Bizləri düşünən varmı
bu məmləkətdə?

Bizləri düşünən varmıbu məmləkətdə?
16:30 04-10-2018 | icon 429

YUSİF SEYİD

Dünya, zəmanə neyləsin insanlar pisdirsə...

 Mən necə deyim ki, qanmıram ətrafımda baş verənləri? Necə deyim ki, dünya, zəmanə pisdir? Əgər bu dünyanı Yaradan insanlar üçün xəlq edibsə, deməli pis ola bilməz. Çünki, Yaradan hər şeyi mükəmməl yaradır. Lakin öz nəfslərinin qurbanına çevrilən bəzi insanlar bu mükəmməlliklərə qarşı çıxaraq onları məhv etməyə çalışırlar. Və özləri də bilmədən, bələkə də bilərəkdən yaşadıqları halda, ruhən intihar edirlər. Yəni, hər şeyə asi çıxaraq, son nəticədə hər şeydən məhrum olurlar.

Bilmirəm, fikir vermisiniz ya yox, son zamanlar ölkəmizdə baş verənlər mənə nədənsə, qədim dövürlərin saray intriqalarını xatırladır. Görürsən ki, dövləti idarə edən adil bir hökmdarı, öz ətrafı, məhz öz adilliyinə, xalqın rəğbətinə görə, məhv etməyə san atır. Bunun üçün ilk növbədə həmin adil hökmdarın qanunlarını pozaraq, xalqı ondan narazı salmağa çalışırlar ki, öz çirkin əməllərini həyata keçirdikləri zaman kölgədə qala bilsinlər.

Yenə də deyirəm, bu gün ölkəmizdə baş verənlər həmin hökmdarın zamanındakı hadisələrə çox bənzəyir.

Gözəl, mükəmməl qanunlarımız var, ancaq onlara əməl etməli olan bəzi məmurların cılızlığı, mənsəbpərəsliyi, yerlibazlığı, tayfabazlığı, rüşvətxorluğu, ikiüzlülüyü, riyakarlığı nəticəsində həmin qanunlar, bu qövmün əlində xalqı soymaq, talamaq, təhqir etmək, alçaltmaq üçün alətə çevrilir.

Məsələn, haqqında məhkəmə prosesinin hələ də davam etdiyi "MTN işi"-nə diqqət edin. Dövlətimizin başçısı bu qurumda çalışanlara xalqın, dövlətin müqəddəratını etibar etmişdi, bu da nəticəsi...

Yaxud, bu yaxınlarda ölkənin aztəminatlı əhalisinin taleyi həvalə olunan sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovu götürək. Dövlət başçısının etimadını doğrultmaq adı ilə illər boyu ancaq yalan danışan bu nazir, bu gün susur. "Susmaq qızıldır" - deyirlər.

Bəlkə də, Səlim Müslümov da düşünür ki, susmaqla dövlətdən və xalqdan taladıqlarını qızıla, brilyanta çevirərək şad-xürrəm yaşaya biləcək. Bəlkə də, bu fani dünyada belə olacaq, biz də bunu belə görəcəyik. Amma Allahın dərgahında yalanlar keçərli olmayacaq. Ən böyük günahlardan biri də, başqasının haqqını yeməkdir. Ələlxüsus da, haqqını yediyin insan məzlumdursa. Onda onlar sadəcə qarınlarını atəşlə doldururlar. Allahutəala buyurur ki, məzlumlara əziyyət verməyin, onların haqqını yeməyin, onda onlar məndən kömək istəyəcəklər və mən də onlara kömək edəcəyəm.

Bəli, bu dünyanın qanunlarından, ədalətindən pulla, sərvətlə, vəzifə səlahiyyətləri ilə, yalanla, böhtanla bəlkə də canını qurtara bilirsən, ancaq haqq dünyasında bunların heç biri keçməyəcək.

Deyəsən, giriş çox uzun çəkdi, keçək əsas məsələyə.

 Deyə bilərsinizmi ki, bu məmləkətdə adi insanların, əməkçilərin, pensiyaçıların həyatı, yaşamı ilə maraqlanan, onları düşünən bir məmur, səlahiyyət sahibi, deputar tanıyırsınızmı? Mən şəxsən tanımıram. Bilirsiniz niyə, bu məmləkətdə hamı ancaq özünü və ən yaxşı halda ətrafını düşünür. Adi vətəndaşların, cüzi təqaüd alan əməkçi-pensiyaçıların yaşam tərzi, mücadiləsi onlar üçün əsla maraqlı deyil.

Ələlxüsus da, həmin şəxs pensiyaçı-jurnalistdirsə, daha pis. Çünki bu məmləkətdə jurnalistikanı o qədər urvatdan salıblar ki, jurnalist sözünü eşidəni elə bil cərəyan vurur. Bu günlərdə bir jurnalist hamkarım danışdı ki, 40 ildən artıq jurnalistika sahəsində can qoymağıma baxmayaraq, bu ahıl vaxtımda Səlim Müslümovun "bütün dünyada nümunə ola biləcək" pensiya islahatları nəticəsində dilənmək məcburiyyətindəyəm.

-Təsəvvür edirsən? -dünən 220 manat pensiya almışam, bu gün onun 100 manatını həkimlərə, müayinələrə və s. verdim. Onların yazdıqları resept də 105 manatımı apardı, qalan on beş manatı da "sistem" köçürən tibb bacısına versəm, özüm qalıram Allahın, bir də Bakı zibilliklərinin ümidinə. Sabah da işıq, qaz, su xidmətlərindən gələcəklər ki, pulumuzu ver, yoxsa xəttləri kəsəcəyik.

Bu günlərdə eşitdim ki, deputatların da maaşlarını artırıblar, Allah bol eləsin! Amma bir şeyi heç cür anlaya bilmirəm ki, necə olur, mənim pensiyam artanda cəmi 10 manat artır, deputatların, məmurların, nazirlərin 300-500 manat..? Məgər biz eyni məmləkətdə yaşamırıq, eyni dükan-bazarlarda alış-veriş etmirik? Bilirsən, mən kimlərinsə pulunu saymaq kimi düşüncədə deyiləm, sadəcə olaraq baş verənlərdə bir məntiq arxtarıram, ancaq tapa bilmirəm...

Həmkarımın bu fikirlərindən sonra bir qədər düşüncəyə qapılmaşdım ki, çox hörmət etdiyim, iqtisadçı-alim kimi tanıdığım, deputat Vahid Əhmədövun bir təklifi gözümə sataşdı və məni lap hövsələdən çıxardı. Deputat təklif edir ki, may ayında dövlət büdcəsinə yenidən baxılmalıdır və bu zaman müəllimləri və həkimlərin maaşların artırılması məsələsi müzakirə olunmalıdır. Yəni, bu gün müəllim və həkimlərin insanlardan zor-xoş taladıqları onlara yetmir, bu səbəbdən də maaşlarının bir neçə dəfə qaldırılması məqsədəuyğun olardı.

Hörmətli deputat çox gözəl birilr ki, mən nədən danışıram. Bu gün həkim xəstədən bir qəbul üçün 20-30, hətta 50 manat tələb edir. Buraya ancaq məsləhətlər daxildir, müayinələrin haqqı ayrıca ödənilir.

Diqqət edin ki, həkimin bir posientlə məsləhətləşməsi maksimum 1 saat çəkir və bunun müqabilində 50 manat pul alır, deyilənlərə görə, bundan da yüksək məbləğlərin cövlan etdiyi klinikalar da ölkəmizdə az deyil. Necə olur ki, ölkədə gecə növbəsində, ağır iş şəraitində işləyən fəhlənin bir saatlıq işi 1-2 mantla qiymətləndirilir və onun maaşının artırılmasından bu məmləkətdə heç kim danışmır? Ancaq saatda 50 manat qazanan yəni, bir iş gününə fəhlənin bir aylıq maaşından çox pul qazanan həkimlərin maaşının artırlması müzakirəyə çıxaralır. Budurmu, sosial ədalət?

İndi mən deməyim, siz deyin, bütün pislikləri insanlar(daha doğrusu məmurlar)törətdikləri halda, mən necə deyim ki, dünya pisdir, zəmanə pisdir!