“Hər hansı bir peyvənd dozasının (birinci, ikinci və ya buster) tətbiqi ilə bağlı tövsiyələr, fayda və risklərin hərtərəfli nəzərə alınması da daxil olmaqla, peyvəndin təhlükəsizliyi və effektivliyinə dair mövcud sübutların qiymətləndirilməsinə əsaslanır”.
Bunu APA-nın pandemiyadan sonra koronavirus vaksininin vurulub-vurulmayacağı məsələsi ilə bağlı sorğusuna cavabında Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı bildirib.
Onun sözlərinə görə, mövcud sübutlara əsasən, ÜST və ÜST-ün Avropa Regionunda Milli İmmunlaşdırma Texniki Məsləhət Qruplarının əksəriyyəti hazırda bir çox ölkələrdə tətbiq olunan üçüncü dozadan artıq əlavə COVID-19 buster dozalarını tövsiyə etməyib.
“ÜST peyvəndin effektivliyi ilə bağlı meydana çıxan sübutları nəzərdən keçirməyə davam edəcək və buster dozalar da daxil olmaqla, COVID-19 peyvəndi siyasəti ilə bağlı ölkələrə əlavə təlimatlar təqdim edəcək. 2020-ci ilin əvvəllərindən etibarən bütün dünyada yayılan COVID-19 pandemiyası dünyanın qabaqcıl alimlərini və şirkətlərini xəstəlik əleyhinə peyvəndlərin hazırlanması istiqamətində fərdi və ya kollektiv çərçivədə birgə işləməyə təşviq edib”.
O qeyd edib ki, həmin fəaliyyətlərin nəticəsi olaraq, bəzi peyvəndlər qısa müddət ərzində sınaq mərhələlərinə daxil olub və hətta kliniki sınaqları müvəffəqiyyətlə başa vuraraq ÜST tərəfindən təsdiqlənib:
“Sevindirici haldır ki, AMEA-nın müxbir üzvü Tərlan Məmmədov və onun rəhbərlik etdiyi tədqiqatçılar qrupunun COVID-19-a qarşı peyvəndi Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) sınaq mərhələsində olan peyvənd namizədlər siyahısına daxil edilib. Qeyd edək ki, peyvəndlərin istehsalı ÜST tərəfindən deyil, özəl şirkətlər tərəfindən həyata keçirilir, təşkilat yalnız sözügedən peyvəndlərin təhlükəsizliyi və effektivliyi ilə bağlı öz rəyini bildirir”, – açıqlamada deyilib.