Astara rayonunda kütləvi zəhərlənmə hadisəsi baş verib.
MillətinSəsi.İnfo “qafqazinfo.az”a istinadla xəbər verir ki, bu gün rayon sakini olan 15 nəfər Astara Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Onlardan 10 nəfər yoluxucu xəstəliklər şöbəsinə yerləşdirilib.
İlkin məlumata görə, zəhərlənmə rayonun Motlayataq kəndində olub. Zəhərlənənlər bir ailənin üzvləridir. Onlar qarpız alıb yediklərini, sonra özlərini pis hiss etdiklərini bildiriblər.
TƏBİB-dən verilən məlumata görə, bu gün 11:00 radələrindən etibarən müxtəlif qastrointestinal şikayətlərlə 8-i uşaq olmaqla, ümumilikdə 15 nəfər (9-u qadın, 6-sı kişi cinsli) Astara Rayon Mərkəzi Xəstəxanasının Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. Pasiyentlərdən 13-nün vəziyyəti qənaətbəxş, 2-nin vəziyyəti isə nisbi ağır qiymətləndirilir
Astara rayonunda baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) regional bölməsinin əməkdaşları tərəfindən müvafiq qurumlarla birgə araşdırmalara başlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı rayon polis şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, əməli törədən şəxsin, yaxud şəxslərin müəyyən olunması üçün tədbirlər görülür.
Cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.






































