“İndiqo” MMC “Qazax Sement Zavodu” MMC-ni məhkəməyə verib.
Qaynarinfo.az xəbər verir ki, iddia Bakı Kommersiya Məhkəməsinin hakimi Aytən Əliyevanın icraatındadır. Məhkəmə çəkişməsinin səbəbi alqı-satqı üzrə mübahəsilərdir.
“Qazax Sement Zavodu” MMC “Akkord Korporasiyası” ASC-nin subyektidir. MMC 30 dekabr 2013-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 170 000 000 AZN-dir. Zavodun qanuni təmsilçisi Sebastian Martin Maykl Hermanndır. O, həm də İdarə Heyətinin sədridir.
Mediada gedən məlumatlara görə, “Akkord Korporasiyası” ASC keçmiş Baş prokuror Zakir Qaralova məxsusdur.
“İndiqo” MMC-yə gəlincə, 20 may 2005-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 40 AZN-dir. MMC-nin qanuni təmsilçisi Salahov Tariyel Avtandil oğludur.
“İndiqo” ölkənin ən iri mətbəələrindən biridir. Ötən il onun adı ölüm hadisəsi ilə gündəmə gəlmişdi. Yayılan məlumatlarda deyilirdi ki, 16 dekabr 2021-ci il tarixdə “İndigo” mətbəəsində 28 yaşlı gənc işçi faciəli şəkildə həlak olub. Xəyyam Təhməzov adlı həmin gənc Səbail rayonu, Bayıl qəsəbəsi, Əhəd Yaqubov küçəsində yerləşən mətbəədə kağızları kəsmə yolu ilə qabaqcadan müəyyən olunmuş formanı vermək təyinatı daşıyan avadanlıqda işləyirmiş. O, iş zamanı qurğunun içində qalan kağızları çıxarmaq məqsədilə baş və əl nahiyyəsini avadanlığın içinə salıb. Və hidravlik pressin arasında qalması nəticəsində xəsarət alaraq ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma ehtiyatsızlıqdan insan ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb. Hazırda iş üzrə istintaq davam etdirilir.
Bu hadisə ilə bağlı mediada dərc edilən materiallarda “İndiqo” mətbəəssinin keçmiş Milli Təhlükəsizlik naziri Eldar Mahmudova və hərbi əks-kəşfiyyat idarəsinin keçmiş rəisi Nizami Şirinova məxsusdur.