Məmurlar Prezidentin qətiyyətindən qorxurlar, amma...

Məmurlar Prezidentin qətiyyətindən qorxurlar, amma...
10:12 11-06-2018 | icon 407

Hələ də rüşvətxor əməllərindən geri çəkilən məmur yoxdur


Cənab Prezidentin seçkilərdən sonra ciddi islahatlara başlaması ölkənin məmur ordusunu bərk silkələyib. Hakimiyyətin yuxarı hissəsində aparılmış təmizləmə prosesi artıq başaçatma ərəfəsindədir. Növbə icra hakimiyyət başçılarının saflaşdırılması mərhələsinə daxil olub. Artıq 6 icra başçısı vəzifəsi ilə xudafizləşib. Bu vəzifəsi ilə vidalaşan icra başçılarının hər biri uzun müddət idi ki, rüşvətxorluqlarına görə, sanki dünya birincisi olmaq uğrunda çalışırdılar. Nəticədə haqq etdikləri qiyməti aldılar. Xüsusən Binəqədinin, Tovuzun icra başçıları haqqındə xalq arasında dastanlar danışılırdı. Zalım və rüşvətxor kimi ad çıxarmış bu cür adamların vəzifədən çıxarılmaqları ilə kifayətlənmək azdır. Bu adamların fəaliyyətləri araşdırılmalı və barələrində ciddi cəza tədbirləri görülməlidir. Nə qədər ki, rüşvətxor məmurlar ancaq vəzifədən çıxarılmaqla cəzalandırılır, onların vəzifədə olduqları müddət ərzində əldə etdikləri oğurluq pul və sərvətlər əllərindən alınmır, bu olduqca ciddi və çox təhlükəlidir.

Buna görə də hər bir məmur vəzifədən çıxarıldıqdan sonra rüşvət hesabına dövlətdən və xalqdan oğurladıqları pulları və sərvətləri qısa zamanda xaricə daşıyıb özləri də heç bir maneə görmədən aradan çıxıb, yığdıqlarını gedib rahat-rahat orada yeyir və ölkəmizə zərbə vurmağa başlayırlar. Vəzifədə qalıb çalışanlar da bu təcrübədən faydalanaraq, vəzifədə olduqları hər gün, hətta hər saatdan belə, səmərəli istifadə edərək, var-dövlət və sərvət talamaqla, gələcəkləri üçün ehtiyat toplamaqla məşğul olurlar. Bu halda nə etməli, məmurların vəzifədən çıxarıldıqdan sonra hesabsız- kitabsız yola salınmaları kimi, çox ziyanlı halın qarşısını necə almalı?!

Bu sualın cavabını vermək heç də çətin deyil. Sadəcə, bu cür mənfi halların qarşısını almaq üçün vəzifədən çıxarılmış məmurları vəzifə fəaliyyətlərinin hərtərəfli yoxlanılmasına və bu barədə rəsmi açıqlamalar verilməsini mexanizm kimi, işə salmaq lazımdır. Əgər hər bir məmur vəzifəsindən azad olunarkən fəaliyyətinin yoxlanılacağını və nəticədə baş vermiş nöqsanlara görə, ondan məsuliyyət tələb ediləcəyini əvvəlcədən bilərsə, təbii ki, o, heç zaman genişmiqyaslı rüşvətxorluq, korrupsiya, talançılıq əməlləri ilə məşğul olmaz. Bu da xalqımızın hakimiyyəti təmsil edən məmurlardan narazılığını xeyli azaldar və buna görə ölkəmizin beynəlxalq imicinə dəyən zərbələr də müəyyən qədər zəifləyər.

Heç kim inkar etmir, əksinə, təsdiq edir ki, Azərbaycan regionun inkişaf etmiş dövlətidir. Hər bir qonşu dövlət ölkəmizlə əməkdaşlığa böyük önəm verir. Ermənistan xaric bütün qoşularımızla mehriban dostluq şəraitində yaşayırıq və onlarla ciddi siyasi, iqtisadi bağlantılarımız mövcuddur. Bu hal çox yaxşıdır və getdikcə gücləndirmək lazımdır. Lakin bəzi hallarda qonşu ölkələrlə və xarici partnyorlarla əlaqələrimizin gücləndirilməsi sahəsində də rüşvətxor məmur problemi münasibətlərimizə öz mənfi təsirini göstərir.

Ölkəmizdə rüşvətxorluq, korrupsiya hallarının və vəzifədən sui-istifadə mühitinin darmadağın edilməsi üçün ölkə Prezidenti dəfələrlə çıxışlar edib, bəyanatlar verib və bu gün də bu cür bəyanatlar və çıxışlar edilir. Lakin bütün görülən tədbirlərə, edilən xəbərdarlıqara, aparılan həbslərə baxmayaraq, vəzifədə əyləşmiş məmurların rüşvətdən əl çəkməsi problemi Azərbaycan üçün, xalqımız üçün ən böyük bəla olaraq qalır və bu halın nə zaman aradan qalxacağı barədə heç kim konkret və qəti söz söyləyə bilmir! Hətta bəzilərinin rüşvətxorluğu və korrupsiyanı xalqımızın milli mentaliteti ilə bağlamaq üçün cənfəşanlıq göstərməsi hallarına da təsadüf olunur. Ancaq dəqiq dərk etməliyik ki, bəşəriyyət və svilizasiya təşəkkül tapandan bəri rüşvətxorluq insanlıq üçün bəla və şərəfsiz hərəkət kimi daim qınanılıb, inkar, ifşa edilib və edilir!