Elçin Əmirbəyov: “Bəzi ekspertlər Ağdamı Naqasaki, Hiroşima və Sarayevo ilə müqayisə edirlər”

Elçin Əmirbəyov: “Bəzi ekspertlər Ağdamı Naqasaki, Hiroşima və Sarayevo ilə müqayisə edirlər”
17:07 12-04-2021 | icon 1551

“Ağdam şəhərinin bugünkü vəziyyətini Naqasaki, Hiroşima, Vukovar, Sarayevo, Drezden kimi şəhərlər ilə müqayisə edirlər”. “Report” xəbər verir ki, bu barədə Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov beynəlxalq analitik mərkəzlərin nümayəndələrinin Ağdam rayonuna səfəri zamanı jurnalistlərə açıqlamasında deyib.

“Bu, birinci dəfə deyil, siz özünüz də görürsünüz ki, bir neçə dəfə müxtəlif xarici qruplar buraya səfər edib. Bu gün gəlmiş qonaqlar 15-dən çox ölkənin beyin mərkəzində çalışan siyasətşünaslardan, politoloqlardan ibarətdir. Bu, o insanlardır ki, hərəsi öz ölkəsində bu mövzu ilə bağlı, Ermənistan və Azərbaycan arasında baş verən münaqişə ilə bağlı vəziyyəti işiqlandırır”, – Elçin Əmirbəyov bildirib.

O deyib ki, buna görə, həmin ölkələrə bu mövzuda vəziyyətin və reallıqların, həqiqətlərin çatdırılması baxımından səfərlərin rolu çox böyükdür.

“Ona görə də onların buraya gəlməsinin əsas səbəbi Ermənistan tərəfindən Azərbaycana qarşı, bizim xalqımıza qarşı törədilmiş bu vəhşilikləri öz gözləri ilə görmələridir. Bilirsiniz ki, ermənilər bu işğalı və vandallığı törətdiklərinə baxmayaraq, öz lobbiçilik qüvvələrinə arxalanaraq yenə də bizə qarşı informasiya müharibəsi aparırlar. Sözsüz ki, bu baxımdan bu cür səfərlər davam etdiriləcək, müxtəlif qonaqlar yenə də buraya gətiriləcək və vəhşiliyə məruz qalmış şəhərlər onlara bir-bir göstəriləcək”, - deyə o qeyd edib.

“Ağdam şəhərinə gəldikdə isə, biz bayaqdan bir neçə müşahidəçi ilə danışdıq və onlar bu şəhərin bugünkü vəziyyətini Naqasaki, Hiroşima, Vukovar, Sarayevo, Drezden kimi şəhərlər ilə müqayisə edirlər. Hətta deyirdilər ki, müəyyən mənada burada böyük dağıntılar görüblər. Burada keçmiş diplomatlar da var, Azərbaycanla, Cənubi Qafqazla maraqlanan mütəxəssislər var. Ona görə də onların gedib bu həqiqətləri çatdırmasında böyük əhəmiyyət var”, - deyə E.Əmirbəyov bildirib.




0.78192496299744