Cəlilabad rayonunda orta məktəb binası uçub

 31-03-2022

Cəlilabad rayonunda orta məktəb binasında uçqun baş verib.

MillətinSəsi.info "report"a istinadla xəbər verir ki, hadisə rayonun Musalı kənd məktəbində qeydə alınıb.

Belə ki, son günlər yağan intensiv yağış və qar səbəbindən orta məktəbin sinif kimi istifadə olunan dəhlizinin divar və döşəməsinin bir hissəsi uçub.

Xoşbəxtlikdən uçqun dərs zamanı olmayıb və buna görə də xəsarət alan yoxdur.

Uçqun səbəbindən orta məktəbdə tədris tamamilə dayandırılıb. Şagirdlərin qonşu kənddə yerləşən Zəhmətabad kənd orta məktəbində tədrisə cəlb olunması təmin olunub.

Bundan əlavə, Zəhmətabad kən orta məktəbində yer çatışmazlığı yarandığı üçün iki sinfin şagirdlərinin tədrisi Musalı kəndində yerləşən evlərin birində təşkil edilib.

Uçqun olan məktəblə bağlı Cəlilabad rayon Təhsil Şöbəsi açıqlama yayıb.  MillətinSəsi.info xəbər verir ki, açıqlamada deyilir:

"19 mart 2022–ci il tarixdə yağan güclü qar nəticəsində Cəlilabad rayonu Musalı kənd tam orta məktəbin binasının bir hissəsi yararsız vəziyyətə düşüb. Bununla əlaqədar olaraq məktəbin hazırlıq qrupu və ibtidai təhsil səviyyəsi (I-IV siniflər) üzrə təhsil alan şagirdləri təhlükəsiz şəkildə təhsillərini davam etdirməsi üçün  28 mart 2022-ci il tarixdən yaxın məsafədə yerləşən Zəhmətabad kənd tam orta məktəbinə köçürülüb. Hadisə tədris prosesinin olmadığı tətil günlərində baş verib. Musalı kənd tam orta məktəbin V-XI sinif şagirdləri 01.11.2021-ci il tarixdən təhsillərini Zəhmətabad kənd tam orta məktəbində davam etdirirlər. Məsələ ilə əlaqədar aidiyyəti dövlət orqanlarına məlumat verilib və nəzarətə götürülüb".

Qeyd edək ki, Musalı kənd tam orta məktəbi 1969-cu ildə palçıq və taxta konstruksiyalardan tikilib. Bu vaxta qədər heç bir əsaslı təmir işləri aparılmayıb.

Uçqundan əvvəl təhsil müəssisəsində təhsil alanların sayı 196 nəfər təşkil edib. Lakin məktəbin binasının qəzalı vəziyyətdə olması səbəbindən şagirdlərin hamısı burada tədrisə cəlb olunmayıb.

Belə ki, I və IV sinif şagirdləri bu məktəbdə, yuxarı sinif şagirdləri isə qonşu Zəhmətabad kənd orta məktəbində təhsil almağa başlayıblar.

Bənzər yazılar

0.20987200737