>

Haqqın Müdafiəsi və Strateji Sükut

 26-09-2025

Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev

Azərbaycan Prezidenti İlham Əliyevin BMT Baş Assambleyasında çıxışı ölkəmizin beynəlxalq mövqelərinin möhkəmlənməsi baxımından mühüm hadisə oldu. Dövlət başçısının çıxışında bir neçə əsas məqam diqqət çəkdi.

Əvvəla, Prezidentin qətiyyətli çıxışı onun regional lider kimi mövqeyini bir daha nümayiş etdirdi. Ermənistanın illərlə törətdiyi müharibə cinayətləri, işğal siyasəti və dinc əhaliyə qarşı həyata keçirdiyi dağıdıcı əməllərin dünya gündəmində saxlanılması Azərbaycanın haqlı mövqeyinin müdafiəsi baxımından əhəmiyyətlidir. İlham Əliyev bu məsələləri yalnız lokal problem kimi deyil, beynəlxalq hüququn və ədalətin sınaq nöqtəsi kimi təqdim etdi.

Digər mühüm məqam, Ermənistanla sülh müqaviləsinin imzalanmasına doğru kənar qüvvələrin -Rusiyanın təsirindən çıxması və ABŞ prezidentinin şahid qismində ikittərəfli müqaviləyə imza atması barədə danışması oldu. Azərbaycanın təşəbbüsü ilə Moskvanın vasitəçi roldan uzaqlaşdırılması regionda yeni siyasi balans yaratdı və Cənubi Qafqazda sülhün Avropa və qlobal institutların nəzarəti altında təşəkkül tapmasına yol açdı. Bu, eyni zamanda Azərbaycanın müstəqil qərarvermə gücünü və diplomatik çevikliyini göstərdi.

Fələstin məsələsinə gəldikdə isə, Prezidentin Qəzza mövzusundan yan keçməsi praqmatik və doğru addım kimi qiymətləndirilə bilər. Hazırda regional lider kimi Azərbaycan daha çox öz milli maraqlarına və regiondakı sabitliyə yönəlmişdir. Fələstin dövlətinin tanınması isə zaman məsələsidir. Tarixi proseslər göstərir ki, nə vaxtsa İsrail dövləti özü bu reallığı qəbul edəcək və həmin məqamda Azərbaycan da Fələstin xalqının haqlarını dəstəkləyəcək.Bu addımı haqqın müdafiəsi və strateji sükut adlandırmaq olar.

İlham Əliyevin BMT-dəki çıxışı həm Azərbaycanın regional liderliyini təsdiqlədi, həm də qlobal siyasətdə rasional və uzaqgörən mövqeyini nümayiş etdirdi. Bu, ölkəmizin diplomatik xəttində ardıcıllığın və strateji düşüncənin bariz nümunəsidir.

Bənzər yazılar

0.093882083892822