Sürücülük vəsiqəsi olmadan avtobus sürən, qadını vurub üstündən keçən şəxs cəzasından narazı qalıb

 12-10-2023

Bakı Apellyasiya Məhkəməsində avtomobillə piyadanı vuraraq öldürməkdə təqsirləndirilən F.Mahmudovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az xəbər verir ki, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, onun apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə F.Mahmudov beş il altı ay müddətinə azadlıqdan məhrum edilib. Barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv olunaraq həbs qətimkan tədbiri ilə əvəz olunub və dərhal məhkəmə zalında həbsə olunub.

İttihama görə, 1972-ci il təvəllüdlü F.Mahmudov nəqliyyat vasitəsini idarə etmək hüququ olmadan idarə etdiyi avtomobillə yol hərəkəti qaydalarını pozaraq ehtiyatsızlıqdan zərərçəkmiş X.Vəliyevanın ölümünə səbəb olub.

Belə ki, o, 19 may 2014-cü ildə, saat 18:19-da şirkətlərin birinə məxsus avtobusla paytaxtın Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Ə.Mehbalıyev küçəsi ilə Bakıxanov qəsəbəsindən Qaraçuxur qəsəbəsi istiqamətində saatda 15 kilometr sürətlə hərəkətdə olarkən yolu keçmək istəyən piyada, zərərçəkmiş X.Vəliyevanı vurub, üstündən keçib. Ağır bədən xəsarətləri alan qadın dünyasını dəyişib.

Hadisədən doqquz il sonra F.Mahmudov məhkəmə qarşısına çıxarılıb. İstintaq orqanı tərəfindən onun barəsində Cinayət Məcəlləsinin 263-1.3-cü (Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarını sərxoş halda və ya nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan şəxs tərəfindən pozma, eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb

 

Bənzər yazılar

0.18563890457153