İki generalın karyerasının sonu: DSX və FHN də ləğv ediləcək?

İki generalın karyerasının sonu: DSX və FHN də ləğv ediləcək?
13:49 04-05-2021 | icon 11552

Azərbaycan hakimiyyəti kadr və struktur islahatlarını davam etdirmək niyyətindədir. 

HİT.Az-ın əldə etdiyi məlumata görə, iqtidarın zirvəsində hesab edirlər ki, idarəetmənin təkmilləşdirilməsi baxımından bu günə qədər aparılan islahatlar yetərli deyil. Daha bir neçə məmurun əvəzlənməsi, yaxud qurumun ləğv edilməsi qərara alınıb. Ləğv edilməsi planlaşdırılan qurumlar sırasında isə, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi (FHN) ilə Dövlət Sərhəd Xidməti (DSX) gəlir.

FHN Prezident İlham Əliyevin 16 dekabr 2005-ci il tarixli sərəncamı ilə yaradılıb. 2006-cı il fevralın 6-da isə Kəmaləddin Heydərov Fövqəladə Hallar naziri təyin edilib.

Hazırda Kəmaləddin Heydərovun 8 müavini var:

1.    Rəfail Xalid oğlu Mirzəyev – Birinci müavin
2.    Faiq Cavad oğlu Tağı-zadə
3.    Etibar Böyükbəy oğlu Mirzəyev
4.    Ragim Əhəd oğlu Lətifov
5.    Orucəli Məmməd oğlu Hacıyev
6.    Teymur Ramiz oğlu Mehdiyev
7.    Tapdıq Əhliman oğlu Əmiraslanov.

Nazirliyin aparatına 14 idarə daxildir: 

1.    Fövqəladə halların xəbərdar edilməsi və daxili təhlükəsizlik Baş idarəsi
2.    Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş İdraəsi
3.    Kadr siyasəti Baş İdarəsi
4.    Maliyyə-iqtisadiyyat Baş İdarəsi
5.    Baş əməliyyat idarəsi
6.    Mülki müdafiə işinin təşkili Baş İdarəsi
7.    Regional mərkəzlərlə işin təşkili, layihələrin idarə edilməsi və təhsil məsələləri üzrə Baş idarəsi
8.    Hüquq idarəsi
9.    Statistika və informasiya texnologiyaları idarəsi
10.    İctimaiyyətlə əlaqə idarəsi
11.    Beynəlxalq əlaqələr idarəsi
12.    Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş idarəsi
13.    Rabitə idarəsi
14.    Komendant xidmətinin təşkili və texniki təminat idarəsi.

FHN-nin strukturuna isə 23 qurum daxildir:

1. Dövlət Yanğından Mühafizə Xidməti
2. Dövlət Yanğın Nəzarəti Xidməti
3. Mülki Müdafiə Qoşunları
4. Dövlət Material Agentliyi
5. Su Ehtiyatları Dövlət Agentliyi
6. Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi
7. Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi
8. Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi
9. Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti
10. Xüsusi Riskli Xilasetmə Xidməti
11. Xəzər Hövzə Qəza-xilasetmə Xidməti
12. Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi
13. “İzotop” Xüsusi Kombinatı
14. Əməliyyat-istintaq İdarəsi
15. Elm istehsalat Birliyi
16. Mərkəzi laboratoriya
17. Əsaslı Tikinti idarəsi
18. Maddi Texniki-Təchizat İdarəsi
19. Aviasiya dəstəsi
20. Tədris təlim mərkəzi
21. FHN-in Akademiyası
22. İdman sağlamlıq klubu
23. Tibb Xidməti.

FHN-nin həm də 9 regional mərkəzi var:

1. Bakı Regional Mərkəzi
2. Sumqayıt Regional Mərkəzi
3. Şimal qərb regional Mərkəzi
4. Şimal Regional Mərkəzi
5. Gəncə Regional Mərkəzi
6. Aran Regional Mərkəzi
7. Muğan Regional Mərkəzi
8. Qarabağ Regional Mərkəzi
9. Cənub Regional Mərkəzi.

Göründüyü kimi, FHN digər nazirliklərlə müqayisədə kifayət qədər geniş səlahiyyətləri və çoxsaylı tabeli qurumları olan dövlət təsisatıdır. Kəmaləddin Heydərov isə uzun müddətdir yüksək vəzifədə təmsil olunan məmurlar kateqoriyasına aiddir. 16 ildir FHN-ə rəhbərlik edən nazir bundan əvvəl 11 il də Dövlət Gömrük Komitəsinin sədri olub. Beləliklə, Kəmaləddin Heydərov 27 ildir ki, yüksək vəzifəli məmurdur. 
Məlumatda qeyd edilir ki, FHN ləğv edildikdən sonra onun səlahiyyətləri bir neçə qurum arasında bölüşdürələcək. 

DSX-yə gəlincə, qurum əvvəllər Milli Təhlükəsizlik Nazirliyinin (MTN) tərkibində olub. Həmin vaxt Sərhəd Qoşunlarının komandanı həm də Milli Təhlükəsizlik nazirinin müavini vəzifəsini daşıyırdı. Mərhum Prezident Heydər Əliyevin 31 iyul 2002-ci il tarixli Fərmanı ilə Sərhəd Qoşunlarının bazasında Dövlət Sərhəd Xidməti yaradılıb və qurum müstəqil təsisata çevrilib. İndi yenidən DSX-nin MTN-nin xələfi olan Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) tabeliyinə verilməsi düşünülür. 

DSX-nin rəisi Elçin Quliyev 2001-ci ildə Sərhəd Qoşunlarının komandanı, Milli Təhlükəsizlik nazirinin müavini təyin olunub. 2002-ci ildən isə Xidmətin rəisi kimi fəaliyyətdədir. Beləliklə, aydın olur ki, Elçin Quliyev 20 ildir eyni vəzifədədir. 

FHN və DSX-nin ləğvindən sonra Kəmaləddin Heydərovla Elçin Quliyevin uzun müddət vəzifədə olduqlarını nəzərə alsaq, onların yenidən hansısa yüksək vəzifəyə təyin olunacağı inandırıcı görünmür. Həmçinin adıçəkilən məmurların kiminsə tabeliyində çalışacaqları inandırıcı görünmür. Ona görə də onların da sabiqlərın sırasına qoşulacağını düşünmək olar.  

Mənbə HİT.Az




0.30365109443665