Dövlət məktəbləri üçün avtobuslar ayrılacaq?  

 11-09-2025

“Məktəbli avtobusu layihəsi pilot olaraq həyata keçirilir. Növbəti tədris illərində sayı və istiqaməti artırılacaq. Ümumilikdə 2.2 milyon təhsilalan, 300 min işçi heyət yeni tədris ilinə başlayır".

MilletinSesi.info  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

"2.2 milyon təhsilalandan 226 mini məktəbəqədər təhsilin, 1.6 milyonu ümumi təhsil müəssisələrinin, 40 mini peşə təhsilinin, 63 mini orta ixtisas təhsilinin, 246 min nəfəri isə ali təhsil müəssisələrinin payına düşür. 

Son on ildə ali məktəblərə tələbə qəbulu 40 faizdən çox artıb. Dövlət sifarişli əsaslarla təhsil alan tələbələrin sayı iki dəfədən çox artıb.  Elmin nəticəyönümlü maliyyələşdirilməsi istiqamətində 300-ə yaxın alim hər ay maddi təşviqlə təmin olunur. Ümumi təhsil müəssisələrində rus dili bölmələrinin bağlanması ilə bağlı məsələ gündəmdə deyil.

Ümumilikdə 9 ali təhsil müəssisəsi "QS 2026" qlobal reytinqində yer alıb. Ölkəmiz "QS 2026" qlobal reytinqində Qafqaz regionu üzrə liderdir. 2024-cü ildə ilk dəfə iki Azərbaycan universiteti "Times Higher Education" reytinqində yer alıb. 2025-ci ildə bu sayın dördə yüksəlməsi gözlənilir

Həmçinin, Təhsil Tələbə Krediti Fondu üzrə bu günə qədər 63 minə qədər kredit müqaviləsi rəsmiləşdirilib", - deyə nazir qeyd edib.

O bildirib ki, avtobus qiymətlərini dövlət müəyyənləşdirmir: "2025-2026-cı tədris ilindən etibarən "Məktəbli avtobusu" layihəsinin arealı və imkanları genişləndiriləcək.  Bu, özəl-dövlət partnyorluğudur, nazirliyin avtobusu yoxdur. Bu qiyməti dövlət müəyyən etmir. Biz də istəyirik ki, qiymətlər aşağı olsun. Buna valideyn qərar verir ki, övladını bu avtobusla göndərsin ya yox".

Nazir qeyd edib ki, bu, dövlət və özəl sektorun əməkdaşlığının göstəricisidir:

"Nazirlik bu layihənin arealını və istiqamətlərini bu tədris ilindən genişləndiriləcək. Ödəniş məsələsini isə dövlət və nazirlik müəyyənləşdirmir. Biz də istəyərdik ki, qiymətlər daha aşağı və münasib olsun".

Nazir qeyd edib ki, müəyyən formada müəllim çatışmazlığı səbəbindən bəzi ixtisarlar ola bilər, amma bu, rus dili bölmələrinin bağlanması anlamına gəlmir: "Məktəblərdə sinif otaqlarının təmiri ilə bağlı müəllimlər və ya direktorlar tərəfindən pul yığılması qeyri-qanunidir."

Nazir qeyd edib ki, əgər belə hallar varsa, o zaman valideynlər, vətəndaşlar nazirliyə müraciət edə bilərlər:

"Bu hallarda məsələ araşdırılacaq və müvafiq tədbirlər görüləcək".

Elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib ki, “Formula 1” yarışının keçirildiyi əraziyə yaxın məktəblərdə sentyabrın ilk həftəsində tədris onlayn formada keçiriləcək.

O deyib ki, bu məktəblərin siyahısına 6, 34 və digər məktəblər əlavə edilə bilər.

Yeni tədris ilinin başlamasına bir neçə gün qalmış məktəbli formalarının rənglərinin dəyişdirilməsi ilə bağlı valideynlərin səsləndirdiyi iddialara aydınlıq gətirilib.

"Hər il tədris ilinin sonunda pedaqoji şuranın toplantısı keçirilir və müəyyənləşir ki, növbəti ildə məktəbli forması hansı rəngdə olacaq və bu qərar da valideynlərə çatdırılır. Əgər belə bir hal varsa və məktəblər tədris ilinin başlamasına sayılı günlər qaldığı vaxtda məktəbli formasının dəyişdirilməsi ilə bağlı qərar verib, yaxud valideynlərə hansısa xəbərdarlıq edib, bu hal araşdırılmalıdır. Əgər fakt öz təsdiqini taparsa, müvafiq tədbirlər görüləcək. Belə olan hallarda valideynlər nazirliyə müraciət edə bilərlər", - deyə nazir bildirib.

Elm və təhsil naziri Emin Əmrullayev fransız dili müəllimlərinin fransız dilinə marağın azalmasından narahat olduqlarına dair sualı cavablandırarkən deyib ki, fransız dili müəllimləri narahat olmasınlar.

O bildirib ki, əgər ixtisasartırma etmək istəyirlərsə, bunun üçün müraciət edə bilərlər.

Bənzər yazılar

0.071255207061768