Məktəbə getmək neçəyə başa gəlir?

Məktəbə getmək neçəyə başa gəlir?
15:47 29-08-2018 | icon 406

 

 

Yeni dərs ili ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) təşkil etdiyi məktəbli və ofis ləvazimatlarının topdan və pərakəndə satış yarmarkaları fəaliyyətə başlayıb.

Qeyd edək ki, yarmarkalar paytaxtın 10-a yaxın rayonunun ərazisində, eləcə də, “28 May”, “Memar Əcəmi”,“İnşaatçılar” və digər metro stansiyalarına yaxın ərazilərdə yarmarka çadırları fəaliyyət göstərir.

Yarmarkalardakı satış, məktəbli ləvazimatları və dərsliklərin qiymətləri ilə maraqlanaraq,  məktəbli səbətinin dəyərini müəyyənləşdirməyə çalışdıq.

Məlum olub ki, yarmarkalarda qiymətlər mağazalardan bir qədər ucuzdur. Bununla belə, müştərilərin sayı elə də çox deyil. Ancaq bu, satıcıları məyus etmir. Belə ki, onlar müştərilərin sayının artacağını düşünürlər. 

O ki qaldı qiymətlərə, cari dərs ili üçün məktəbli ləvazimatlarının qiymətləri aşağıdakı kimi dəyişir:

Rəngli karandaş 2-5 manat. Yerli məhsul olan “Oyal” karandaşları 6,50 manat  

Qələm - 0,2-1 manat

Rəsm albomu (vərəqlərinin sayından asılı olaraq) - 1-3 manat 

Pozan - 0,2-0,3 manat 

Su qabları -  8-12 manat

Adi məktəbli çantası -  8-45 manat 

Təkərli məktəbli çantası - 35-50 manat

Yapışdırıcı - 0,6-1 manat 

Dəftər - 0, 12-1.2 manat 

Yazı lövhəsi -  25-150 manat

Penallar - 3-9 manat

Ən ucuz sirkul - 1,5 manat

Xətkeş - 0,80-4 manat

Qayçı - 0,80-2 manat

Plastilin -  1,2-10 manat.

Metodiki vəsaitlərə gəlincə, birinci siniflər üçün riyaziyyatdan 3000 misal kitabı 1,60 manat, “Azərbaycan dili” 5 manat, “Azərbaycan dili” iş dəftəri 5 manat, “Azərbaycan dili” yazı dəftəri 4 manat, “Riyaziyyat” iş dəftəri  4,50 manat “Ana dili“” qiymətləndirmə 3 manat, “Uçmaza” riyaziyyat 2 manat, Məktəbəqədər hazırlıq üçün əlifba 4 manat, “Azbuka” 2 manat təşkil edir.

Nəzərə çatdıraq ki, yarmarkalarda məktəbli geyimləri satılmır. Səbətə məktəbli geyimlərinin qiymətlərini də daxil etdikcə, valideynin xərcləri artmış olur. 

Qeyd edək ki, hazırda bazarda Türkiyədən və Çindən gətirilən məktəbli geyimləri ilə yanaşı, Bakı Tikiş Evinin (BTE) tikərək satdığı məktəbli formaları var. 

İdxal geyimlərinin qiymətləri müxtəlif istiqamətdə dəyişir. Alıcıların sözlərinə görə, lirənin ucuzlaşması səbəbindən bu il Türkiyə istehsalı olan məktəbli formaları nisbətən ucuzdur.

Böyük partiyada satılan Bakı Tikiş Evinin məhsullarının qiymətlərinə gəldikdə,  I-VI siniflər üçün nəzərdə tutulan 26-44 ölçülü məktəbli formalarının qiyməti 40 manat, köynəklər 8 manat, jilet 8 manat, 26-42 ölçülü şalvarlar 15 manat, I-VI siniflər üçün yubkalar 15 manatdır.

Bundan çıxış etsək, məktəbə getmək yaşı çatan bir uşağın ən zəruri dərs ləvazimatları və geyimi minimum, eləcə də, kobud hesablamalarla valideynə 200 manata başa gələcək.

Leyla Əliyeva
FOTO: Sadiq Fərzəlibəy