Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığını və Cümə məscidini ziyarət edib

Türk Şurasının nümayəndə heyəti Ağdamda İmarət qəbiristanlığını və Cümə məscidini ziyarət edib
12:21 11-04-2021 | icon 14065

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin işğaldan azad olunmuş Ağdam şəhərinə səfəri zamanı Qarabağ xanlarının türbələrinin də yerləşdiyi İmarət qəbiristanlığını ziyarət ediblər.

“Report”un xəbərinə görə, səfər iştirakçılarına məlumat verilib ki, qəbiristanlıqda Qarabağ xanlığının əsasını qoymuş Pənahəli xanın, həmçinin İbrahimxəlil xanın və onun oğlu Mehdiqulu xanın qəbirüstü türbələri, Mehdiqulu xanın qızı, şairə Xurşidbanu Natəvanın məzarları olub.

Qarabağ xanlarının nəslindən olmuş digər görkəmli şəxslər də bu qəbiristanlıqda dəfn edilib. 1993-cü ildə Ağdam şəhəri işğal olunduqdan sonra qəbiristanlıq erməni vandalizminə məruz qalıb. Erməni vandalları İbrahimxəlil xanın türbəsini, Natəvanın qəbirüstü abidəsini də dağıdıblar.

Rəsmiləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev müşayiət edir.

Sonra Azərbaycanın işğaldan azad olunmuş Ağdam şəhərində səfərdə olan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirləri, yüksək vəzifəli rəsmiləri Cümə məscidini ziyarət ediblər.

Səfər iştirakçılarına məscidin tarixi və ermənilərin törətdiyi barbarlıq barədə məlumat verilib. Bildirilib ki, Ağdam Cümə məscidi 1868-1870-ci illərdə memar Kərbəlayi Səfixan Qarabaği tərəfindən tikilib.

Bu məscid “Qarabağ məscid memarlığı” məktəbinə aiddir. Ermənilər tərəfindən dağıntılara məruz qalan Ağdam məscidinin minarələri daxildən sökülüb, tavanı bir neçə yerdən uçurulub, dizayn və yazıları bilərəkdən yararsız, tanınmaz vəziyyətə salınıb.

Diqqətə çatdırılıb ki, Ağdamda törədilən dağıntılar erməni vandalizminin və barbarlığının bariz nümunələridir. Ermənilər işğal etdikləri digər rayonlarda olduğu kimi, Ağdamda da ölkəmizin tarixi-mədəni irsinə qarşı misli görünməmiş vandalizm aktları həyata keçiriblər. Rayondakı bütün abidələr, mədəniyyət ocaqları, məscidlər, qəbiristanlıqlar dağıdılıb, təhqir olunub, bəziləri isə erməniləşdirilib.

Türkiyə Prezident Administrasiyasının İçtimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fahrettin Altun Ağdam Cümə məscidinə səfəri zamanı deyib ki, Ağdamda gördüklərimiz bənzəri olmayan bir barbarlıqdır:

"Bu torpaqlara gələrkən Qarabağ zəfərinin necə böyük bir zəfər olduğunu bir daha açıq şəkildə anlamış olduq. Bunu ürəkdən hiss etdik. Bu müharibə müddətində şəhid olan bütün qardaşlarımıza Allahdan rəhmət diləyirik, qazilərimzə hüzurlu ömür diləyirik. Bu zəfər üçün onlara minnətdarıq."

O bildirib ki, bu qələbə, Azərbaycan üçün, bölgə üçün və Türkiyə üçün böyük bir zəfərdir: “Çox qərarlı bir şəkildə 30 illik işğal sona çatdırıldı. Cənab Prezident İlham Əliyevin qərarlı mövqeyi ilə bu işğal aradan qaldırıldı və bölgə azad edilmiş oldu.

Cənab Prezidentimiz Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Türkiyə bu haqlı mücadiləyə dəstək verdi. Bu gün bunun qürurunu yenidən burada yaşadıq. Digər tərəfdən də, əslində, buradakı zülmü, əziyyəti və barbarlığı gördük. Bu, bənzəri olmayan bir barbarlıqdır. Bunlara rəğmən, dünyanın, beynəlxalq təşkilatların necə ikiüzlü bir mövqe sərgilədiyini də gördük.

Baxın, dünyanın mədəniyyət abidələrini qorumaq məsuliyyəti daşıyan ölkələrdən heç bir səs çıxmayıb. Ona görə də buradakı mədəniyyət abidələri məhv edilib. Bu abidələr, əslində, türklüyün və İslamın izlərini tamamən itirmək üçün ortadan qaldırılıb. Amma bunu bacarmadılar və bacara bilməyəcəklər. Çünki bu torpaqlar türklərin torpaqları, İslamın torpaqlarıdır”.

 

1618129269.9875 




1.4751949310303