Cavanşir Paşazadə: "Allahşükür Paşazadənin məhkəməyə verilməsi yalan məsələdir"

Cavanşir Paşazadə: "Allahşükür Paşazadənin məhkəməyə verilməsi yalan məsələdir"
16:55 08-05-2021 | icon 993

Mediada yayılan xəbərlərə görə paytaxt sakini Seymur Quliyev Milli Məclisin üzvü Əliabbas Salahzadə və həyat yoldaşı Xatirə Salahzadəni, həmçinin atası, keçmiş deputat Qalib Salahzadəni məhkəməyə verib. 

Belə ki, S.Quliyev adıçəkilən şəxsləri Bilgəh qəsəbəsində özünə məxsus yaşayış mülkünü, torpaq ərazisini mənimsəməkdə günahlandırır.

Zərərçəkmiş şəxs bununla əlaqədar olaraq məhkəməyə müraciət etdiyini də deyir. Bundan əlavə məhkəməyə təqdim olunan sənəddə Qafqaz Müsəlmanları İdarəsinin sədri Allahşükür Paşazadə üçüncü şəxs kimi təqdim olunur.

Məsələni dəqiqləşdirmək üçün Allahşükür Paşazadənin qardaşı, deputat Cavanşir Paşazadə ilə əlaqə saxladıq.

Deputat Sfera.az-a açıqlamasında şeyxin məhkəməyə verilmədiyini bildirdi:

"Bu kimi xəbərləri mən də bəzi saytlarda oxumuşam. Lakin onu deyim ki, Allahşükür Paşazadənin məhkəməyə verilməsi yalan məsələdir. Qalib Salahzadə isə bu mövzu ilə əlaqədar olaraq bir neçə dəfə məhkəməyə verilib. Qalib Salahzadə bildirir ki, torpağın sənədləri onda var. Bu məsələni mən dəqiqliklə bilə bilmərəm, onu deyə bilərəm ki, məsələnin şeyxə heç bir aidiyyatı yoxdur".

C.Paşazadə mübahisəli mülk məsələsinin məhkəmə tərəfindən həll ediləcəyini diqqətə çatdırıb:

"Şikayətçi şəxs məhkəməyə müraciət edibsə, məhkəmə lazımı qərarı verəcək. Əgər doğrudan da Qalib Salahzadə Seymur Quliyevin torpağını mənimsəyibsə, o zaman məhkəmə tərəfindən qətnamə veriləcək. Lakin belə hal olmayıb, yalandır".




0.29751801490784