Rusiya diplomatları ilə bağlı yaşanan böhran Putun iqtidarına nə vəd edir?

Rusiya diplomatları ilə bağlı yaşanan böhran Putun iqtidarına nə vəd edir?
12:11 28-03-2018 | icon 856

Nəsimi Məmmədli

“Soyuq Savaş” dönəmindən bu yana ilk dəfədir ki Rusiya belə irimiqyaslı diplomatik böhranla üzləşib. Böyük Britaniyada yaşayan sabiq kəşfiyyatçı Sergey Skripal və onun qızına qarşı martın 4-də Salisbury şəhərində törədilən suiqəsdə görə gərginlik böyüyür.

Qadağan olunmuş kimyəvi maddədən istifadə etməklə törədilən suiqəsdə görə İngiltərə hökuməti Rusiya xüsusi xidmət orqanlarını şübhəli elan edib. Artıq iki dövlət arasındakı gərginlik beynəlxalq xaraker almağa başlayıb və yüksələn xətlə davam edir.

Rəsmi London “Diplomatik əlaqələr haqqında Vyana Konvensiyası”nın tələblərinin pozulmasını rəhbər tutaraq 23 Rusiya diplomatını ölkədən çıxarmağa qərar verib. Britaniya-Rusiya münasibətlərinin əsasən pozulduğunu demək olar. Bütün münasibətlərə, o cümlədən iqtisadi, siyasi, mədəni və informasiya əlaqələrinin dayandırılması istiqamətində rəsmi London kompleks addımlar atacağını bəyan edib. Hətta bu il Rusiyada keçiriləcək futbol üzrə Dünya Çempionatına İngiltərənin hökumət nümayəndələri və kral ailəsinin üzvləri qatılmayacaq.

Durum çox gərgindir. Bir sıra qərb dövlətləri də Böyük Britaniya ilə həmrəylik göstərərək Rusiya diplomatlarını öz ölkələrindən çıxarmağa (“persona non-qrata”) başlayıb. Rusiya ətrafında cərəyan edən proseslər ciddi təhlükələr doğura bilər. Tərəflər arasında gərginliyin azaldılması təşəbbüsləri görünmür. Əksinə, daha da artır.

ABŞ prezidenti Donald Tramp 60 Rusiya vətəndaşını casusluq etməkdə şübhəli hesab edərək 7 gün müddətində ölkədən çıxarmaq qərarı verdi. Bu diplomatlar Rusiyanın Vaşinqtondakı səfirliyinin əməkdaşları və Nyu-Yorkda yerləşən BMT-də vəzifə tutan şəxslərdir. Bundan əlavə aprelin 2-dək Seattldakı Rusiya Konsulluğu da qapadılacaq.

Avropa Birliyi və Avropa Şurası da İngiltərə ilə həmrəy olduqlarını açıqladı. Almaniya, Fransa, Polşa, Çexiya, Ukrayna, Kanada və digər ölkələrdən çox sayda Rusiya diplomatlarının çıxarılmasına başlanılıb.

NATO üzvü olan 29 ölkə adından yayılan açıqlama da öz üslubuna görə xeyli sərtdir. Beynəlxalq norma və prinsiplərin, habelə müqavilələrin Rusiya tərəfindən çox kobud şəkildə pozulduğu bildirilir. İlk dəfədir ki NATO sərhədləri çərçivəsində təhlükəli kimyəvi qazdan istifadə edildiyinə diqqət çəkilir. Həmçinin Rusiyanın Britaniyaya izahat verməsinin vacibliyi qeyd edilir.
BMT Təhlükəsizlik Şurasının da Britaniyanın təcili çağırışı əsasında toplanacağı məlum olub.

Artıq Qərb-Rusiya münasibətlərinin gəldiyi nöqtə “qırmızı xətt”ə yaxınlaşıb. Rusiya tərəfinin də cavab reaksiyaları çox sərtdir. Rəsmi Moskva Britaniyanın və digər qərb dövlətlərinin bu yanaşmasını “bənzəri olmayan provokasiya” adlandırır. “Hansı dövlət Rusiya diplomatlarını öz ölkəsindən çıxaracaqsa, onun qarşılığının veriləcəyi” bəyan edilib. Rusiya xarici işlər nazirliyinin açıqlaması da hədə və xəbərdarlıq şəklindədir. “Rusiya güclü bir nüvə dövlətidir, heç kim bir nüvə dövlətini təhdid etməməlidir” tezisinin arxasındakı hədəni də sezməmək mümkün deyil. Rəsmi Londonun ultimatumunun da Rusiya tərəfindən qəbul edilməyəcəyi qeyd edilib.

Rusiyadakı hazırkı sosial-siyasi və psixoloji durum elədir ki, Putin administrasiyasının açıq şəkildə geri addım atması imkansız görünür. Rusiyanın dövlət televiziyası ilə yayılan sərt açıqlamalar da əsasən daxili auditoriya üçün nəzərdə tutulub. Rusiya cəmiyyəti Putin iqtidarının azacıq zəiflədiyini hiss etsə, o zaman ölkədə irimiqyaslı proseslər sürətlə başlaya bilər.

Ancaq bütün təhlillər göstərir ki Rusiyanın qərblə münasibətlərinin bu qədər gərginləşməsi ona baha başa gələcək. Rusiyanın resursları bu diplomatik böhrandan itkisiz çıxmağa yetərli deyil. Xüsusilə də ABŞ-ın tətbiq etdiyi və gələcəkdə AB ölkələrinin də qoşulması gözlənilən sanksiyalar Rusiyaya öz mənfi təsirlərini göstərməkdədir.

Müasir dünyanı nüvə silahı ilə hədələmək çarəsizliyin ifadəsidir. Putin adminstrasiyasının xarici siyasəti Rusiyanı çox çıxılmaz duruma sürükləməklə yanaşı, beynəlxalq arenada da ziddiyyətləri artırıb.
SSRİ dağılan ərəfədə (1991), RF-nın gələcək siyasi və təhlükəsizlik problemlərinin birgə həlli ilə bağlı Qərbin əsas söz sahibləri olan bəzi dövlətlər Rusiya ilə saziş imzalamışdı. (Bu sazişin açıq və gizli müddəaları barədə sızan bəzi məlumatlar var və 30 illik bir müddəti əhatə etdiyi ehtimal edilirdi) Rusiya iqtisadi baxımdan gücləndikcə 2007-ci ildən etibarən tədircən bu razılaşmaları pozmağa başladı.

Əslində hazırda yaşanan gərginliyə səbəb Britaniyadakı son suiqəsd olayı olsa da, daha köklü səbəblər var. Rusiyanın Orta Şərq və “Avrasiya İƏT” siyasəti, habelə, NATO-nun şərqə doğru genişlənməsi, ABŞ-ın İrana qarşı planlaşdırdığı yeni siyasətdə Rusiyanın “zərərsizləşdirilməsi” kimi bir çox mürəkkəb məsələlər var. Bundan əlavə Rusiyanın keçmiş sovet məkanı ilə bağlı yeni çox aqressiv siyasət yürütməyə hazırlaşdığı da ehtimal edilir.

“Yaxın Xaric” adlandırdığı regionlara siyasi-hərbi nəzarəti artırmaq iddiasındadır. Xüsusilə də tezliklə Ukraynada mövcud münaqişənin yeni mərhələyə qədəm qoyacağı istisna edilmir. Putin iqtidarı Rusiya cəmiyyətinin diqqətini daxildəki sosial-iqtisadi böhrandan yayındırmaq üçün xaricdə hər cür hərbi-siyasi avantüraya meyllidir. Rəsmi Moskva "odla oynayır".