İtaliya şirkətinin rəhbəri Fərhad Əhmədovla aralarında olan mübahisəyə aydınlıq gətirib

İtaliya şirkətinin rəhbəri Fərhad Əhmədovla aralarında olan mübahisəyə aydınlıq gətirib
19:44 01-10-2018 | icon 319

Dünyada tanınmış İtaliya şirkəti "Paghera Green Service Societa Agricola S.R.L” şirkəti ilə Azərbaycan əsilli rusiyalı iş adamı Fərhad Əhmədov arasında mübahisə davam edir

Bu məsələ ilə əlaqədar İtaliyadan Azərbaycana gələn "Paghera" şirkətinin icraçı direktoru Massimo Alberti "Report"un suallarını cavablandırıb.

Cənab Massimo Alberti, siz ilk dəfə Fərhad Əhmədovla neçənci ildə tanış olmusunuz?


- Mən onunla ilk dəfə 2015-ci ildə tanış olmuşam.

- Fərhad Əhmədova məxsus "Baku Caspian Real Estate Limited” şirkətinin adına rəsmiləşdirilmiş həmin torpaq sahəsi neçə hektar idi?
- Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində yerləşən torpağın sahəsi, təqribən, 6-7 hektardır.

Bu yerdə M.Albertinin vəkili Kamandar Nəsibov əlavə edərək bildirib ki, həmin ərazidə "Baku Caspian Real Estate Limited” MMC-nin mülkiyyətində yalnız bir torpaq sahəsi var: "Əldə etdiyimiz rəsmi məlumata əsasən, həmin torpaq sahəsi də Bilgəh qəsəbəsi, Bağ küçəsi döngə 1, ev 1 ünvanda yerləşir. Burada özəlləşdirilmiş ev də 133 kv.m-dən ibarət olmaqla 10 sot torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi isə özəlləşdirilməyib və dövlətin balansındadır. Belə çıxır ki, həmin 6-7 hektar ərazi dövlət qeydiyyatından keçməyib. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı ərazisindən aldığımız cavabdan məlum olur ki, bu torpaq həmin şirkətin adından qeydiyyatdan keçməyib. Bununla bağlı biz bir neçə dövlət qurumlarına, o cümlədən, Sabunçu Rayon İcra Hakimiyyətinə sorğu ilə müraciət etmişik ki, həmin ərazininin kimə məxsus olduğunu müəyyənləşdirək.

...Burada özəlləşdirilmiş ev də 133 kv.m-dən ibarət olmaqla 10 sot torpaq sahəsində yerləşir. Həmin torpaq sahəsi isə özəlləşdirilməyib və dövlətin balansındadır

Bundan başqa, həmin ərazidə hansı hüquqi sənədlər mövcuddur və ümumiyyətlə, orada tikinti işləri aparmaq mümkündürmü? Biz sorğularımızı göndərmişik və bu suallarımıza cavab gözləyirik".

-Massimo Alberti, hər iki şirkət arasında ilkin müqavilə neçənci ildə bağlanılıb?


- İlkin müqavilə 14 dekabr 2016-cı il tarixində bağlanıb.

-Həmin müqavilə hansı dillərdə tərtib edilib?


- Aramızda olan ilkin müqavilə ingilis dilində tərtib edilib. Səbəb isə Fərhad Əhmədovun vəkillərinin İngiltərədə olmasıdır. Yəni vəkillər orada yaşayırlar. Müqavilədə əgər gələcəkdə hər iki şirkət arasında hər hansı mübahisə yaranacağı halda, bununla bağlı London məhkəməsinə müraciət olunması barədə müddəa qeyd edilib. Biz də bu şərtlərə görə, London məhkəməsinə müraciət etmişik. Biz müəyyən müzakirələrdən sonra "Baku Caspian Real Estate Limited” şirkəti ilə Bakıda müqavilə bağladıq.

- İlkin müqaviləyə əsasən, Fərhad Əhmədov sizə nə qədər pul verməli idi?
- İlkin müqavilənin şərtlərinə görə, bizə 6 milyon 357 min 813 avro verməli idi. Düzdü, o, əvvəl həmişə ödənişləri vaxtı-vaxtında ödəyib.

- Siz həmin müqaviləyə əsasən Fərhad Əhmədovun tikinti sahəsində hansı işləri görməli idiniz? Həmin işlər tərəfinizdən həyata keçirilibmi?
- Biz müqavilə üzrə görməli olduğumuz işlərin əksəriyyətini yerinə yetirmişik. Belə ki, ərazinin bütün yaşıllaşdırma layihəsini icra etdik. Evin içərisində olan iki "patio"nun yaşıllaşdırılması, abadlıq işləri, mərmər işləri, işıqlandırma işlərini gördük. Tennis kortunu inşa etdik. Hərəsi 150 kv.m-dən çox idi. Yerə döşənən mərməri İtaliyadan gətirmişik. Bundan başqa, hasarların qıraqlarına bitkilər və ağaclar əkilib. Mətbuatda gedən məlumatlara nəzər salsaq orada müəyyən şəkillər yerləşdirilib. Həmin fotolar isə iş başlananda çəkilib.
Axı onlar işlər görülüb tamamlanan ərəfədə çəkilməyib. Müqaviləyə əsasən, biz torpaq sahəsində 91 min 327 gül, bitki və ağac əkməli idik. Biz isə həmin obyektə 116 min 462 bitki gətirmişdik. Bunu ona görə etmişik ki, birdən nəsə bitkilər xarab olar. Daha sonra 21 min 535 ədəd bitkini dəyişdik. Bununla da 3600 bitkini müqavilədən artıq əkdik. Həmin bitkilərdən bəzilərinin qiyməti, təxminən, 1500 avrodan çox idi. Ümumiyyətlə, götürdükdə tərəfimizdən müqavilədən artıq 450 min avrodan çox məbləğdə işlər görülüb. Bir çox işlərdə bizi özümüzdən asılı olmayan səbəbdən gecikdirirdilər. Orada digər şəxslər də müəyyən tikinti işləri görürdü.

-Hər iki şirkət arasında ikinci əlavə büdcə razılaşması neçənci ildə bağlanılıb?


- 2017-ci ilin iyul ayının 20-də ikinci əlavə büdcə razılaşması imzalandı. Biz elə başa düşürük ki, işlər yaxşı olduğu üçün, onların xoşlarına gəldiyi üçün bizə belə bir müqavilə təklif etdilər. Bu təklif də birbaşa Fərhad Əhmədovun şəxsən özündən gəldi. Həmin müqavilədə Fərhad Əhmədov hansı işlərin görülməsi barədə göstəriş verib.

-Bəs razılaşmaya əsasən, Fərhad Əhmədovun sizə nə qədər pul verməsi nəzərdə tutulmuşdu?

Müqaviləyə əsasən, o, bizə 5 milyon 370 min 364 avro pul verməli idi.

-Fərhad Əhmədov daha əvvəl iş gedən zaman sizə hər hansı iradlarını bildirirdimi?

- Xeyir, bizə işlə bağlı hər hansı bir iradını bildirməyib. Görülən işlərdən də razı qalırdı. Əgər biz keyfiyyətli iş görmürdüksə, onda niyə əlavə büdcə razılaşmasını bağladı? Demək ki, işimizdən xoşu gəlib. Axı onlar əlavə büdcə razılaşmasının birinci və ikinci 30 faizini ödədilər.

Mətbuatda gedən məlumata görə, bir neçə dəfə onlar sizə xəbərdarlıq məktubları göndərib "Paghera”şirkətini hədələyiblər...

- Bəli, bizim şirkətin e-mailinə bir neçə xəbərdarlıq məktubları göndəriblər. Hətta mənim də öz e-mailimə bildiriş göndəriblər. Həmin xəbərdarlıqdan sonuncusu isə malların həmin əraziyə gəlib, axırıncı 30 faiz ödənişlərin ödənilmə vaxtı çatanda göndərildi. Onlar bizi boykot edib, əraziyə buraxmadılar. Bizə hədə-qorxu gəlib, həbslərlə hədələyirdilər. Mən də onların bildirişlərinə cavab veridim ki, yalan danışırsız. Xahiş edirdik ki, bizi əraziyə buraxsınlar, yerdə qalan işlərimizi də görüb qurtara bilək. Lakin qarşı tərəfdən bunu etmədilər, razı olmadılar. Təklif etdim ki, gələk müzakirə aparaq, lakin müzakirələrdən də, qaçdılar. Bizdə olan məlumatlara əsasən, başqa şəxslərlə həmin obyektdə olan bizə məxsus malları istifadə etməklə işlər görürlər.