Qənirə Paşayeva: "Müəllimlərə də ipotekada güzəşt edilsin"

Qənirə Paşayeva: "Müəllimlərə də ipotekada güzəşt edilsin"
17:22 05-10-2018 | icon 81

 

İki müəllimin övladı olaraq müəllimlik peşəsinin çox çətin, amma ən gözəl peşə olduğunu yaxşı bilirəm. Bizi yetişdirən, öyrədən müəllimlərimizi narahat edən bəzi məsələləri, onların təkliflərini buradan səsləndirmək istəyirəm.

Müəllimlərlə görüş zamanı onlar bu təklifləri Milli Məclisdə səsləndirməyimizi və öz həllinin tapmasını xahiş edirlər. Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir. Ev almaq və tikmək onlar üçün çox çətindir. 

milletinsesi.info xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva parlamentdə çıxış zamanı deyib.

O qeyd edib ki, ipoteka kreditlərinin isə şərtləri onlar üçün ağır olduğuna görə yararlana bilmirlər. 

Onun sözlərinə görə, ipoteka kreditləri, o cümlədən, ölkə prezidentinin sosial evlərlə bağlı imzaladığı sənədlər, tapşırıqlar çox önəmli bir məsələdir:

“Bu baxımdan, inanırıq ki, bu istiqamətdə işlər müvafiq qurumlar tərəfindən sürətlə aparılacaq, çünki buna böyük ehtiyac var. Amma bu layihənin şərtlərinə görə ondan yalnız 35 yaşdan az yaşı olan müəllimlər, gənc ailələr yararlana biləcəklər. Mən ipotekadan yararlana bilməyən müəllimlər barədə danışmaq istəyirəm.

Gələcəyimiz olan gənc nəsilləri yetişdirən müəllimlərin mənzil problemlərini çözmək üçün güzəştli ipotekadan istifadə edə bilməsi çox vacib məsələdir. Amma bu gün orta məktəb müəllimləri ipotekadan yararlanaraq öz mənzil problemlərini həll edə bilmirlər.

Özəlliklə orta məktəb müəllimləri ipoteka üçün müraciət edəndə onların əməkhaqlarının ipotekanın ödənişi üçün lazım olan standartlardan aşağı olması və s. şərtlər əsas gətirilir və onların əksəriyyəti bu sistemdən yararlana bilmirlər.

Ona görə orta məktəb müəllimlərinin sosial ipotekadan lazımi səviyyədə öz mənzil probleminin həlli istiqamətində yararlana bilməsi üçün mexanizmlərə ehtiyac var, onların da güzəştli ipotekadan yararlana bilən qrupa daxil edilməsinə böyük ehtiyac var.

Məsələn, 20 ilə yaxın və ondan çox iş stajı olan müəllimlərin güzəştli ipotekadan güzəştli qaydada istifadə edən qruplara daxil edilməsi müəllimlər üçün əsl bayram hədiyyəsi, təbriki ola bilər.

Bu, eyni zamanda, gənclərin müəllimlik peşəsində həyatını həsr etməsində də önəmli stimullardan biri olardı. Milli Məclisi müvafiq qurumlarla, hökumətlə büdcə müzakirələrindən öncə bu məsələni müzakirə etməyə və müəllimlərin təkliflərinin öz həllini tapmasına dəstək olmağa çağırıram. Hökumətimizi gələn ilin büdcəsində bu məsələni həll etməyə çağırırıq.

Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi və sosial evlər layihəsindən yararlana bilməsi çox vacibdir.

Xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin.

Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də hökumətimizdən qısa zamanda bu məsələyə baxmasını və müsbət həll olunmasını xahiş edirik”.