Xilaskar

Xilaskar
11:26 10-05-2021 | icon 1659

Vaqif Abdullayev

Siyasi elmlər doktoru, professor,

YAP Siyasi Şurasının üzvü

 

Bu gün müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 98-ci ildönümüdür. Heydər Əliyev milli dövlətçiliyimizin banisi, müstəqilliyimizin rəmzidir. Onun yazdığı tarix qurtuluş, inkişaf, milli tərəqqi salnaməsinə çevrilib.

Heydər Əliyev həmişə öz xalqını dərin məhəbbətlə sevmiş, sovet dövründə, və müstəqillik illərində Azərbaycanın inkişafı üçün çox böyük fədakarlıq göstərmişdir. O bütün həyatını Azərbaycan xalqına həsr etmiş, dövlətimizə ləyaqətlə xidmət etmişdir.

 “Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub”, - deyən Heydər Əliyev istər sovet dönəmində, istərsə də müstəqillik illərində qüdrəti və zəkası, böyük müdrikliyi və uzaqgörənliyi ilə Azərbaycanı dünya məmləkətləri sırasında layiqli yerə çıxarıb.

Ümummilli liderin Siyasi Əmanəti, xalqımızın böyük məhəbbətlə dəstəklədiyi və sevdiyi Prezident İlham Əliyevin Heydər Əliyev barədə xatirələrində bəzi məqamlar dahi şəxsiyyətin parlaq obrazını tam möhtəşəmliklə əks etdirir.

 

184765830_553388265647845_7281815454099551696_n

 

“Heydər Əliyev dahi şəxsiyyət, uzaqgörən lider, cəsarətli insan idi. O, öz həyatını doğma xalqına həsr etmişdir. Bütün dövrlərdə xalqa ləyaqətlə, sədaqətlə xidmət etmişdir. Sovet dönəmində və müstəqillik dövründə Azərbaycan üçün, xalqımız üçün ən həlledici anlarda Heydər Əliyevin liderlik keyfiyyətləri, onun müdrikliyi, düşünülmüş siyasəti və cəsarətli addımları xalqımızı böyük bəlalardan xilas etmişdir. Xalq ona inanırdı, onu sevirdi və bütün dövrlərdə ona arxa-dayaq olmuşdur”.

Ulu öndərin ailəsində yetişmiş möhtəşəm insan, xalqımızın fəxr və qüruru ünvanı olan Birinci Vitse-prezident Mehriban Əliyeva Heydər Əliyev haqqında danışarkən Onun heyrətamiz dahi şəxsiyyət olmasına heyranlığını gizlədə bilmir:

“Heydər Əliyev müdrik, güclü, cəsarətli, nəhəng intellektə və yenilməz iradəyə malik olan bir insan idi. Eyni zamanda, onun ailə üzvü olaraq demək istərdim ki, o, çox xeyirxah, mərhəmətli və humanist insan idi. Adi insanlarla münasibətdə o, çox sadə və ədalətli idi...”

Xalqımız bu il öz Ümummilli liderinin 98 illik yubileyini ərazi bütövlüyü təmin edilmiş, azad Qarabağlı Azərbaycanın qürurlu günlərində qeyd edir. Qarabağ Heydər Əliyevin ən əziz və doğma ünvanı idi. Ulu öndər Qarabağı çox sevirdi, bu torpaqlara çox bağlı idi, Qarabağın inkişafı məhz Onun adı ilə bağlıdır.

Onun respublikamıza rəhbərlik etdiyi 1970-80-ci illərdə Qarabağda böyük quruculuq işləri aparıldı, Şuşa şəhəri və digər rayonlar çox sürətlə inkişaf etdi. Şuşa və Kəlbəcər kurort şəhərləri kimi böyüdü, Turşsuda Şuşaya su çəkildu, Şuşada sanatoriyalar, turist bazaları, yeni məktəblər, toxuculuq kombinatı, minlərlə kvadratmetr mənzil sahəsi tikildi, 1982-ci ildə Qarabağın ən uca zirvəsində Şuşada Vaqifin məqbərəsini ucaltdı. Hadrutda, Tuğda məktəb və səhiyyə ocaqları salındı. 1973-cü ildə Xankəndidə Pedaqoji İnstitut açıldı.

Geniş abadlıq-quruculuq işləri Dağlıq Qarabağın bütün yaşayış məntəqələrində aparıldı, Qarabağın siması dəyişdi. Qarabağın hər guşəsində Heydər Əliyevin əl izi var, vaxtilə inşa edilmiş bütün infrastrukturlar və müəssisələr, abidələr Onun yadigarıdır. Təəssüf ki, erməni vandalları onların hamısını məhv etdi.

Ulu öndər ikinci dəfə Azərbaycana rəhbərlik edəndə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində Ermənistanın işğalı altına düşmüş, viran olmuş Qarabağ problemi və 1 milyon məcburi köçkün kimi ağır yükün altına girməli oldu. Bütün gücü ilə erməni işğalının aradan qaldırılmasına çalışdı, erməni faşizminin mahiyyətini bütün dünyaya göstərdi, beynəlxalq tribunalardan Azərbaycanın haqq səsinin dünyaya duyurdu. BMT-də, beynəlxalq təşkilatlarda Ermənistanın işğalçılığını təsdiq edən qətnamə və sənədlərin qəbul edilməsinə nail oldu.

Ulu öndər Heydər Əliyev qəti bir əminliklə Qarabağımızın düşmən tapdağından azad olunacağına inanırdı. “Bizim əsas problemimiz Ermənistanın Azərbaycana təcavüzünü aradan qaldırmaq, işğal olunmuş torpaqlarımızı azad etmək, respublikanın ərazi bütövlüyünü təmin etməkdir.

Dağlıq Qarabağ Azərbaycanın ərazisidir. Azərbaycan torpağıdır. Dağlıq Qarabağda azərbaycanlılar əsrlər boyu yaşamışlar, yenə yaşayacaqlar” deyən Ümummilli lider hər dəfə məcburi köçkünlərlə görüşəndə doğma yurd-yuvalarına dönəcəkləri günün uzaqda olmadığını bildirirdi.

Heydər Əliyev Qarabağın Ermənistanın işğalından azad edilməsi üçün gecə-gündüz çox əziyyətlər çəkirdi, mövcud siyasi-hərbi reallıqlar buna mane olurdu. Öz varisi Cənab İlham Əliyevə Qarabağın geri alınmasını, bu çətin və məsuliyyətli missiyanı nəsihət etdi. İlham Əliyev Ata vəsiyyətini yerinə yetirdi, 44 günlük Vətən Müharibəsində erməni faşizminin başını əzdi.

Bu gün Ulu öndərin ruhu şaddır, Onun ən böyük arzusu olan Qarabağ özümüzdədir, Şuşada üçrəngli ay-ulduzlu Azərbaycan bayrağı dalğalanır.

“Şuşa təkcə şuşalılar üçün yox, bütün azərbaycanlılar üçün vətənini, millətini sevən hər bir vətəndaşımız üçün əziz bir şəhərdir, əziz bir qaladır, əziz bir abidədir. Şuşasız Qarabağ, Qarabağsız isə ümumiyyətlə Azərbaycan yoxdur” deyən Ümummilli liderin Şuşadakı qurub-yaratdığı zəngin irsi, memarlıq abidələri, Vaqifin məqbərəsi, Üzeyirin, Bülbülün, Natəvanın ev muzeyləri və bütün tarixi yadigarları bərpa olunur.

Bu gün daha məcburi köçkün yoxdur, azad Qarabağ hər bir sakininə öz qucağını açıb. İşğaldan azad edilmiş ərazilərimizdə böyük yenidənqurma işləri başlayıb, Cənab Ali Baş Komandan qollarını çırmayaraq Qarabağı, Şuşamızı yenidən qurur. Ulu öndərin vaxtilə vüqarla, coşğu ilə gəzdiyi Qarabağımızı dirçəldir.

Birinci Vitse-Prezident, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Ulu öndərin arzularını həyata keçirir, Qarabağda, Şuşada quruculuq işinə töhfə verir, tarixi abidələrimizi bərpa edir.

 




0.7552490234375