına imza atan Ermənistan Ağdam rayonunun işğal altındakı hissəsini, Kəlbəcər və Laçın rayonlarını döyüşsüz geri qaytarmağa məcbur oldu. Ümumiyyətlə, rəşadətli Azərbaycan Ordusu 44 gün ərzində 5 şəhəri, 4 qəsəbə və 286 kəndi işğaldan azad etdi.
Qırx dörd günlük Vətən müharibəsi, xüsusən Şuşa əməliyyatı hərb tariximizin ən parlaq səhifəsidir. XXI əsrin müharibəsini aparan Azərbaycanın döyüş təcrübəsi və taktikası hərbi mütəxəssislər tərəfindən yüksək qiymətləndirilir, dünyanın aparıcı hərbi məktəblərində öyrənilir.
8 Noyabr – Zəfər Günü… Bu tarix hər bir azərbaycanlının qəlbinə işıq salan, gözlərində qürur yaşları oyadan gündür.
Bu, Vətən uğrunda canından keçənlərin xatirəsinə ehtiram, Azərbaycan Ordusunun qəhrəmanlığına salam, xalqın birliyinin və sevgisinin təntənəsidir.
Bu qələbə təkcə müasir dövrün deyil, bütün bir xalqın, əsrlərin mübarizəsinin nəticəsi idi.
Bu gün azad Şuşada səslənən azan, oxunan muğam, dalğalanan bayraq – hamısı xalqın iradəsinin, şəhidlərimizin ruhunun təcəssümüdür.
Biz bu qələbəni dünyaya səs salan igidlərimizə, şəhidlərimizin fədakarlığına, və ən əsası, xalqın dövlətinə olan etibarına borcluyuq. Bu gün azad Qarabağda yenidən qurulan şəhərlər, ucalan məktəblər və məscidlər bizim gələcək nəsillərə mirasımızdır. Zəfərin işığı indi o yerlərdə yeni həyat doğurur. Bu torpaqlarda hər addımda bir şəhidin xatirəsi yaşayır. Hər dəfə bayrağımıza baxanda onların igidliyini, fədakarlığını xatırlayıram. Bu gün rahat nəfəs alırıqsa, bu, onların sayəsindədir.
Zəfər Günü – millətimizin qürurudur.
Sahilə Rafiq qızı İbrahimova
ADPU-nun Filologiya fakültəsi,
Müasir Azərbaycan dili kafedrasının baş müəllimi,
filologiya üzrə fəlsəfə doktoru






































