Əsarətdən qurtulan məbəd - AĞOĞLANDAN VİDEOREPORTAJ

Əsarətdən qurtulan məbəd - AĞOĞLANDAN VİDEOREPORTAJ
10:00 15-05-2021 | icon 175

Yolumuz Azərbaycanın tarixi, dini və maddi-mədəniyyət nümunələri ilə zəngin olan Laçın rayonuna, daha dəqiq desək, burada yerləşən "Ağoğlan" məbədinədir. Səfərə gecə çıxmağımız bizə fürsət verir ki, bir neçə saatdan sonra Günəşin necə zühur etdiyinə bir də müqəddəs torpaqlardan şahidlik edək. Qarşıda 400 kilometrə yaxın yolumuz var. Gözəl yolçuluqdur, Azərbaycan əsgərinin fəth etdiyi yolları qət etmək, onların izi ilə getmək, onların açdığı cığırlarla irəliləmək...

Artıq Bakıdan uzaqlaşdıqca, geridə qoyduğumuz hər bir kilometr bizi mənzil başına bir az da yaxınlaşdırır. Azad edilmiş ərazilərə keçən zaman isə xeyirlə şərin fərqini müşahidə etməmək mümkün deyil. Bizi firavan həyatın hökm sürdüyü şəhərlərimizdən düşmən tərəfindən xarabalığa çevrilmiş yaşayış məntəqələrimizlə sadəcə məsafələr ayırır. Yolboyu düşmənin "əl izlərini" görürük: dağılmış evlər, viran qoyulmuş binalar, məhv edilmiş kəndlər və şəhərlər. Onlar hətta təbiətə qarşı da vəhşilik törədiblər.

Hər qaranlıq gecənin bir aydın səhəri var. Bu aydın səhəri Laçında qarşılamağın yaratdığı sevinc və qüruru isə sadəcə dillə ifadə etmək mümkün deyil. Çünki Laçını ancaq kitablardan, şəkillərdən, videolardan görən bir gənc nəslin nümayəndəsi kimi açığı desəm, həyəcanlanmamaq olmur. Axı, biz indi 29 il əvvəl öz evlərindən qovulan, işgəncələr verilən, zülmə məruz qalan, qətlə yetirilən analarımızın, bacılarımızın, qardaşlarımızın bir zamanlar yaşadıqları yerdəyik. Biz indi bu yerlərə döyüş meydanında qazandığımız möhtəşəm qələbə ilə qayıtmışıq, qalib kimi dönmüşük.

İnsanların inanc yeri

Elə bu qələbə ruhu ilə rayonun Ağoğlan kəndinə çatırıq. Bu kəndin ərazisində mövcud olan mədəniyyət nümunələri və memarlıq abidələri Azərbaycan tarixini ən qədim zamanlara, hətta antik dövrlərə qədər aparıb çıxarır. Kəndin ən möhtəşəm abidəsi isə Qafqaz Albaniyası dövrünə aid "Ağoğlan" qəsr kompleksidir. Füsunkar gözəlliyi, səfalı təbiəti ilə seçilən kənd dəniz səviyyəsindən 1 250-1 300 metr yüksəklikdə, rayon mərkəzindən isə 26 km cənub qərbdə yerləşir.

Uzun illər düşmən işğalı altında olan "Ağoğlan" məbədi rayonun Ağoğlan kəndində, eyniadlı çayın sağ sahilində yerləşir. Araşdırmaçılar yazırlar ki, "Ağoğlan" məbədinin tarixi çox qədimlərə, hətta xristianlıqdan da əvvəllərə qədər gedib çıxır və bura hər zaman ziyarətgah olub. Ona görə də yerli əhali tərəfindən bura əvvəllər “Ağoğlan piri” adlandırılıb və inanc yeri kimi istifadə edilib. V-VI əsrlərə aid alban monastırı olan tarixi abidə əvvəllər qəsr olub, lakin müxtəlif dövrlərdə dağıntılara məruz qaldığından IX əsrdə kilsə üslubunda yenidən inşa edilərək monastr formasına salınıb. Köhnə divarlar üzərində yeniləri tikilsə də, abidə ilk bünövrəsini olduğu kimi saxlayıb və alban dövrü memarlığının möhtəşəm nümunələrindən birinə çevrilib.

Monastıra “Ağoğlan” adı niyə verilib?

Məbədin qəsr kimi tanınması rəvayətlərdə də öz əksini tapıb. Rəvayətlərə görə, qədim zamanlarda bu ərazidən keçən gənc bir səyyah buranın gözəl təbiətinə heyran olub və bu məkanda qəsr tikdirmək qərarına gəlib. O, ətrafında yerli əhalidən tikinti işini bacaran könüllü dəstə toplayaraq işə başlayıb. Xalqın sevgisini və rəğbətini qazanan gənc, çox yaraşıqlı, saf və təmiz bir insan olduğundan yerli əhali onu “Ağoğlan” adlandırırmış.

Möhkəm bazalt daşlardan tikilmiş bu möhtəşəm monastır alban xristian memarlığı abidələri içərisində xüsusi yer tutur. Kifayət qədər böyük ölçülərə malik olan məbədin binasının daxili hissəsi üç hissədən ibarətdir. Abidənin içərisində daşlardan hörülmüş açıq dam örtüyünü saxlayan hündür daş sütunları yerləşir. Məbədin içərisini işıqlandırmaq üçün isə divarlarda ensiz və uzunsov pəncərələr var.

Tarixi tikili qədim zamanlarda “Qaranquş qəsri” adı ilə də tanınıb. Bununla bağlı yayılan rəvayətlərə görə, günlərin bir günü, günorta yeməyi vaxtı bir qaranquş aşpazın başına fırlanıb, onun camaata yemək verməsinə mane olmağa çalışırmış. Ətrafdakı insanlar quşun bu hərəkətinə maraqla tamaşa etsələr də, lakin heç nə anlamayıblar. Anidən qaranquş özünü qaynar qazanın içinə ataraq öldürür. Bundan qəzəblənən aşpaz yeməyi kənara boşaldarkən qazanın içərisində ölmüş ilanın olduğunu görür.

Qəsrin sahibi xilaskar quşun ölüsünü təntənə ilə tikilinin yanında basdırır və qəsri də onun şərəfinə “Qaranquş qəsri” adlandırır. Lakin sonradan qəsrin bu adı unudulub və məbədə çevriləndən sonra xalq arasında “Ağoğlan” kimi tanınmağa başlanıb.

İşğal dövründə erməni terroruna məruz qalan abidə

İşğal dövründə ermənilər “Ağoğlan” monastırının memarlıq quruluşunda və interyerində dəyişikliklər ediblər. Onlar abidənin divarında əks olunmuş yazıları korlayıb və siliblər. Hətta bəzi tarixi simvolların və ornamentlərin formalarını dəyişdirərək tanınmaz hala salıblar. Düşmən bununla Azərbaycan xalqına məxsus olan mədəni irsi özününküləşdirməyə çalışsa da, ilahi ədalət onların arzularını sadəcə ürəklərində qoyub.

Düşmən tərəfindən monastrın özəlləşdirilməsi çərçivəsində erməni vandalizminin qurbanı olan məbədin ətrafına 4 qəbir daşı düzülüb və təmir olunaraq erməni kilsəsi kimi təqdim edilib. Daşların üzərinə erməni xaçları çəkilib. Onlar məbədi təmir etmək adı altında abidənin divarları üzərində dəyişikliklər ediblər. Məbədin guya xristianlığın qriqoryan məzhəbinə məxsusluğunu göstərən 26 yazı lövhəsini abidənin divarlarının müxtəlif yerlərinə bərkidiblər.

Saxtakarlıqlarından əl çəkməyən ermənilər bu dəfə kompleksin ümumi giriş qapısının önündə İrəvandan gətirilmiş xaçdaşlar basdırıb, binanın fasadını söküb kirəmid və dəmirlə əvəzləyiblər.

Onlar bu çirkin və saxtakar əməlləri ilə Azərbaycan xalqına, dövlətinə, millətinə məxsus olan irsi ələ keçirməyə çalışıblar. Amma təbii ki, onların bu arzuları sadəcə ürəklərində qaldı. Bu gün isə bu torpaqların və burada yerləşən tarixi, dini və mədəni irsin əsl sahibləri artıq geri dönüb. Geri dönüş qələbə ilə, qalibiyyətlə, əzmkarlıqla, güc və qüdrətlə reallaşıb. Qayıdışımız əbədidir.




0.48410606384277