Bələdiyyələrin gəlirləri azalır, tələblər isə çoxalır -

Bələdiyyələrin gəlirləri azalır, tələblər isə çoxalır -
20:17 08-10-2018 | icon 89

 

Bu günə qədər bələdiyyələrin üzərində, sadəcə, bələdiyyə ərazisində yaşayan əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardm məsələsi vardı. Amma mənim kimi kənd rayonlarını təmsil edən millət vəkilləri yaxşı bilir ki, bələdiyyələr bu istiqamətdə işlər görmürdülər və ya görə bilmirdilər.

Deyirdilər ki, bunun üçün bizim büdcəmizdə vəsait yoxdur. Vətəndaş isə qanunda bu məsələnin olduğunu və qanunla bələdiyyənin onlara dəstək olmalı olduğunu deyirdi. Bir sıra hallarda bələdiyyə ilə sakinlər arasında gərginlik, narazılıqlar yaranırdı.

Bunu milletinsesi.info-a açıqlamasında millət vəkili Qənirə Paşayeva deyib.

O, bu yöndə fikirlərini parlamentdə “Bələdiyyə maliyyəsinin əsasları haqqında” qanuna dəyişiklikləri nəzərdə tutan qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı da dilə gətirdiyini bildirib:

“Çıxışımda da demişdim və bu gün də demək istəyirəm ki, bir neçə gün əvvəl bələdiyyə ərazilərində reklam lövhələrinin yerləşdirilməsindən gələn gəlirin toplanması bələdiyyədən alındı. 

Məsələ bununla bağlı yaranmış orqana verildi və oradan gələn gəlirin, sadəcə, 10 faizinin bələdiyyələrə veriləcəyi bildirildi. İndi isə bələdiyyələrin üzərinə qəbiristanlıqarın salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması kimi əlavə səlahiyyət və vəzifələr də qoyulur.

Bunlar çox ciddi məsələlərdir və sabah bələdiyyələr qanunla üzərinə düşən vəzifələri “maliyyə təminatımız yoxdur”, - deyərək, etməyəndə vətəndaşla ciddi narazılıqlar yarana bilər. Ona görə bir daha hesab edirəm ki, bu səlahiyyətlərin verilməsi ilə yanaşı, bələdiyyələrin bu işləri həyata keçirə bilməsi üçün maliyyə mənbələri, qaynaqları məsələsinə mütləq baxmaq gərəkdir.

2019-cu il büdcəsində bunları nəzərə almaq və lazım gələrsə, bunun üçün bələdiyyələrə vəsait ayırmaq lazımdır. Yoxsa, bu sahədə hər hansı ciddi bir addım, işlər olmayacaq, tam əksinə sakinlərlə bələdiyyə arasında narazılıqlar arta bilər. İnanıram ki, növbəti oxunuşlarda bu məsələlərə ciddi diqqət yetiriləcək və öz həllini tapacaq.

Çünki qəbiristanlıqların salınması, saxlanılması, qorunması, idarə edilməsi, abadlaşdırılması və eyni zamanda, əhalinin aztəminatlı təbəqəsindən olan mərhumların dəfn və yas mərasimlərinin təşkilinə yardım məsələsi çox vacib məsələlərdir və onların həyata keçməsi üçün mexanizmlər işlək olmalıdır”.