Polis mayoru Elşad Hacıyev: “Restoranların açılması o demək deyil ki, toy edəsiniz” - VİDEO

Polis mayoru Elşad Hacıyev: “Restoranların açılması o demək deyil ki, toy edəsiniz” - VİDEO
10:21 10-04-2021 | icon 130

“Restoranların fəaliyyətinə icazə verilməsi o demək deyil ki, toy mərasimləri keçirilə bilər. Bu mərasimlər həm hüquqi, həm də tibbi nöqteyi nəzərdən təhlükə mənbəyidir”. 

Bunu “ARB 24”ün “İşgüzar səhər” verilişinə açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib. 

O bildirib ki, kütləvi mərasimlərdə risk təhlükəsi yüksəkdir: “Heç bir halda toy mərasimi təşkil etmək olmaz. Toyların keçirilməsinə cəhdlərlə bağlı faktların özü də göstərir ki, bu mərasimlərdə aktiv koronavirus xəstələri aşkarlanır. Dövlət vətəndaşların şad gününün keçirilməməsində maraqlı deyil. Burada dövlətin ali məqsədi vətəndaşın sağlamlığını qorumaqdır və hər bir vətəndaş da bu prosesə öz töhfəsini verməlidir.

İctimai yerlərdə aşkarlanan koronaviruslu xəstələrin səsləndirdiyi iddialar öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin kütləvi informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, virusa yoluxan şəxslərin dərman, ərzaq və s. kimi zəruri ehtiyaclarının ödənilməsi ilə bağlı sosial xidmətlər mövcuddur:

“Koronavirusa yoluxmuş, xüsusilə tənha yaşayan şəxslərin gündəlik zəruri ehtiyaclarının təmin edilməsi ilə bağlı müvafiq sosial xidmətlər var. Koronaviruslu xəstələr sahə həkimləri ilə əlaqə saxlaya bilməsələr, ərazidə xidmət aparan polis əməkdaşına müraciət edə bilərlər. Polis də aidiyyəti üzrə həmin ünvana sahə həkiminin göndərilməsini təmin edər. Bu işlər o qədər əhatəli şəkildə qurulub ki, kiminsə əsassız bəhanə gətirərək ictimai yerə çıxmasına səbəb yoxdur. Bununla bağlı səsləndirilən bəhanələr öz əməllərinə bəraət qazandırmaqdan başqa bir şey deyil”.




0.29691410064697