Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”

Emin Əmrullayev: “Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil”
20:21 10-06-2021 | icon 224

“Müəllimlərin setifikasiyasını pilot layihə olaraq bu il keçirməyi planlaşdırırıq”. milletinsesi.info-ın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev özünün “Facebook” hesabında canlı yayım zamanı bildirib.

Onun sözlərinə görə, burada məqsəd keyfiyyətli müəllimlərin düzgün qiymətləndirilməsi və təhsildə keyfiyyətin artırılmasına xidmət edir: “Müəllimlərimizin daim peşəkarlıq səviyyəsini artırmağının tərəfdarıyıq. Azərbaycanda müəllimlər 20 yaşlarından işləməyə başlayır və adətən 40 il məktəbdə çalışır. Bu dövrdə ibtidai sinif müəllimi 10 sinfə dərs deyir və hər sinifdə 25 uşaq varsa, 250 insanın həyatını dəyişir. Kimya, fizika və digər fənlərdə yüzlərlə şagirdin həyatı dəyişir. Sertifikasiya zamanı səriştəli müəllimlərin seçilməsi və qiymətləndirilməsi əsas məqsəddir”.

Nazir qeyd edib ki, payıza doğru sertifikasiya keçirilə bilər: “Prosesə cəlb olunacaq pedoqoji heyət üçün sınaqlar da keçiriləcək. Sertifikasiyanın məqsədi kimisə işdən çıxarmaq deyil, müəllimləri daim inkişafda saxlamaqdır. Yay ərzində müəllimlərin işəqəbul imtahanını da keçirməyi düşünürük. 13 imtahan mərkəzi olmaqla, 12 bölgədə - Bakı, Sumqayıt, Abşeron, Quba, Masallı, Gəncə, Mingəçevir, Şirvan, Kürdəmir, Ağcabədi, Şamaxı və Balakəndə müəllimlərin işəqəbul imtahanını keçirəcəyik”, - deyə nazir bildirib.

O əlavə edib ki, hər il 52 min nəfər imtahana qoşulur: “Bunun da nəticəsində doqquz minə yaxın insan işlə təmin olunur. Bu günə qədər 177 935 nəfər övladlarının “Yay məktəbi”ndə oxuması üçün 253 məktəbə müraciət edib”.

Onun sözlərinə görə, say kifayət qədər böyükdür və bunun artacağı gözlənilir: “Biz kəmiyyəti deyil, keyfiyyəti əsas tuturuq. Bu dövrdə şagirdlərin itirdikləri bilikləri müəllimlər bir qədər yaxşılaşdıra bilərlər. İstərdim ki, şagirdlər və valideynlər öyrənməyə meyl etsin. “Yay məktəbi” dərs ilinin uzadılması demək deyil.

Çalışırıq ki, uşaqları evdən çıxardıb nəsə öyrədək. Pandemiya dövründə şagirdlərdə müəyyən geriləmələr oldu. Bəzən müəllimlər narazılıq edirlər, lakin onlar şagirdləri öyrətməyə çalışmalıdır. “Yay məktəb”lərinin məzmununu daha zəngin etməyə çalışırıq”.

Nazir əlavə edib ki, nazirlik tərəfindən “Yay məktəb”i ilə bağlı metodiki göstərişlər məktəblərə göndərilib: “Bizim məqsədimiz 10 gün ərzində şagirdləri sinif otağına salıb, partada onları məcburi oturtmaq deyil. Biz istəyirik ki, sərbəst olsunlar, ünsiyyətdə olsunlar. Bu il məktəblərdə “Son zəng” keçiriləcək”.

Nazir bildirib ki, “Son zəng” tədbirlərinin şərtləri yaxın günlərdə elan ediləcək: “Açıq havada keçiriləcək. Müəyyən say məhdudiyyətləri tətbiq olunacaq. 100-dən artıq məzunu olan məktəblərdə bir neçə hissədən ibarət “Son zəng” tədbirlərini keçirməyi planlaşdırırıq. Karantin qaydalarına əməl etmək müəllim və şagirdlərdən tələb olunacaq. Bu il Azərbaycanda fəaliyyət göstərən ümumtəhsil məktəblərində XI sinfi 84 mindən çox şagird bitirir”. 

Onun sözlərinə görə, bu il IX sinfi isə 131 min 227 nəfər bitirir: “Eyni zamanda, I sinfə gedən 160 mindən artıq şagirdlər üçün fərqli il oldu. Yarı əyani, yarı distant dərs keçdilər. Koronavirus pandemiyası nəticəsində təhsilə dəymiş ziyanı aradan qaldırmalıyıq”.

 




0.31577301025391