06 noyabr 2025-ci il tarixində Vəhdət Partiyasının Salyan rayon təşkilatının təşəbbüsü ilə rayonun Kərimbəyli kəndində 8 Noyabr – Zəfər Günü münasibətilə möhtəşəm tədbir keçirilib.
Tədbirdə şəhid ailələri, 44 günlük Vətən müharibəsi iştirakçıları, təhsil işçiləri, kənd ictimaiyyəti nümayəndələri, eləcə də icra nümayəndəliyinin təmsilçiləri iştirak ediblər.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və Vətən uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə iştirak edən Vəhdət Partiyasının Salyan rayon təşkilatının sədri Sahil Rəhimov çıxışında bildirib ki, 8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının tarixində ən şanlı, qürurverici səhifələrdən biridir.
O vurğuladı ki, bu Zəfər Azərbaycan xalqının birliyinin, milli həmrəyliyinin və Ali Baş Komandan Cənab İlham Əliyevin uzaqgörən, müdrik və qətiyyətli siyasətinin nəticəsidir.
Vəhdət Partiyasının Salyan rayon təşkilatının sədri Sahil Rəhimov qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsi, Azərbaycan Ordusunun rəşadəti, xalqın dəstəyi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 gün davam edən misilsiz mübarizə nəticəsində tarixi Zəfərlə başa çatıb. Bu Qələbə yalnız hərbi üstünlük deyil, həm də xalqın milli ruhunun, dövlətinə və şəhidlərinə sədaqətinin təntənəsidir.
Vəhdət Partiyasının Salyan rayon təşkilatının sədri Sahil Rəhimov çıxışında orta məktəbdə bir yerdə oxuduğu I Qarabağ müharibəsi (1990-cı illər) iştirakçıları və şəhidlərimiz – Süleymanov Nemət, Şahbazov Həsən və Şahbazov Zaurun adların hörmət və ehtiramla yad edərək, onlarla olan xatirələrini bölüşüb.
Sonra təşkilatının sədri Sahil Rəhimov çıxışında şəhidimiz Süleymanov Nemətin atasına üz tutaraq, belə igid və vətənpərvər oğul böyütdüyünə görə təşəkkürünü bildirib.
O vurğuladı ki, I və II Qarabağ müharibəsi şəhidlərinin qəhrəmanlığı xalqımızın yaddaşında daim yaşayacaq, onların göstərdiyi igidlik gələcək nəsillər üçün örnək olacaq.
Tədbirdə çıxış edən Vətən müharibəsi iştirakçısı Əhədağa Rəhimov hərbi geyimdə səhnəyə çıxaraq 8 noyabr Zəfər tortunu kəsib və döyüş xatirələrini tədbir iştirakçıları ilə bölüşüb, şəhid silahdaşları hörmətlə anılıb.
Şəhid ailələri adından çıxış edən valideynlər dövlətimizin diqqət və qayğısına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin minnətdarlıqlarını ifadə etdilər. Onlar vurğuladılar ki, bu gün Zəfər Gününü şəhid övladları ilə birlikdə qeyd etmək həm qürur, həm də kədər dolu bir duyğudur.
Təhsil işçiləri və gənclər çıxışlarında bildirdilər ki, Zəfər Günü gələcək nəsillər üçün qəhrəmanlıq, vətənpərvərlik və birliyə sədaqət dərsi kimi daim yadda qalacaq.
Tədbirin sonunda şəhidlərin ruhuna dualar oxunub.
Bu tədbir bir daha sübut etdi ki, Azərbaycan xalqı 2020-ci ildə 44 günlük Vətən müharibəsində iştirak edən öz qəhrəman oğullarını, şəhidlərini və qazandığı Zəfəri heç zaman unutmayacaq.







































