Dünyada yol terroru: Hər 24 saniyədə bir nəfər ölür

Dünyada yol terroru: Hər 24 saniyədə bir nəfər ölür
18:00 17-05-2021 | icon 281

Hər 24 saniyədə avtomobil qəzalarında bir nəfər dünyasını dəyişir. Əslində yol nəqliyyat qəzaları uşaqlar və gənclər arasında ölüm hallarının əsas səbəbidir.

milletinsesi.info xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı BMT-nin təşəbbüsü ilə 6-cı Qlobal Yol Təhlükəsizliyi Həftəsi ilə bağlı çıxış edərkən deyib. 

H.Harmancı bildirib ki, iki il öncə Bakı Nəqliyyat Agentliyi ilə birlikdə planını qurduqları fəaliyyətlərin bu gün həyata keçirilməyə başlandığını görmək sevindirici haldır: “Bundan əlavə, 20-50 milyon arasında insan qeyri-ölümcül xəsarətlər alır və onlardan bir çoxu aldığı zədələr nəticəsində əlil olur. Yüksək sürət yol nəqliyyat hadisələrində alınan xəsarətlərin əsas səbəbidir, yüksək gəlirli ölkələrdə yollarda hər üç ölümdən biri sürətlə əlaqələndirilir.

Hesablamalara görə, nəqliyyat vasitələrindən istifadə edərkən insanların təxminən 40-50 faizi sürət həddini aşır, sürət aşağı salındıqda isə ölüm və xəsarət alma riski xeyli azalır.

2020-ci ilin əvvəllərindən etibarən COVID-19 qapanmaları və evdə işləyən insanlar səbəbindən nəqliyyatda hərəkətlilik azalıb. Bu, daha az avtomobil qəzasına səbəb olub. Lakin ölüm halları eyni nisbətdə azalmayıb, çünki insanlar daha yüksək sürətlə hərəkət edirlər. Yol nəqliyyat qəzaları əksər ölkələrdə ümumi daxili məhsulun 3 faizi nisbətində başa gəlir. Yol nəqliyyat qəzalarının qarşısını almaq mümkündür.

Ümumdünya Səhiyyə Təşkilatı BMT sistemində yol təhlükəsizliyi üzrə aparıcı agentlikdir. 2021-2030 illəri əhatə edən Yol Təhlükəsizliyi üzrə Onillik Fəaliyyət planı 2030-cu ilədək yol-nəqliyyat qəzalarında ölənlərin və yaralananların ən az 50% qarşısının alınmasını hədəfləyir."

Hande Harmancı bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı ən yüksək siyasi səviyyədə yol təhlükəsizliyini təbliğ edərək qlobal səylərin istiqamətləndirilməsində əsas rol oynayır: “Bu səylərə profilaktik tədbirlər və travmalar zamanı xidmətlərlə bağlı təcrübələrin,  məlumatların toplanması və paylanması; risklər və bu risklərin azaltmaqla bağlı ictimaiyyət ilə məlumat mübadiləsi və artan maliyyə ehtiyacına diqqət çəkmək daxildir.

Bu qəzalarla bağlı əsas risklər sürət həddini aşmaq, spirtli içki və digər psixoaktiv maddələrin təsiri altında avtomobil sürmək, o cümlədən motosiklet dəbilqələri, təhlükəsizlik kəmərləri və uşaqlar üçün avtomobil oturacaqlarının istifadə edilməməsi, diqqətin yayınması (mesaj yazmaq və eyni anda sürmək), təhlükəli yol infrastrukturu və nəqliyyat vasitələri, yol qanunvericiliyinin qeyri-qənaətbəxş icrası və qəzadan sonra yetərsiz qayğı ilə əlaqədardır”.

H.Harmancı avtomobilin sürəti nə qədər aşağı olarsa, piyadaların xəsarət və ölüm riski də bir o qədər az olacağını deyib: “Statistik məlumatlara əsasən piyadaların 30 km / saat sürətlə hərəkət edən bir nəqliyyat vasitəsi tərəfindən vurulması zamanı sağ qalma ehtimalı 99 %-dir. Bundan əlavə, dəlillər göstərir ki, 30 km / saat sürətli küçələr həyatları xilas etməklə yanaşı, piyada gəzintiyə, velosiped sürməyə və sıfır karbonlu hərəkətə təşviq edir. Bu hədəflər ÜST-nin Azərbaycanda başlamağı planlaşdırdığı “sağlam şəhərlər” təşəbbüsünün məqsədləri ilə üst-üstə düşür.

Sağlam şəhər bu fiziki və sosial mühitləri davamlı olaraq yaradan və təkmilləşdirən, insanların həyatın bütün funksiyalarını yerinə yetirməsinə imkan yaradan  bir şəhərdir. Ümumilikdə yol təhlükəsizliyinə vahid şəkildə yanaşma lazımdır. Bu, nəqliyyat, polis, səhiyyə və təhsil kimi bir çox sektorun iştirakını özündə ehtiva edir”.




0.28330111503601